Muəllif:

Neft hasilatı azalır, qaz hasilatı isə artır

Ötən cümə Vaşinqtonda keçirilən konfransda qlobal enerji tərəfdaşı, böyük neft və qaz istehsalçısı və tranzit ölkə kimi Azərbaycanın imkanları təqdim edilib, xəbəri Turan-ın müxbiri verib. Zaldan səslənən gözlənilməyən sual təşkilatçıları çətin vəziyyətə salıb: “Azərbaycan nə vaxt neft deyil, böyük qaz ixracatçısına çevriləcək?”.
“Neft hasilatı azalır, bu, sirr deyil”, deyən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Gülmira Rzayeva əlavə edib ki, təbii qaz hasilatı artacaq.
SOCAR-ın ABŞ-dakı nümayəndəsi Rauf Məmmədov öz növbəsində bildirib ki, neftdən qaza keçid təmayülü var. “Amma bilmirik ölkə nə vaxt böyük qaz istehsalçılarından birinə çevriləcək”.
OPEK-in sentyabr ayı üçün hesabatında 2014-cü ilə Azərbaycanda neft hasilatının 20000 barel artacağı və gündəlik 0,9 mln. barelə çatacağı haqqında proqnoz yer alıb.
“OPEK bildirib ki, Azərbaycanda neft hasilatı 2014-cü ildə ən yüksək səviyyəyə çataraq, dördüncü rübdə gündə 0,93 milyon barelə çatacaq”, deyə ötən həftə Azərbaycanın hökumətyönlü KİV-ləri məlumat yayıb.
Cümə günü Dövlət Statistika Komitəsi yerli KİV-lərdə elan edib ki, neft və kondensat hasilatı son 10 il ərzində 2,8 dəfə artıb.
İndi isə neft hasilatının azalması müşahidə edilir. Vaşinqtondakı tədbir “Azərbaycan və Avropaya Cənub Qaz Dəhlizi: Amerika və Avropanın enerji təhlükəsizliyi üçün nəticələri” adlanırdı. Tədbir Azərbaycan hökuməti ilə səmimi münasibətləri olan Jamestown Foundation tərəfindən təşkil edilmişdi.
Xəzər energetikası sahəsində ekspertlər, Dövlət Departamentinin nümayəndələri, habelə ABŞ-ın Bakıdakı keçmiş səfiri Metyu Brayza, BP-nin beynəlxalq işlər üzrə baş direktoru Qreq Sanders və digər məşhur şəxslər Azərbaycanın və onun resurslarının bu məsələdə əhəmiyyəti haqqında danışıblar.
Şahdəniz yatağında tam həcmdə qaz hasilatının 2017-ci ildə başlayacağı, Avropa bazarlarının isə Transadriatik qaz kəməri vasitəsilə 2019-cu ildə qaz almağa başlayacağı gözlənilir.
Azərbaycan sentyabrın 19-da daha bir mühüm tədbir keçirməyə hazırlaşır, bu zaman İtaliyanın Azərbaycan qazı alması haqqında sazişlər imzalanacaq. Lakin bu ölkə Azərbaycan qazı üçün sonuncu təyinat məntəqəsi deyil, deyə Bakı nümayəndələri qeyd ediblər.
Tədbirdə həmçinin Nabucco layihəsini kifayət qədər aydın şəkildə dəstəkləməyən ABŞ və Aİ-nin ünvanına tənqid səslənib.
Bakı belə bir münasibət gözləmirdi, deyə Rzayeva bildirib.
“ABŞ Rusiya və İranın Transanadolu qaz kəmərini təhlükə altına qoymasına imkan verməməlidir”, deyə analitik Entoni Livanos bildirib.
ABŞ-ın Bakıdakı keçmiş səfiri Metyu Brayza Cənub Enerji Dəhlizini “Azərbaycanın müstəqilliyi üçün oksigen” adlandırıb.
O, ABŞ-ın tərəfdaşları ilə Nabucco layihəsinin taleyi haqqında danışıqlarının bəzi detallarını açıqlayıb.
“Biz Bolqarıstanın əvvəlki hökumətindən Nabucconu açıq-aşkar dəstəkləməyi xahiş etmişdik, lakin onlar bizi dinləmədilər, qonşu Rumıniya da həmçinin, bu da Nabucco-nun şansını zəiflətdi”, deyə o bildirib.
“Cənub dəhlizi Aİ-nin enerji təhlükəsizliyi və ABŞ-ın milli təhlükəsizliyi üçün həddindən artıq əhəmiyyətlidir. Lakin o, Aİ-nin qaza olan bütün tələbatını ödəməyəcək və deməli, prosesi davam etdirmək lazımdır”, deyə Brayza qeyd edib.
Eyni zamanda, o əlavə edib ki, Vaşinqton Azərbaycan qazının Yunanıstan, Albaniya və Türkiyə vasitəsilə Avropaya nəqli haqqında sazişi tamamilə dəstəkləyir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 216