“Nədənsə bizim camaat geyimdə batiki o qədər də qəbul etmir”
Rəssam Tatyana Ağababayeva ilə iş şəraitində, mənzil-emalatxanasında söhbətləşdik. Peşəkar rəssam ailəsində doğulan Tatyana xanımın hər iki övladı — Alekseylə Nikolay Zaytsevlər də batik sənətinin daşıyıcılarıdır. Həmsöhbətim deyir ki, onların sadəcə olaraq, başqa seçimləri yox idi — mənim valideynlərimin peşəkar rəssam olmaları öz yerində, ataları da indi Sankt-Peterburqun tanınmış rəssamlarından biridir. 20-dən çox ölkədə şəxsi kolleksiyaları saxlanılan, gözəl tabloların müəllifi olan Tatyana xanım bu peşənin onlara genlə gəldiyini düşünür:
— Görünür, tendensiya lap əvvəldən var imiş. Çünki valideynlərimin ikisi də rəssamdırlar. Amma əvvəl jurnalistika ilə maraqlanırdım. Son anda isə rəssamlıq üstün gəldi — 10-cu sinfi bitirməyimə baxmayaraq, Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil oldum. İlk vaxtlar məni monumental və dəzgah boyakarlığı cəlb edirdi. Əzimzadəni bitirəndən sonra Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutuna daxil olmaq istəyəndə bəzi problemlər yarandı. Əzimzadədəki müəllimim Əli Verdiyev mənə parça ilə işləməyi məsləhət gördü. Onun özünün də yaradıcılığında həm parça üzərində olan işlər var idi, həm də boyakarlıq əsərləri. Mən onun məsləhətinə qulaq asdım, Muxina adına məktəbə qəbul olundum. İlk işim isə qobelen oldu. Sonra batik diqqətimi çəkdi. Onadək belə işlər görməmişdim. İlk dəfə Muxinadakı müəllimlərim Qalina Petrovskayanın, Yelena Bunsisin işləri arasında batiki kəşf etdim, çox xoşuma gəldi.
— Bizim mədəni məkanda bu texnika nə vaxtdan yayılıb?
— Batikin klassik vətəni İndoneziyadır. Hindistanda, Peruda da bu texnikadan geniş istifadə olunur. Bizim kəlağayı da beynəlxalq səviyyədə bu texnikanın bir təzahürü kimi etiraf edilib. Keçmiş SSRİ məkanında batiklə 90-cı illərin sonundan, hətta deyərdim 2000-ci illərdən maraqlanmağa başlayıblar. Özü də bu marağı əcnəbilər yaratdılar. Xarici vətəndaşlar ölkəmizə intensiv gəlib-getdikcə bizdəki batik sənətinin inkişafını gördülər və heyran qaldılar. Beləliklə, yerli sakinlər də batiki özləri üçün kəşf etdilər.
Sonra bu sahədə səlahiyyəti olan şəxslərin dayağı sayəsində sərgilər keçirilməyə başladı. İlk batik sərgisi Fəvvarələr meydanında mərhum Müslüm Eldarovun köməyi sayəsində baş tutmuşdu. Ümumiyyətlə, o, həmkarlarına çox kömək edirdi. Qalereyalar, məsələn, Rafael Gülməmmədovun rəhbərlik etdiyi “Yeni gallery”, bir də, əlbəttəi, Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar İttifaqı həmişə bizə arxa olublar. Fərdi sərgi təşkil etməyi mənə Fərhad Xəlilovun özü təklif etmişdi. Ötən il isə Batik həftəsi təşkil olundu. Əvvəl bu həftəni beynəlxalq səviyyədə təşkil etmək niyyətində idik, sonra düşündük ki, əvvəl özümüz bir araya gələk. Ümid edirəm ki, Bakıda Beynəlxalq Batik həftəsi də tezliklə baş tutar. Bu, batik sənətinin Azərbaycan qolunun tanınma arealının genişlənməsinə kömək edər. Yoxsa, məsələn, bizim rəssamlar Tiflisdə keçirilən «Art-Qafqaz» festivalında iştirak edəndə oradakılar təəccüblə soruşurdular ki, məgər Azərbaycanda da batik ustaları var?
— Batik ilə Türkiyədə çox inkişaf etmiş əbru sənəti arasında paralellər aparmaq olar?
— Bəli, xüsusilə düyünlü və ştamplı batik texnikasını bir yerdə tətbiq edəndə. Biz Malayziyada mütəmadi olaraq keçirilən batik ustaları qurultayında iştirak edəndə böyük oğlum Aleksey də öz məruzəsində bu məqama toxunmuşdu.
— Bir qədər artıq zəhmət, hövsələ tələb etməkdən əlavə, batik ilə məşğul olmaq adi boyakarlıqdan nə ilə fərqlənir?
— Elədir, batik ilə məşğul olmaq üst-başını, işlədiyin yeri bulaşdırmaq deməkdir. Mən hələ isti batikin tətbiqi zamanı yaranan çətinliyi demirəm. Yaxşı ki, indi təzə boyalar istehsal olunmağa başlayıb, onlarla işləmək çox rahatdır — sadəcə, ütü ilə bərkidirsən, daha buğlamaya ehtiyac qalmır. Mən özüm duru boyalarla işləməyi xoşlayıram. Bir ara isti batiklə soyuq batiki bir yerdə tətbiq edirdim. İstənilən halda, bu işdə hövsələ birinci şərtdir. Məsələn, Malayziyada yalnız isti batik tətbiq olunur. Hətta bu ölkədə qızlarda ailə həyatının tələb etdiyi səbr, təmkin, hövsələ kimi keyfiyyətləri inkişaf etdirmək üçün onları batik ilə məşğul olmağa həvəsləndirirlər. Ümumiyyətlə, Malayziyada bu sahə çox inkişaf edib, dəb sənayesində də batikdən geniş istifadə olunur, amma hərdən sadəcə ipək parça üzərində naxışlara da rast gəlmək olur.
Batikin boyakarlıqdan fərqi odur ki, akvarellə, ya da yağlı boya ilə işləyən adi rəssam molbertdəki təsviri yarımçıq qoyub başqa vaxt davam etdirə bilməz, çünki işıq, kölgə amilləri var. Amma batik ilə belə deyil, situasiyadan asılı olaraq yarımçıq qoyub sonra davam etdirə bilərik. Doğrudur, təmizliyi, səliqə-səhmanı qoruyub-saxlamaq bir qədər çətin olur, amma əvəzində gözəl təbii parça üzərində zövqoxşayan təsvir alınanda bütün bunlar unudulur.
— Bəs bizdə batikin dəb sənayesinə geniş sirayət etmək ehtimalı nə dərəcədədir?
— Deyərdim ki, yalnız müəyyən dərəcədə. Doğrudur, Fəxriyyə Xələfova kimi zövqlü modelyerlərimiz modellərini hazırlayanda batikə də yer ayırırlar. Ümumiyyətlə isə nədənsə bizim camaat geyim mədəniyyətində batiki o qədər də qəbul etmir. Bayaq dediyim kimi, vaxtaşırı əcnəbilərin marağını görüb bu cür şərflər, ya da libaslar alırlar. Bizimkilər batikdən daha çox panno şəklində zövq almağa üstünlük verirlər. Hətta mənim bir rəfiqəm belə bir şərf hazırlamağı xahiş etmişdi, amma son nəticədə həmin şərfi panno kimi evinin divarından asdı. Bir sözlə, boyakarlıqdan fərqli olaraq, gəlirli sahə deyil. Ona görə oğullarıma məsləhət gördüm ki, ikinci, daha sabit gəliri olan ixtisas da seçsinlər. İndi hər ikisi memarlıqda oxuyur.
— Övladlarınızdan başqa, ümumilikdə gənc nəslin bu sənətə marağını görürsünüzmü?
— Bəli, maraqlananlar az deyil. Rus Mədəniyyət Mərkəzi nəzdindəki studiyada tələbələrim var. Görürəm ki, bu sənətlə maraqlanan uşaqların sayı artmağa doğru gedir. Ustad dərsləri də keçiririk. Orada Dilarə Atakişiyevanın təklifi ilə uşaqlara batik ilə kukla sənətini bir yerdə öyrədirik. Batiki libaslarda tətbiq etməyi də sınaqdan keçirirlər. Nübar Şahbazova, Nigar Fyodorova kimi bacarıqlı tələbələrim var. «Batik həftəsi» kataloqunda 14 tələbəmin də işlərinə yer ayrılıb. Bu mənim üçün böyük fəxrdir.