Muəllif:

Neçə gündür…

Neçə gündür əlimə qələm alıb bir sətir belə yaza bilmirəm…
Neçə gündür illərdən bəri abunəçisi olduğum və hər səhər iş masamın üstündə görməyə alışdığım «Azadlıq» qəzetini almıram…
Neçə gündür «Yeni Müsavat» qəzeti abunə kampaniyası keçirir ki, satışına vurulan zərəri heç olmasa bir qədər yüngülləşdirsin…
Neçə gündür ki, bu baş verənlərin bir məntiqi səbəbini anlamağa çalışıram…
Neçə gündür ki, işə gələndə yolumun üstündə olan bir binanın yerlə-yeksan edilməsinin şahidi oluram…
Neçə gündür ki, evə qayıdanda gecənin qaranlığında əllərində qara bayraq, qaradinməz, qaralibaslı gəncləri bir qara kabus kimi məscidlərə doğru gedən görürəm…
Neçə gündür ki, qatmaqarışıq fikirlər yuxuma haram qatıb…
Deyilənlərə görə, yolumun üstündəki sökülən bina, 18 ildən sonra neçə gündür ki, işdən çıxarılan müdafiə nazirinin mülküymüş. Dəqiq deyil, şayiədir… və müxbirlərimdən biri bunu neçə gündür ki, araşdırır. Bir şey alınmır…
Həmin bina neçə ay idi ki, şəhərin düz göbəyində tikilirdi və neçə ay idi ki, onun qeyri-qanuni tikildiyinin heç kim fərqində deyildi, çünki yiyəsi hələ vəzifədə idi…
Amma tikili ümumi arxitekturaya bir elə xələl yetirmirdi, özü də, demək olar ki, yekunlaşmışdı. İndi neçə gündür düşünürəm ki, binanı sökmək əvəzinə onu «qeyri-qanuni» sahibindən alıb şəhər təsərrüfatının balansına keçirsəydilər, bəlkə daha yaxşı olardı? Onsuz da heç kim heç nəyi özüylə o dünyaya aparası deyil…
Neçə gündür düşünürəm ki, bəlkə elə buna görədir ki, vəzifəyə keçən adam oturduğu kürsüdən ölənəcən əl çəkmək istəmir…
Neçə gündür Cənubi Koreyada rəsmi səfərdə olan Rusiya prezidenti Vladimir Putinsə cudoçu olmasına baxmayaraq, txekvando üzrə ən yüksək 9-cu dan qara kəmərə layiq görülüb. Deyilənlərə görə, məşhur əlbəyaxa döyüş ustası, ustad Brüs Li ilə də döyüşmüş Hollivud ulduzu Çak Norrissə cəmi-cümlətanı 8-ci dan qara kəmər sahibidir. Bu hələ harasıdır, BMT baş katibi Pan Gi Mun və ABŞ prezidenti Barak Obamanın da belə qara kəmərləri varmış…
İndi bütün bunları biləndən sonra necə rahat yatasan?
Bu gün ertədən oyananda isə eşitdim ki, bəs Berlinin düz göbəyindən gətizdirtdiyim, kimliyində doqquz dönəmindən əcdadlarının kimliyi bəlli olan, gurultulu Volkenştayn soyadlı, deyilənlərə görə, Almaniya cəmiyyətindəki bütün qayda-qanunlara tamamilə uyğunlaşdırılmış, yəni özünü adam arasında aparmağı bacaran, alman qurdum bir məhəllə pişiyini boğub öldürüb. Xeyli pərişan oldum və iti yanıma çağırdım. Gəlib qarşımda oturdu və heç nə olmamış kimi sədaqətdolu baxışlarını mənə zillədi. Qızılıya çalan qonur gözlərindən oxudum ki, mənimçün hər şeyə gedər. Və sonunda neçə gündür məni narahat edən sualın cavabını, deyəsən, tapdığımı anladım — BU HƏYATDA İSTƏDİKLƏRİN VƏ SƏNİ İSTƏYƏNLƏRİN NAMİNƏ MÖHKƏM OLMAQ LAZIMDIR!
P.S. Yazımın son nöqtəsini qoyurdum ki, uşaqlar metroda bizim qəzetin də satışına qadağa qoyulduğunu dedilər. Neçə gündür ki, sanki bu xəbəri gözləyirdim. Tüküm də qımıldanmadı — MÖHKƏM OLMAQ LAZIMDIR!
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1754