Muəllif:

Nə müxalifətin, nə də hakimiyyətin vahid namizədi

Fikir verirsinizmi, Milli Şura ilə bağlı müzakirələrin istiqaməti tədricən necə dəyişdirilir? Artıq Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovla hakimiyyətin vahid namizədi İlham Əliyevin mübarizəsi deyil, müxalifətin ortaq liderinin Müsavat başqanı İsa Qəmbərlə münasibətləri mətbuatın gündəmində önə çıxarılır. Kim bunu təsadüfi hesab edirsə, onun nə siyasi, nə də media texnologiyalardan başı çıxır. İfadənin kəskinliyinə görə üzr istəyirəm, həqiqəti yumşaq şəkildə deyəndə, bizdə sözlər çox zaman hədəfinə çatmır.
Daha bir məsələyə fikir verməyinizi xahiş edirəm: mən «müzakirələrin istiqaməti dəyişir» yox, «dəyişdirilir» yazdım. Çünki prosesin idarə olunduğuna əminəm. Hansı kütləvi informasiya vasitələrinin, hansı siyasi xadimlərin bu yöndə xüsusi fəallıq nümayiş etdirdiyini də izləyirəm. Öndə gedənlərin arxasında gizlənənlər üçün nəticənin deyil, prosesin özünün maraqlı olduğunun da fərqindəyəm. Prosesin əsas məqsədi İbrahimbəyovu itələyib iyirmi illik tarixi olan və cəmiyyəti bezikdirmiş müxalifətdaxili çəkişmələrin içərisinə salmaq, vahid namizədin imicini zədələməkdir.
Bütün rəylər onun üzərinə gəlir ki, Milli Şurada yaranmış dilemmanın həlli üçün İbrahimbəyovun Bakıya qayıtması və İsa Qəmbərlə müzakirəsi lazımdır. Hərçənd, indi hətta prezidentlərə də dünyanın taleyüklü məsələlərini çözmək üçün bəzən telefon kifayət edir. Amma madam ki, burada məsələ daha incədir, gələr, həll edərsiniz. Bəs bu qiyabi mesajlaşmanın, havadarların mövzunu durmadan körükləməsinin, bəzən qızdırmalı çıxışların məqsədi nədir? Bəlkə kimlərsə işi o yerə çatdırmaq istəyir ki, artıq gözlənilən görüşün də mənası qalmasın? («Bəlkə» sözünü bu cümləyə yalnız sualın təsir gücünü artırmaq üçün əlavə edirəm — müəllif.)
Bir neçə gün öncə prezident aparatının rəsmisi Əli Həsənov dedi ki, İlham Əliyev seçkiqabağı kampaniya aparmayacaq. Mən başqa cür deyərdim: Prezident İlham Əliyev namizədlərlə debatlarda iştirak etməyəcək. Seçkiqabağı kampaniya isə artıq gedir (bəzən açıq, bəzən gizli) və prezident özü də bu kampaniyada iştirak edir. Dövlət rəhbəri iyulun 2-də polislərin qarşısındakı çıxışında ölkənin siyasi palitrasının konturlarını cızarkən müxalifətin ünvanına dedikləri seçkiqabağı kampaniyanın elementləri deyilsə, nədir? Cırtdan partiyaların birinci xanım Mehriban Əliyevanın namizədliyini növbə ilə irəli sürməsi, neçə-neçə böyük partiyanın səsini almış hakimiyyətin guya onların «ağzını bağlaya» bilməməsi seçkiqabağı gediş deyilsə, nədir?
Doğrudan da, belə təsəvvür yaradılır ki, nə müxalifətin, nə də hakimiyyətin vahid namizədlərindən heç biri hələ tam vahidə çevrilməyib. Siyasət şahmatdırsa, onda bu vəziyyətə baxıb nəticə çıxarmalı olursan ki, hələlik rəqiblər komandadaxili məşqlər — yoxlama oyunları keçirirlər. Bir taxtanın arxasında İlham Əliyevlə Mehriban Əliyeva, o biri taxtanın arxasında Rüstəm İbrahimbəyovla İsa Qəmbər.
Yadıma, bilirsiniz, nə düşdü: Eldar Namazov Azərbaycan Şahmat Federasiyasının sədri olub axı…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 127