Muəllif:

Nazpəri Dostəliyevadan düşündürücü reaksiya: biz harada yaşayırıq?

Xalq artisti Nazpəri Dostəliyeva Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlunun toy mərasimində iştirakı ilə bağlı açıqlama yaymağı lazım bilib.
Sənətçinin mətbuat katibliyindən APA-ya daxil olan açıqlamasında Dostəliyeva onun İsa Qəmbərin oğlunun toyunda iştirakının mətbuatda geniş əks-səda doğurmasından təəccüb hissi keçirdiyini vurğulayıb.

“Kütləvi informasiya vasitələrində mənim hansısa toy mərasimində iştirakıma ayrılan «diqqət» doğrusu məndə əməlli-başlı təəccüb yaratdı. Məgər bu məmləkətdə kiminsə kiminsə toyunda iştirakından başqa müzakirə olunacaq məsələ, problem qalmayıb? Çox təəssüf hissi ilə qeyd edirəm ki, həmin kütləvi informasiya vasitələrinin sırasında bəzi sanballı, həqiqətən də öz obyektivliyi ilə seçilənlər də yer alıb.

Bunlarla əlaqədar həm Nazpərisevənlərin, həm də başqalarının nəzərinə çatdırıram ki, mən Azərbaycan xalqının övladıyam, təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, layiqli övladlarından biriyəm.

Mən öz xalqımın övladlarını heç vaxt hansısa mövqeyinə, cəmiyyətdə tutduğu yerə, siyasi mənsubiyyətinə görə fərqləndirməmişəm. Hamısı mənim üçün əzizdir. Axı xalqımızın həm tarixinə, həm mədəniyyətinə, həm də dünyada tutduğu sanballı mövqeyinə baxmayaraq, say etibarı ilə elə də coxsaylı deyilik ki, indi də onları siyasi baxışlarına görə fərqləndirək. Mən heç vaxtı inanmazdım ki, bu bizim reallıqdır. Belələri az da olsa, deməli varmış.

Onları da başa düşürəm. Çünki deyiləsi başqa sözləri, ortaya qoyulası başqa faktları olsaydı, bu cılızlığa yuvarlanmazdılar.

Başqa bir məsələ. Əgər bu cür faktlara belə münasibət sərgilənəcəyini bilsəydilər, heç toy sahibləri də mənim həmin tədbirdə iştirakımı nə arzulayar, nə də buna imkan verərdilər.

Sonda onu qeyd etməyi özümə borc bilirəm ki, indiyə qədər heç bir siyasi partiyanın üzvü olmamışam, həmişə öz işimlə, öz sənətimlə məşğul olmağa üstünlük vermişəm. Hesab edirəm ki, bu, düzgün mövqedir. Dövlətimə, xalqıma, onun rəhbərlərinə, ziyalısına, sadə insanlara həmişə hörmətlə yanaşmışam, onlardan da özümə eyni münasibəti görmüşəm. Sonda hər bir kəsə öz işi ilə məşğul olmağı məsləhət bilirəm”, — deyə bu populyar sənətçi bildirir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 443