Nazpəri Dostəliyeva İlhamə Quliyevanı yalançı çıxardı
Nazpəri Dostəliyeva İlhamə Quliyeva ilə arasında baş verən bəlli olayla bağlı açıqlama yayıb.
Dostəliyevanın APA-ya verdiyi məlumata görə, açıqlamada bildirilib ki, məcburiyyət qarşısında qalaraq, media vasitəsilə İlhamə Quliyevanın açıq məktubunu cavablandırıb. Yeddi bənddən ibarət olan açıqlamada Dostəliyeva baş verənlərə, yaranmış vəziyyətə aydınlıq gətirir:
“1. İlhamə elə müraciətinin birinci cümləsində qeyd edir ki, guya adını belə qeyd etməyi özünə rəva görmədiyi möhtərəm prezidentimiz İlham Əliyevə Azərbaycanın istənilən vətəndaşı yox, ancaq o və onun kimiləri müraciət edə bilər. Qəribə məntiqdir. Həmin vaxt o yaddan çıxarıb ki, hələ hakimiyyətə gəldiyi ilk gündən cənab İlham Əliyevin özünün qeyd etdiyi kimi o, bütün azərbaycanlıların prezidentidir, daha İlhamənin qeyd etdiyi kimi, onun və onun kimilərinin yox.
2. Daha sonra İlhamə qeyd edir ki, guya mən onu hansısa verilişdə parodiya və tərbiyəsizlik edərək təhqir etmişəm. Onun və hörmətli oxucularımızın nəzərinə çatdırıram ki, mən müğənniyəm, parodist yox. Qaldı ki, onun mənim ünvanıma səsləndirdiyi tərbiyəsiz sözünə (oxucularımızdan və Sizdən bu sözü işlətdiyimə görə üzr istəyirəm), həmin sözü kütləvi informasiya vasitələrində işlətməyin özü, zənnimcə, tərbiyəsizlikdir. Şərti olaraq onu şərəfləndirib parodiya etdiyimi qəbul etsək belə, birincisi, parodiya bütün sivil dünyada heç vaxtı təhqir kimi qəbul olunmur. İkincisi, mənim onu parodiya etməyim onun üçün böyük şərəf olmazmı? Üçüncüsü isə, parodiya həmişə konkret hərəkətlərə, davranışa istinadən edilir. Əgər İlhamə kimsə tərəfindən parodiya ediləcəyindən narahatdırsa, niyə öz yaşına, dövlətimizin ona verdiyi titullara uyqun hərəkətlər etmir ki, sonra da parodiya olunmaqdan qorxsun.
3. Guya ki, «Solo» verilişində həm ifamda qüsurlarım olub, həm də onun ünvanına özünün qeyd etdiyi kimi, təhqiramiz ifadələr işlətmişəm. Bu da İlhamənin növbəti, gülməli və ağ yalanıdır. Həmin verilişin video yazısı həm məndə, həm də telestudiyada var. Orada nə mənim ifamda nə isə bir qüsur olub, nə də ümumiyyətlə onun adı çəkilib.
4. İlhamə sonra da qeyd edir ki, guya mən kiməm, hansı bəstəkar mənə mahnı bəstələyib, məni dünyada tanıtdıran da bəstəkar Siyavuş Kərimi olub. Nəzərinə çatdırıram ki, mən də onun kim Azərbaycanın xalq artistiyəm, həmin adı onun kimi mənə də möhtərəm prezidentimiz verib. Əgər İlhamə fikirləşirsə ki, o, Azərbaycanda axırıncı xalq artisti adına layiq görülən olmalıdır, bu onun öz problemidir. O ki qaldı Siyavuş Kərimiyə, mənim bütün professional bəstəkarlar kimi ona da böyük hörmətim var. Ancaq bircə faktı İlhamənin nəzərinə çatdırıram ki, mən 90-cı illərdə Almaniyanın Frankfurt və digər şəhərlərində, habelə Moskva şəhərinin “Ostankino” konsert salonunda solo konsertlər verərkən, Ramiz Mirişlinin, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Tahir Əkbərin, Cabbar Musayevin mahnılarını ifa etmişəm. Daha sonra Rauf Hacıyevin mahnılarını ifa etdiyim vaxtlar Siyavuş Kərimi ilə tanış olmuşam. Artıq o zaman mən həm respublikada, həm də onun sərhədlərindən kənarda sevilən və seçilən sənətkarlardan idim. Qaldı ki, qurban məsələsinə, İlhamə hər şeyi öz arşınıyla ölçür. Hesab edirəm ki, bu məsələdə artıq açıqlamaya ehtiyac yoxdur.
5. İlhamə daha sonra qeyd edir ki, guya mən «Etiraf» verilişində «hopstop» oynamışam. Sözün düzü, mən başa düşə bilmirəm ki, bu yalanların bir həddi yoxdurmu? Axı bütün xalqın gözü qarşısında baş verən hadisələrə necə belə yalanlar qoşmaq olar. İlhamə belə hərəkətləri ilə bütün xalqı aşağılayır, yoxsa….. O ki qaldı mənə növbəti dəfə polis orqanları ilə hədə-qorxu gəlməsinə, mən bu barədə kütləvi informasiya vasitələrinə qədərincə açıqlama vermişəm və hazırda da mənim müraciətlərim əsasında müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır.
6. İlhamə daha sonra mənim oğlumun toyundan bəhs edərək qeyd edir ki, guya mən onu oğlumun toyuna çağırmışam ki, süfrəmizin başında əyləşsin, o da imtina edib. Əvvəla, belə bir hadisə olmayıb. Əgər olsaydı, ya dəvətnaməni nümayiş etdirərdi, ya da telefon zəngini. Mən, ümumiyyətlə, onun telefon nömrəsini də bilmirəm və heç vaxt da bilmək istəməmişəm. Çünki biz tamamilə başqa-başqa adamlarıq. O ki, qaldı guya mənim toy dəvətimi rədd etməsinə, bunun özü də bir mədəniyyət göstəricisidir. Sadəcə, onun və hörmətli oxucularımızın nəzərinə çatdırıram ki, İlhamənin qeyd etdiyi toyun ağsaqqalı böyük sənətkarımız, professor Arif Babayev, ağbirçəyi isə xalq artisti Flora xanım Kərimova olub. Onlardan başqa toyda hörmətli Fidan və Xuraman Qasımovalar, muğam ustadımız Ağaxan Abdullayev, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Mənsum İbrahimov, Aygün Bəylər və başqaları, yəni demək olar ki, bütün sənət adamları iştirak ediblər. Orada İlhaməyə və onun kimilərinə dəvət nə yada düşüb, nə də belə bir arzu olub.
7. Daha sonra İlhamə özünün qeyd etdiyi kimi “Dünya sülh səfiri”, “Cenevrədə BMT-nin idarə heyətinin üzvü”, “Vətən mükafatı laureatı”, “Dünya Azərbaycanlıları Konqresi birliyinin mədəniyyət akademiyasının prezidenti” kimi mövcud olmayan “titullarını” sadalayır. Başa düşülən deyil. Görəsən, mövcud olmayan «dünya sülh səfiri» titulunu ona kim layiq görüb, mövcud olmayan idarə heyətinə onu kim seçib və ya təyin edib, mövcud olmayan laureat adını ona kim və nə vaxt verib? O ki qaldı «Dünya Azərbaycanlıları Konqresi birliyinin mədəniyyət akademiyasının prezidenti» məsələsinə, bu məsələ bir dəfə də, axırıncının təqdimatı ilə məhkəmə baxışı vaxtı araşdırılıb və məlum olub ki, dünyada nə elə bir akademiya var, nə də onun prezidenti. Lap şərti olaraq belə bir akademiyanın mövcudluğunu qəbul edə bilsək də, Azərbaycan Dövlət Universitetinin 2-ci kursundan qüsuruna görə xaric edilən İlhamə hər hansı bir akademiyaya necə prezidentlik edə bilər? Qaldı ki, guya hamının onun əlindən öpdüyünü, mənim isə bundan imtina etməyim məsələsinə (illər boyu onun can atdığı da elə budur), o, nə Roma Papasıdır, nə də Ali Dini Lider. Belə olan halda əgər kimlərsə özünə rəva bilərək onun əlindən öpürsə, bu onların şəxsi işidir”.