Muəllif:

Naxçıvanda həbs edilən sahibkarın həyatına təhlükə var

Naxçıvanda iş adamı Məhəmməd Qurbanov və kürəkəni Nadir Məmmədovun işi üzrə ibtidai istintaq başa çatıb. 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddə ilə yanaşı, onlara qarşı yeni ittihamlar irəli sürülüb. Bunu dünən Müsavat Partiyasının qərargahında Sədərək Gömrük keçid məntəqəsində gömrük əməkdaşları tərəfindən döyülən və sonradan CM 315.2.1-ci (vəzifəli şəxsə təzyiq etmə) maddəsi ilə ittiham edilərək həbs edilən iş adamı Məmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədovun qohumları ilə birgə keçirdiyi mətbuat konfransında ailənin vəkili Xalid Bağırov bildirdi.
X.Bağırovun sözlərinə görə, o, cinayət işi ilə tanış olmağa çalışıb. Amma işdə xeyli çatışmazlıqlar aşkarlayıb. Habelə vəkilə məlum olub ki, Qurban Məmmədova CM 221.2.1 (xuliqanlıq), kürəkəni Nadir Məmmədova isə CM 221.2.1 (xuliqanlıq) və 221.2.3 (Silahlı xuliqanlıq) maddələri ilə əlavə ittihamlar da verilib:
«Ən gülməlisi isə işdə maddi sübut kimi təqdim olunan bıçaqdır. Guya Nadir gömrükdə bir fəhlənin əlini bıçaqla yaralayıb. Mən bıçaqlanma ilə bağlı çox işləri görmüşəm. Adətən bıçaq üzərində qan olmur. Amma bu işdəki bıçağı elə bil qana batırıb çıxarıblar. Axı bir adamın əlinin cızılmasından nə qədər qan axdı ki, bu bıçaq da belə batdı. Həm də işdə bıçaq üzərində Nadir Məmmədovun əl-barmaq izlərinin aşkar olunması ilə bağlı rəy yox idi».
Vəkil Naxçıvanda insan hüquqları sahəsində vəziyyətin ümumiyyətlə cansıxıcı olduğunu, ölkənin demokratik ictimaiyyətinin diqqəti olmadığı üçün yerli hakimiyyətin özbaşınalıq və qanunsuzluq törətdiyini bildirir.
«Naxçıvandan Bakıya bizim Bakıdan Strasburqa baxdığımız kimi baxırlar. İnsanların umidi Bakıyadır». Vəkil konkret olaraq müdafiə etdiyi şəxslər barədə danışmazdan əvvəl ümumiyyətlə Naxçıvan Muxtar Respublikasındakı duruma toxundu:
«Mən Naxçıvana iki dəfə getmişəm. Bir dəfə evləri yanan ailənin işi ilə bağlı, bir dəfə də Məmmədovların həbsilə bağlı. Naxçıvanda insanlar özlərini unudulmuş hesab edirlər. Bu isə sual doğurur — ümumiyyətlə Naxçıvan Azərbaycanın bir hissəsidir, ya yox? Orada yaşayan xalq bizim xalqdır, ya yox? Orada yaşayan insanlara dəstək olmaq lazımdır».
Məmmədovların məsələsində gəldikdə isə vəkil baş verənləri faciə adlandırdı: «Bu, cinayət işi deyil, Qurban Məmmədov və ailəsinin faciəsidir. İnsan müsahibə verib, ondan gömrükdə artıq pul alındığını deyir. Jurnalistlərlə birgə gömrüyə gedir. Onu və yeznəsi Nadir Məmmədovu döyürlər, sonra da həbs edirlər».
Habelə vəkil müdafiə etdiyi şəxslərin haqsızlığa təslim olmadığına görə cəzalandırıldığını dedi: «Onu 2008-ci ildə də analoji hala görə 28 gün Ruhi-əsəb xəstəlikləri xəstəxanasında qanunsuz olaraq saxlayıblar. Daha sonra onu 15 gün həbsdə saxlayıblar. Kürəkəni Nadir Məmmədova isə 2011-ci ildə şəxsən Naxçıvan Muxtar Respublikası daxili işlər naziri Əhməd Əhmədov dırnaqlarını çıxarmaqla işgəncə verib».
Vəkil Məmmədovların həbsdə zorakılığa məruz qaldıqlarını, onlardan təzyiq altında müxtəlif ifadələrin alındığını da deyib. Onun sözlərinə görə, N.Məmmədov yerli jurnalistlər Elman Abbasov və İlqar Nəsibova qarşı ifadə verməyə məcbur edilib. Ondan işgəncə ilə belə bir ifadə alınıb ki, guya jurnalistlər onları gömrük işçilərini döyməyə sövq ediblər.
Qurban Məmmədovun həyat yoldaşı Fəridə Qurbanova bildirib ki, ailə üzvləri davamlı təzyiqlərdən yaxa qurtarmaq üçün Naxçıvandan Bakıya qaçıblar. Bütün instansiyalara şikayət etsələr də, səslərini eşidən yoxdur.
Q.Məmmədovun qızı, N.Məmmədovun həyat yoldaşı Elnurə Məmmədova isə bildirdi ki, həyat yoldaşı və atası Sədərək gömrüyündə 40 nəfərə yaxın şəxs tərəfindən döyülüblər. Daha sonra onlara Sədərək Polis Bölməsində 3 gün işgəncə verilib. «İndi Penitensiar Xidmətin Böyükduz Təcridxanasında saxlanan atam və həyat yoldaşım dözülməz şəraitdə saxlanılırlar. Onlara yemək də verilmir. Daxili İşlər Nazirliyinin Qulu adlı əməkdaşı da istədiyi vaxt gəlib onları orada döyür».
Ailə həm də Sədərək gömrüyündə saxlanılan bir yük və bir minik avtomobillərini də geri ala bilmir. Eyni zamanda gömrükdə 9 min manatlıq malları da saxlanılıb. Mallar da tez xarab olan ərzaq mallarıdır.
AXCP-nin sədr müavini Asəf Quliyev də yerli və beynəlxalq ictimaiyyətin NMR-dəki problemlərə diqqətinin artırılması zərurətini qeyd edib. O, beynəlxalq təşkilatların Naxçıvanda nümayəndəliklərinin açılmasını, məhkumlarının hüquqları ilə bağlı vəziyyətin monitorinqi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edilməsinin zəruriliyini qeyd edib.
«AXCP və İctimai Palata Məmmədovu və Qurbanovu siyasi məhbus kimi qəbul edib. Onların cinayət təqibi İctimai Palatanın regional şöbəsinə daxil olmasından 6 gün sonra başlayıb. Bundan başqa, bu insanlar əvvəllər də öz hüquqlarını fəal şəkildə müdafiə edirdilər», — deyə A.Quliyev qeyd etdi.
Sonda isə vəkil X.Bağırov xəbərdarlıq etdi: «Naxçıvan hakimiyyəti Məmməd Qurbanovdan canını qurtarmaq istəyir. Ona konkret deyiblər ki, səni öldürəcəyik. 62 yaşlı 2-ci qrup əlili olan Qurban Məmmədovun həyatı təhlükədədir. Bununçün ən qısa zamanda onun azadlığına nail olmaq lazımdır».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 202