Naxçıvan diyarının xalça mədəniyyəti təqdim edilib
Naxçıvan Dövlət Xalça Muzeyində “Naxçıvan xalçaları” kitabının, “Azərbaycan xalçaları” jurnalının 8-ci sayı, “Naxçıvan xalçaları” sənədli filminin və Naxçıvan Dövlət Xalça Muzeyinin internet saytının təqdimat mərasimi keçirilib.
«Azər-İlmə» xalçaçılıq şirkətindən APA-ya verilən məlumata görə, Naxçıvan Dövlət Xalça Muzeyində baş tutan mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, “Azər-İlmə” xalçaçılıq şirkətinin direktoru Vidadi Muradov çıxış edərək zəngin koloriti, təkrarsız naxışları və orijinal kompozisiyaları ilə seçilən Naxçıvan xalçaçılığının inkişafı istiqamətində aparılan işlərdən danışıblar.
Tədbirdə qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 noyabr tarixli sərəncamı ilə Naxçıvan MR xalçaçılıq sahəsinin inkişafındakı səmərəli xidmətlərinə görə Vidadi Muradova “Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı verilib. Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi” fəxri adının döş nişanını və vəsiqəsini Vidadi Muradova təqdim edib.
Naxçıvan xalçaçılıq məktəbi, ilk dəfə olaraq, «Azər-İlmə» xalçaçılıq şirkəti tərəfindən kompleks tədqiqatlara cəlb olunub.