Muəllif:

NATO-nun Rusiya, Əfqanıstan və Cənubi Qafqaz siyasəti

Bakı-Brüssel-Bakı
Səkkiz ölkədən (Azərbaycan, Avstriya, Estoniya, Gürcüstan, Almaniya, Niderland, Birləşmiş Krallıq və Polşa) olan jurnalistlər qrupunun NATO-nun Brüssel mənzil qərargahına və Mons şəhərindəki Müttəfiq Qüvvələrin Avropadakı Ali Qərargahına (SHAPE — Supreme Headquarters Allied Powers Europe) səfəri alyansın 2020-ci ilə yönəlik siyasətini, Əfqanıstan prioritetlərini, Rusiya ilə əməkdaşlıq və raket əleyhinə müdafiə sistemi ilə bağlı planları bilmək baxımından çox vacib idi.
Jurnalistlər ABŞ-ın NATO-dakı Nümayəndəliyi tərəfindən dəvət olunmuşdular və bu nümayəndəlikdə, eyni zamanda, digər yerlərdə keçirdiyimiz görüşlərdə maraqlandığımız suallara cavab ala bildik. Söz yox ki, bir çox hallarda diplomatik cavablar istədiyinizi əldə etməyə imkan vermir, amma təmasda olduğumuz insanların əhval-ruhiyyəsindən doğan məlumatlar, qeyri-rəsmi görüşlər zamanı apardığımız fikir mübadiləsi araşdırdığımız məsələlər üzrə kifayət edəcək qədər informasiyalar əldə etməyə imkan yaratdı.
NATO-nun yeni mənzil-qərargahı
NATO-nun hazırkı mənzil qərargahına yaxınlaşan zaman təxminən iki kilometr aralıda nəhəng tikili üzərində qızğın işlərin getdiyini müşahidə etdik. Suallarımıza əldə etdiyimiz cavablarda bəlli oldu ki, təxminən iki ildən sonra NATO yeni mənzil-qərargahına köçməyə hazırlaşır. NATO ekspertləri bildirdilər ki, bu köçmə hazırkı qərargahın fəaliyyəti üçün dar olması ilə bağlıdır. Əlbəttə, bu darısqallıq NATO sıralarının bir sıra dövlətlər hesabına son genişləndirilmələrdən sonra daha da artıb. Yeni mənzilə köçəndən sonra köhnəsi Belçika hökumətinə qaytarılacaq. Xatırladaq ki, NATO-nun hazırkı mənzil-qərargahı əvvəllər hospital kimi fəaliyyət göstərib.
Məntiqi sual yarandı: SHAPE-in binası ilə bağlı vəziyyət necə olacaq? Bu hərbi strukturun yeni əraziyə, yaxud NATO-nun yeni mənzil-qərargahına köçmək planı varmı? Qeyd edək ki, avtomobil Brüssel və Mons şəhərləri arasındakı məsafəni orta sürətlə təxminən bir saata qət edir. Bir sıra ekspertlərin fikrincə, bu məsafənin uzunluğu NATO-nun iki beyninin — siyasi (Brüsseldə mənzil-qərargah) və hərbi (Monsdakı SHAPE) strukturlarının effektiv qarşılıqlı fəaliyyətinə bir sıra maneələr yaradır. Lakin rəyini soruşduğumuz bir sıra NATO ekspertləri bildirdilər ki, SHAPE-in yerləşdiyi ərazi hərbi struktur üçün çox uyğundur və bunun, eyni zamanda, iqtisadi səbəbləri də vardır. Belə ki, Belçikanın bu hissəsində iqtisadi durum aşağıdır, insanların sosial durumu qənaətbəxş səviyyədə deyil. Bu baxımdan SHAPE-in iş yerləri və geniş istehlak imkanları baxımından ərazidə yaşayan sakinlərə kömək göstərir.
Beləliklı, səfərimizin ikinci günü biz SHAPE-in yerləşdiyi əraziyə daxil olduq. Jurnalist həmkarlarımız buranı struktur və quruluş baxımından ABŞ hərbi bazalarına bənzətdilər.
Bu gün SHAPE 40-dan artıq ölkədən hərbçiləri və onların ailə fərdlərini birləşdirən kiçik hərbi şəhərcikdir. Buranın öz məktəbləri, yeməkxana, marketlər, əyləncə və istirahət mərkəzləri var. Məktəblər əsasən iki hissəyə — Belçika və Amerika təhsil yönümlü məktəblərə ayrılır. 2015-ci ilin sonuna qədər yeni məktəb binasının istifadəyə veriləcəyi gözlənilir ki, bu da öz imkanlarına görə, Avropada modern tədris müəssisələrindən biri olacaq.
NATO 2020: İmkanlar və problemlər
NATO ekspertləri tərəfindən səslənən əsas fikir ondan ibarətdir ki, alyansın dünyada təhlükəsizliyi təmin etmə sahəsində rolu çox böyükdür və bu rol artmaqda davam edəcək. Müxtəlif tənqidlər, fikir ayrılıqları da mövcuddur. Amma əsas yanaşma ondan ibarətdir ki, əgər NATO yaradılmasaydı, ona bənzər hansısa təşkilat mütləq yaradılacaqdı.
Bu gün NATO dünyada 6 müxtəlif əməliyyatla cəlb edilib və onlardan ən əsasları Əfqanıstan və Kosovoda sülhü dəstəkləmə əməliyyatlarıdır. Xatırladaq ki, NATO 1999-cu ilin iyunundan Kosovoda sülhü dəstəkləmə əməliyyatlarına cəlb olunub. Bu gün NATO-nun rəhbərlik etdiyi və 31 ölkə tərəfindən təmin olunan 5 minlik qüvvə bu ölkədəki bütün vətəndaşların təhlükəsizliyi üçün təhlükəsiz mühitin yaradılması istiqamətində töhvə verməkdə davam edir.
NATO-nun əsas qayğılarından biri Əfqanıstanda təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Xüsusilə də 2014-cü ildən sonrakı dövrdə atılacaq addımlar əsas müzakirə mövzusudur. NATO rəsmilərinin açıqlamalarına görə, alyans 2014-cü ildə Londonda keçiriləcək sammitdə Əfqanıstanla bağlı razılaşmanın əldə olunmasına çalışır. Həyata keçirilməsi zəruri olan ilkin hədəflər bəllidir: təlimlərin gücləndirilməsi və təhlükəsizlik tədbirlərinin digər hökumət strukturlarına keçirilməsi.
Alyansı narahat edən məsələlərdən biri kiber hücumlarla bağlıdır. Rəsmi məlumatlara görə, hər gün NATO kiber müdafiə komandası tərəfindən 70-ə yaxın kiber hücum qeydə alınır və bu gün onların qarşısının alınması istiqamətində ciddi tədbirlər həyata keçirilir.
Beləliklə, qarşıdakı aylarda NATO London sammiti üçün bir sıra hazırlıqlar aparır. Adıçəkilən sammitdə müzakirə ediləcək məsələlər bunlar olacaq: 1) 2014-cü ildən sonrakı Əfqanıstan missiyası barədə razılaşma; 2) Tərəfdaş ölkələrlə münasibətlərin daha da yaxşılaşdırılması; 3) Alyansın bütün dünyada təhllükəsizliyi təmin etmək hədəfini güdən alətlərinin, proqram və mexanizmlərinin inkişaf etdirilməsi. Buraya Birgə Kəşfiyyat Müşahidə (Joint Intelligence Surveillance), Ağıllı Müdafiə (Smart Defense), Əlaqəli Qüvvələr Təşəbbüsü (Connected Forces Initiative) və digər proqramlar daxildir.
Dünyada təhlükəsizlik qaydalarının, tədbirlərinin dəyişilməsinə, müasirləşdirilməsinə baxmayaraq alyansa üzv olmanın şərtləri dəyişilməz olaraq qalır. Belə ki hər hansı ölkə alyans üzvü olmaq istəsə, onda bunlara malik olmalıdır: 1) demokratik ölkə; 2) uyğun təchizat; 3) NATO ilə əməkdaşlıq.
Steadfast JAZZ təlimləri
NATO ekspertləri ilə görüşlərimizdə müzakirə etdiyimiz əsas məsələlərdən biri də alyansın bu yaxınlarda keçirdiyi «Steadfast Jazz» təlimləri oldu. Verilən məlumatlara görə, bu təlimlər alyansın 2006-cı ildən bu yana keçirdiyi ən böyük təlimlərdir. Noyabrın 8-də başa çatan iki həftəlik təlimlər Avropa boyunca gərgin çox millətli birgə hərbi məşğələləri özünə daxil etdi. Rəsmi məlumatlara görə, təlimlərdə NATO-ya üzv 28 ölkədən və üç tərəfdaş ölkədən (İsveç, Finlandiya və Ukrayna) təxminən 6 000 hərbi qulluqçu iştirak edib və onlar kompleks çox millətli quruluş əsasında təlim keçiblər.
Steadfast Jazz NATO Cavab Qüvvələrinin (NATO Response Force) elementlərinin yoxlanılması və müəyyən olunması üçün düzənlənib. Bu qüvvələr 13 min nəfərdən ibarət olmaqla Alyansın çevik reaksiya qüvvələridir və müxtəlif confiqurasiyalarda, müxtəlif yerlərdə geniş missiya yerinə yetirmək üçün nəzərdə tutulub.
Steadfast Jazz NATO-nun qarşılaşa biləcəyi bütün mümkün təhlükələrin qarşısının alınması baxımından ssenariləşdirilmiş təlim hesab olunur. Bu ssenariyə geniş missiyalar — humanitar missiyalar, kiber müdafiə, raket əleyhinə müdafiə və kollektiv müdafiə əməliyyatları kimi missiyalar daxil edilmişdi. Ekspertlərin sözlərinə görə, birgə çoxmillətli təlimlər Alyansın gələcəkdə qarşılaşacağı təhdidləri dəf edəcəyinə dair əminliyin formalaşmasına səbəb olur.
Bu kimi təlimlərdə NATO qoşunlarının dəniz, quru və havada öz imkanlarını göstərməsi, bunlara qiymət verilməsi imkanları yaranır. Bütün əməliyyat baş qərargahdan idarə olunur. Dəniz qüvvələri Baltik dənizində üzürdü, hava qüvvələri mərkəzi Avropadan səmaya qalxdı, quru qoşunları isə Polşanın qərbində canlı təlimlər nümayiş etdirdi.
NATO ekspertləri bildirdilər ki, bu təlimlərə çoxlu sayda helikopterlərin cəlb edilməsi nəzərdə tutulurdu, amma hava şəraitindən asılı olaraq alyans helikopterlərin sayını azaltmaq məcburiyyətində qalıb.
Maraqlısı budur ki, təlimlərdə müşahidəçi statusunda Rusiyadan 5 müşahidəçi iştirak edirdi və NATO ekspertlərinin sözlərinə görə, ilk dəfə idi ki, Rusiyalı müşahidəçilər belə təlimlərə qatılırdılar. Eyni zamanda, Çindən olan müşahidəçilər də diqqət mərkəzində idi.
NATO rəsmilərinə görə, alyansın hərbi komandanları Steadfast Jazz təlimində əldə etdikləri təcrübə və bilikləri öz imkanlarının daha da təkmilləşdirilməsinə yönəldəcək. Alyans gələn il ərzində NATO Çevik Qüvvələrinin (NRF) və baş qərargahların fəaliyyətinin yoxlanılması istiqamətində müxtəlif təlimlər keçirəcək. Bütün bunlar növbəti — 2015-ci ildə keçiriləcək canlı təlimlərə hazırlıq prosesi olacaq.
Media mənsublarını Steadfast Jazz təlimlərinin işıqlandırılmasında mətbuatın rolu maraqlandırırdı. NATO rəsmilərinin məlumatlarına görə, medianın marağı yüksək olub və dünya üzrə 580-dən artıq məqalə bu təlimlərə həsr olunub. Bu böyük göstərici hesab olunur və məqalələrin əksəriyyətində təlimlər müsbət tərəfdən təsvir olunub.
Bəs sosial şəbəkələrin rolu necə? NATO ekspertləri sosial şəbəkələri informasiya siyasətinin ayrılmaz qolu hesab edirlər. Təlimlərdən lentə alınmış xeyli video Youtube-ye yüklənib və məlumatlar Facebook səhifəsində paylaşılıb. Bu baxımdan SHAPE-in rəsmi Facebook səhifəsi zənginliyi ilə diqqət çəkir. Beləliklə, NATO bu təlimləri təkcə hərbi baxımdan deyil, eyni zamanda, ictimai baxımdan gerçəkləşdirib, yəni ki alyans cəmiyyətə müasir informasiya alətləri vasitəsilə daha çox məlumat verməyə çalışıb.
NATO — Cənubi Qafqaz regionu və Rusiya
Azərbaycandan və Gürcüstandan olan jurnalistlər NATO-nun Cənubi Qafqaz və xüsusilə də dondurulmuş münaqişələrə yönəlik siyasətinin nədən ibarət olması barədə sual verdilər. NATO ekspertlərinin sözlərinə görə, Cənubi Qafqazdakı münaqişələr alyansın başlıca qayğılarından biridir. NATO bu münaqişələrin nizamlanması məqsədilə həyata keçirilən mexanizmlərə dəstək verir. NATO ATƏT, Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətindəki səylərini dəstəkləyir. Eyni zamanda, NATO Gürcüstanın ərazi bütövlüyünə dəstək verir və Rusiyanı qoşunları Cənubi Osetiya və Abxaziyadan çıxartmağa çağırır.
Eyni zamanda, espertlər qeyd etdilər ki, NATO çox faydalı alətdir, amma hər bir vəziyyətə uyğun alət deyil.
Bəs NATO-nun Cənubi Qafqaz ölkələrində demokratiyanın vəziyyəti barədə mövqeyi necədir? Azərbaycan jurnalistinin sualı sadə idi: Azərbaycan Əfqanıstandakı İSAF missiyasını dəstəkləyir və Əfqanıstan Milli Ordusunun quruculuğuna vəsaitlər xərcləyir. Amma Azərbaycanda bəzi ekspertlər deyirlər ki, bu əməkdaşlıq Azərbaycana hər hansı demokratiya, islahatlar gətirmir. Bəzi ekspertlərin fikirləri konkretdir: Azərbaycan Əfqanıstana pul ayırandan sonra NATO Azərbaycandakı demokratiya və daxili islahatlara gözlərini yumdu. Bu düzdürmü?
Cavab da sadə oldu, amma maraqlı idi. NATO ekspertləri bildirdilər ki, Əfqanıstanda təhlükəsizlik məsələləri ilə əlaqədar alyans müxtəlif ölkələrlə, o cümlədən, qeyri-demokratik ölkələrlə əməkdaşlıq etməyə məcburdur. Amma bu o demək deyil ki, NATO bu ölkələrdə olan demokratiya problemlərinə onların alyansa yardım etməsi səbəbindən göz yumur. NATO-nun ölkələrlə necə əməkdaşlıq qurması barədə özünün konsepsiyası var və orada bir sıra ölkələrə münasibətdə məhdudiyyətlər də nəzərdə tutulub. NATO demokratik ölkələrin alyansıdır və bu təşkilat NATO ilə əməkdaşlıqda olan müxtəlif ölkələrdə demokratiyaya dəstək verməkdə maraqlıdır.
NATO-nun Gürcüstanda bu son prezident seçkilərinə münasibəti yaxşıdır. Bu mövqe alyansın baş katibinin Gürcüstanın yeni prezidentinə göndərdiyi təbrik məktubunda da əks olunub. Alyans Gürcüstana demokratiya və NATO-ya üzv olma yolunda dəstək verməkdə davam edəcək. Eyni zamanda, qərb ekspertləri Gürcüstan — Rusiya dialoqunun baş tutmasında və güclənməsində maraqlıdırlar. Onların fikrincə, bu dialoq iki ölkə arasında olan problemlərin həlli yolunda ən səmərəli alət olaraq qalır.
Ermənistana münasibətdə NATO ekspertlərinin mövqeləri hacalanır. Bəzilərinin fikrincə, bu ölkənin Rusiya ilə sıx münasibətlərdə olması onun Alyansla əməkdaşlıq səviyyəsinin aşağı olmasına səbəb olur. Bəziləri isə hesab edir ki, Ermənistan tədricən NATO-nun əhəmiyyətli tərəfdaşlarından birinə çevrilmək yolu seçə bilər. Bütün bunlarla yanaşı NATO ekspertləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün olmadan Azərbaycan və Ermənistanın alyansla eyni səviyyəli sıx əməkdaşlıq etməsini mümkünsüz sayır.
Rusiya ilə əməkdaşlığa gəldikdə, NATO ekspertləri bu əməkdaşlığı mürəkkəb hesab edirlər. Onların sözlərinə görə, praktik baxımdan iki tərəf arasında əməkdaşlıqda müəyyən irəliləyişlər nəzərə çarpırsa da, nəzəri baxımdan NATO Rusiyanın düşmənlərindən biri olaraq qalır. Belə ki, Rusiyanın Hərbi Doktrinasında, NATO Rusiyanın sayca üçüncü düşməni olaraq təsvir olunub. Birinci və ikinci düşmənlər isə terrorizm və 2014-cü ildən sonrakı Əfqanıstandır.
Bununla belə NATO Rusiya ilə Əfqanıstanda təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlığı davam etdirir. NATO ekspertləri ümid edirlər ki, Rusiya ilə əməkdaşlıq gələcəkdə daha da müsbət istiqamətdə inkişaf edəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 494