Muəllif:

NATO əsgərlərini Bakı-Kars yolu ilə daşımağa hazırıq

Azərbaycan NATO qüvvələrinin Əfqanıstandan çıxarılması üçün Bakı-Tbilisi-Kars dəmir yolundan istifadənin hüquqi bazasını hazırlayıb. Bu barədə Azərbaycanın NATO yanında daimi nümayəndəsi Xəzər İbrahim Vaşinqtonda Vudro Vilson mərkəzi nəzdindəki Kennan İnstitutunda “Qafqazı dünya ilə birləşdirərək: dəmir yolları və boru xətləri” mövzusunda konfransda
danışıb. X.İbrahim “NATO qoşunlarının Əfqanıstandan çıxarılması prosesində Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə olunacaqmı?” sualına cavabında qeyd edib ki, Azərbaycan qoşunların çıxarılması məsələsində NATO ilə əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın NATO yanında daimi nümayəndəsinin sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin nazir müavinləri Bakı-Tbilisi-Kars dəmir yolunun istifadəsinin texniki və prosedur detallarını NATO-da ən yüksək səviyyədə təqdim edib (APA).

“Bizim qanunvericilik bu layihənin NATO tərəfindən dəstəklənməsinə hazırdır. Bəzi ölkələr NATO ilə razılaşmaların imzalanması prosesinə hələ davam edirlər, Azərbaycanda isə artıq hər şey hazırdır. Azərbaycan üzərindən artıq qoşunların az bir hissəsinin çıxarılması həyata keçirilir. Bundan başqa, qoşunlar çıxarıldıqdan sonra Əfqanıstana iqtisadiyyatının bərpasında, iş yerlərinin açılmasında böyük yardıma ehtiyacı olacaq, bunun üçün isə müvafiq infrastruktur gərəkdir. O bazımdan, bu layihə Əfqanıstan üçün dönüş yarada bilər”, deyə X.İbrahim qeyd edib.

ABŞ Dövlət Departamentinin Qafqaz və regional münaqişələrin məsələləri üzrə ofisinin direktoru Castin Fridman APA-ya müsahibəsində NATO qoşunlarının Əfqanıstandan çıxarılmasında Bakı-Tbilisi-Kars dəmir yolundan istifadə məsələsini şərh edib: “Qoşunların çıxarılması çoxpilləli olacaq. Qoşunların çıxarılmasında mövcud olan infrastruktur və kommunikasiya yollarından istifadə olunacaq. Bakı-Tbilisi-Kars dəmir yolu istifadəyə verildikdən sonra, qiymətlər münasib olduğu halda, ondan da istifadə olunacağı istisna olunmur”.

Vaşinqtonun Cons Hopkins Universitetində çıxış etmiş NATO Birləşmiş Silahlı Qüvvələrinin Transformasiya üzrə Ali Baş Komandanı Jan Pol Palomeros Bakı-Tbilisi-Kars dəmir yolundan istifadə məsələsini belə şərh edib: “Bu mövzu diqqət mərkəzindədir. NATO ölkələri bütün tərəfdaşlarla qoşunları Əfqanıstandan daha qənaətli və təhlükəsiz yolla çıxarılması məsələsini müzakirə edir”.

NATO-Azərbaycan tərəfdaşlığını general Palomeros “koalisiya quruluşunda yaxşı örnək” kimi qiymətləndirib: “Azərbaycan Əfqanıstanla bağlı məsələdə öz payına düşən işi yerinə yetirir. Koalisiyada iştirak – NATO-ya dair olan niyyətlərin ciddiliyini nümayiş etdirmək üçün ən yaxşı vasitədir”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 149