Natiq Şirinov: “Nağaranı kasıbçılıqdan çalarlar”
Musiqiçi, bəstəkar, “Natiq” ritm qrupunun rəhbəri, əməkdar artist, mahir zərb alətləri ifaçısı Natiq Şirinovun barmaqlarında problem yaranıb. Buna baxmayaraq bir gün ara vermədən fasiləsiz məşq edir. Onu Tağıyev adına Mədəniyyət evində də elə məşq zamanı “yaxaladıq”. Söhbətimiz alındı.
— Tofiq İsmayılov adına musiqi məktəbində ustadım Azər Əliyevdən dərs almışam. Allah ona rəhmət eləsin. Zərb alətlərinə uşaqlıqdan həvəsim var idi. Qazan qapağı, vedrə, nə gəlsa əlimə alıb calırdım.
Öyrənmək, dərs almaq vasitədir. Kiçik yaşlarımdan «Cücələrim» ansamblı ilə bir çox şəhərlərdə qastrollarda olmuşam.1999-cu ildə Alim Qasımovdan birgə işləməyə dəvət aldım. Azərbaycan muğamında ilk dəfə üçlüklə bərabər nağara sənəti üzrə fəaliyyət göstərmişəm. Alim Qasımovu müşayiət etməklə bərabər konsertlərdə solo nömrələrlə çıxış etmişəm.
1999-cu ildə Alim Qasımov YUNESKO mükafatı alarkən mən bu konsertlərdə onunla bərabər iştirak etdim. Beləliklə, Almaniya, Fransa, İtaliya, Çin və s. ölkələrdə nağara sənətini təmsil etmişəm2001-ci ilin may ayında «Natiq» ritm qrupunu yaratdıq. Bu qrupla dövlət konsertlərində iştirak etdik, xarici dövlətlərə dəvət aldıq. Qrand və bir çox diplomlar da buna daxildir.
— Xaricə dəvətlər dövlət xətti ilə olur, yoxsa özünüz təşkil edirsiniz?
— Özümüz də internet vasitəsilə təşkil edirik, dövlət tərəfindən də olur. Məsələn, ritm qrupu 2000-ci ildə Fransanın Monpelye şəhərinə dəvət aldı, orada festivalda iştirak etdi. 2001-ci ildə qrupla bərabər Tayvanda festivalda iştirak edib diplom və sertifikatlarla mükafatlandırıldıq.
Bu sənət elədir ki, burada dayanmaq olmaz.. İki-üç günlük rayona getdim, gördüm mənlik deyil. Güya istirahət edirəm. Ağaca bax, şəlaləyə bax… Hə, nə olsun?! Mənim üçün ən böyük istirahət bu nağaranı əlimə aldığım anlarda olur. Balaca övladını qucağına alırsan, üz-gözünə əl atır. Uzağı 10-15 dəqiqəyə qoyursan yerə. Amma bu nağara saatlarla qucağımda olur, ondan doymuram deyə yerə də qoymuram. Heç doğma balamı da qucağımda bu nağara qədər tutmamışam. Nağara həm sözümə baxır, həm də işimi görür. Yəni mənim üçün kurort, istirahət bu anlardır. Bu işdə yenilik saniyəbəsaniyədir. Hər dəqiqə ritm dəyişir. Siz gəlməzdən qabaq mən yeni bir ritm üzərində işləyirdim. Ritm sonsuzdur. Hər sənətdə dayanma nöqtəsi var, ancaq ritmdə bu yoxdur. Dayanmaq və durmaq olmaz.
— Hər zəmanənin bir ritmi var. Siz bu zəmanənin ritmini tutmusunuzmu?
— Tərif kimi çıxmasın, tutmasaydım, yəqin bu qədər tanınmazdım. Hamının ritmi var, amma hamı ritmi dərk edə bilməz. Çox cətindir. Bir var hər kəsin sevdiyi ritm, bir də var ümumən ritmin elmi. Fəlsəfi və bəşəri ritmlər var. Zərb alətinin ritmini hamı eşidir, amma onu qəbul edib-etməmək hamı üçün deyil. Musiqiçilərə sual versəniz ki ritm nədir, çox az adam bilər. O da elmi səviyyədə yox. Ona görə deyirlər ki, hər oxuyan Molla Pənah ola bilməz.
— Şagirdlərlə işləmək yorucu deyil ki?
— 50-yə yaxın şagird hara, bir dənə nağaranı idarə etmək hara?! Müəllim “a” deyir, şagird “qu”. Amma nağara belədir ki, özün onunla tək qalanda istədiyin kimi ifa edə bilirsən. Yəni o, sözündən çıxmır. Şagirdlərimin qabiliyyətinə inanıram, məni yarı yolda qoymazlar inşallah. Amma bunu öz övladımdır deyə demirəm, oğlum Ümidə ümidim çoxdur. Ən böyük arzum idi övladım olsun, sənətimin davamçısı olsun.
Rəhmətlik atam ziyalı adam idi. 7 uşaq idik ailədə. Atam hamısını oxutdu. İndi hamısı ziyalı iş adamlarıdır. Təkcə mən ali təhsil almadım. Kişi nə qədər elədisə, istəmədim. Cavanlıqda bir az “vuran” idim. Şükür, indi içkidən uzağam. Həyatda səhvsiz insan yoxdur. Atam mənimlə heç yola getməzdi. Bir dəfə məni evdən də qovdu. Sonra haqqımda film çəkiləndə atamdan müsahibə aldılar. Baxıram ki, deyir mən Natiqlə fəxr edirəm.
— Nağaralarınız xüsusi olaraq düzəldilir?
— Bəli, mənə görə hazırlanır. Bunlar toy nağarası deyil. Xüsusi hazırlanır və ritmlər üçündür.
— Toydan söz düşmüşkən, toya gedirsinizmi?
— İndi toya getməyən var ki?! Əvvəllər toydan acığım gələrdi, getməzdim. Başım səs-küyü götürmürdü. İndi gedirəm. Bilirsiniz niyə? Bizi toylarında həqiqətən görmək istəyənlər var. Tək də gedirəm, qrupla da. Biz toylara əsl sənət şousu göstərmək üçün gedirik. Toyda əksərən əl çalmazlar — ya yeyərlər, ya da oynayarlar. Toyda alqış nə deməkdir, bilirsinizmi?!
Elə bil dünyanın böyük səhnəsində sənət göstərmisən. Bizim ifamızdan sonra toylarda alqışdan qulaq tutulur. Ritm tək Azərbaycan demək deyil. Ritm bütün dünya, bəşəriyyət deməkdir. Ritmi anlamaq iki cürdür — zövqlə və elmlə. Bu gün çox faiz zövqlə qəbul edir. Bizsə elmlə öyrədirik tələbələri.
Deyim var, nə qədər çox dil bilsən, bir o qədər çox insansan. Bizim sənət də elədir. Zərb alətlərinin hamısını bilməsəydim, bu gün nağara müəllimi ola bilməzdim. Biz nağaraya yeni nəfəslər gətirdik. Ritmin ilk bəstəkarı da mənəm. Hansı ölçünü desəniz, düzüb-qoşaram.
Elə olur 24 saat məşq edirəm. Özünü göstərmək məqsədilə yox ha. Onda işinin ustası olmazsan. Mən işimin aşiqiyəm. Mənim çörəyim yalnız buradan çıxır. Elə bilirəm başqa yerdə bir işlə məşğul olsam, bu işə həvəsim azalar. Xəyanət etmiş olaram sənətə. Gör bir prokurorun balası nağara çalar? Ömür boyu çalmaz. Nağaranı kasıbçılıqdan çalarlar. Bütün sənətkarlar, tarixdə iz qoyanlar kasıbçılıqdan ucalıb.