Natella Kərimova: Artıq cəmiyyətdə model sənətini normal qarşılamaq tərbiyəsi var
Model Natella Kərimova uzun illər bu peşə ilə məşğul olub, təcrübə qazana-qazana tanınıb. Uğurları az deyil. Hər dəfə geyimi, tərzi ilə insanları təəccübləndirən model ölkəmizdə model sahəsinin perspektivinə dair fikirlərini bizimlə bölüşür.
— Model biznesi bir ara inkişaf etməkdə idi, sonradan bir durğunluq yarandı. Hazırda isə yenə də inkişaf etməyə doğru gedir. Lakin Türkiyə kimi ölkələrlə müqayisə etsək, bizdə bu sahədə perspektiv hələ ki aydın görsənmir. Çox sayda modellərimiz var. Onlar ən azı, ildə iki dəfə öz kolleksiyalarını nümayiş etdirməlidirlər. Bunlar yaz-yay və payız-qış kolleksiyalarıdır ki, bütün tələbat da ondan irəli gəlir. Müəyyən səbəblərə görə isə bu, qeyri-mümkündür. Səbəbləri açıqlaya bilimirəm, çünki özümə də məlum deyil.
Əgər hazır geyimlərdən söz açsaq, artıq əlavə şərhə ehtiyac yoxdur. Çünki həmin geyimlər artıq toplum üçün təqdim olunub. Ona görə, sırf podium baxımından modellərin məqsədi belədir: burada model olmaq istəyən, xaricdə özünü göstərə bilsin. Bu da bir qədər çətin məsələdir. Çünki antropoloji cəhətdən qızlarımızın boyu o qədər də yüksək deyil. Ona görə də modellərimiz fotomodel kimi fəaliyyət göstərirlər.
— Fotomodel kimi perspektiv var?
— Modellərin fotomodel kimi çalışmasında perspektiv ola bilər. Jurnallarda, reklam çarxlarında, kliplərdə və başqa bu kimi məhsullarda çəkilərək işləyə bilərlər. Artıq burada boy əhəmiyyət kəsb etmir. Ona görə də Azərbaycanda podium modeli kimi deyil, fotomodel olmaq daha realdır.
Mənim model agentliyim var. Jurnallarda, klip çəkilişlərində, reklam çarxlarında, sərgilərdə, mağazaların açılışında, konfranslarda, o cümlədən, mükafat təqdimetmə və qonaq qarşılanma mərasimində və başqa tədbirlərdə modellərimiz fəaliyyət göstərir. Ümumiyyətlə, Azərbaycanda modellərin əsas qazanc mənbəyi, bu kimi tədbirlərdir.
Onu da qeyd edim ki, yaş həddinə görə, modellər də futbolçular kimi peşəkar arenada çox qala bilmirlər. Hazırda dövlətimiz tərəfindən də model sənətinə dəstək var. Bir müddət əvvəl “Gənc xanımlara dəstək” moda festivalı keçirdi. Həmin festivala Avrasiyanın bir çox ölkələrindən model xanımlar qatılmışdılar. Məqsəd isə modelyerlərə dəstək idi. Amma modelyerlə yanaşı, modellər də işləyirdilər.
— Model sənəti Azərbaycan mentaliteti ilə uzlaşırmı?
— Azərbaycan dünyəvi ölkədir. Mənə elə gəlir ki, bu, normal qarşılanmalıdır. Artıq cəmiyyətimizdə model sənətini normal qarşılamaq tərbiyəsi var. Həmişə deyirəm ki, hər şey insanın özündən asılıdır. Əgər insan özü haqqında maraq oyatmırsa, o halda artıq heç kim sənə təsir edə bilməz. Söz-söhbət isə onsuz da həmişə var.
Təkrar edirəm, söz-söhbətin yaranması da insanın özündən asılıdır. Bəzən söz-söhbətlərin yaranması modellərin «xeyrinə» işləyir. Onlar özləri bilə-bilə bu cür vəziyyət yaradırlar ki, marağı özlərinə çəksinlər. Düşünmürlər ki, tanınmağın pis tərəfləri də var. Onlar üçün bunun əhəmiyyəti yoxdur. Əsas odur ki, reklam olunsunlar. Məsələn, ilk iştirakçısı olduğum model müsabiqəsi “Miss Azerbaijan 96”-da radikallar bizə hədə-qorxu gəlirdilər. Onlar bizi podiumda çimərlik paltarında görəndə təzyiqlər göstərirdilər. Amma biz onlara fikir vermirdik.
— Modellərin xüsusi pəhriz reseptləri var. Amma adətən, həmin reseptlərə düzgün əməl olunmadıqda, model qadınların xəstəlik tapması ilə və hətta, ölümlə nəticələnən fəsadlar baş verir. Sizcə, model sənəti insan həyatı üçün təhlükəlidirmi?
— Rasional baxımından pəhriz reseptlərinə düzgün yanaşsalar, heç bir təhlükəsi və ziyanı yoxdur. Ola bilsin ki, gündəlik 1500 kalori deyil, 1200 kalori olsun. Gündəlik 1200 kalori modeli formada saxlayır. İnsanların bir çoxu səbirsiz olduqlarından, reseptə düzgün əməl etmirlər və bu da qeyd etdiyiniz kimi, ciddi, xoşagəlməz fəsadlara yol açır.
Bundan əlavə, hər bir insan kimi, xüsusilə, modellərin siqaret çəkmələri səhhətə təsir edən pis vərdişdir. İstərdim ki, bizdə də siqaretin çəkilməsi ilə bağlı qanun qüvvəyə minsin. Çünki qeyd etdiyim kimi, xoşagəlməz vərdişlər modeli uçuruma aparır. Ona görə də, model anlamalıdır ki, onun təsir aləti onun bədənidir.
— Modellərin açıq fotosessiyalarda çəkilməsi vəziyyəti nə yerdədir?
— Bizdə bu təcrübə yoxdur. Çünki birincisi, ictimaiyyət tərəfindən birmənalı qəbul olunmur. İkincisi isə yenə də mentalitetlə bağlı ola bilər. Ancaq elə insanlar var ki, model olmasalar da bu cür məsələni özləri üçün qəbul edirlər. Bizdə başqa problemlər var. Məsələn, klip çəkilişində açıq-saçıq səhnələr yer alır və bu cür səhnələrə model tapmaq çox çətindir. Ümumiyyətlə, bizdə erotika mədəniyyəti yoxdur. Onu da qeyd edim ki, açıq-saçıq səhnələrdə çəkilmək üçün məni də dəvət edirlər. Amma hər zaman həmin səhnələrdə çəkilməyə “yox” demişəm.
— Mərhum jurnalist Murad Kərimovun qızısınız. Maraqlıdır, atanız sağlığında sizin model kimi formalaşmağınıza qarşı çıxmayıb?
— Atam müasir insan idi. Ona görə də o, məni model kimi normal qəbul edirdi. Bundan başqa, atamın yaxın dostları, ətrafı “Miss Azerbaijan 96”-nın təşkilatçıları olduğundan, narahat deyildi.