Narkotik tranzitində bir marşrut var ki…
BMT narkotik tranzitinin Dağlıq Qarabağ marşrutunu qəbul etmir. Halbuki Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur. Bu barədə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənov komissiyanın bu günkü iclasında deyib.
Trend-in xəbərinə görə, Həsənov qeyd edib ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində ölkənin 132 km-lik sərhədi nəzarət olunmayan əraziyə çevrilib və hazırda ölkə ərazisindən narkotiklərin daşınması üzrə 3 beynəlxalq marşrut keçir.
«Bu marşurutlar Əfqanıstan-Pakistan-İran-Azərbaycan, Əfqanıstan-İran-Azərbaycan, Əfqanıstan-Orta Asiya-Azərbaycandır. Lakin beynəlxalq marşruta daxil edilməyən daha bir marşrut var ki, bu da Əfqanıstan-İran-Dağlıq Qarabağdır. Bu marşrut BMT-nin hesabatlarına daxil edilmir. Biz bununla bağlı beynəlxalq qurumlara rəsmi müraciət də göndərmişik», — Həsənov deyib.