Nailə İslamzadə: “Tele-aparıcıların səriştəsizliyi verilişə baxmağıma mane olur”
Vaxtilə TV-də çalışan əksər diktorlar, son illər ekranda görünməsələr belə, tamaşaçı onları unutmur. Nailə İslamzadə də eləcə. Neçə ildir mavi ekrandan uzaq düşən diktor hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Multimedia Mərkəzinin rəisi işləyir. Onun bundan sonra ekrana qayıdacağı bəlli deyil. Keçmiş diktorla elə keçmişdən üzü bəri söhbət etdik
— Əksəriyyət hələ də mənim AzTV-dən uzaqlaşmağımın səbəbini soruşur. Mən AzTV-dən ayrılmaq qərarına gəlmədim, bu qərarı qəbul etmək məcburiyyətində qaldım. 25 il çalışdığım, bütün gücümü, bacarığımı sərf etdiyim işdən təbii ki, işdən ayrılmış bir çox həmkarlarım kimi, mən də istəməzdim. Amma düşünürəm ki, insana işi ilə yanaşı, çalışdığı mühit də vacibdir. Ətrafımda hörmət etdiyim, illərlə televiziyanın ağır yükünü çiyinlərində daşımış həmkarlarımın olmadığı yerdə işləyə bilməzdim, işləsəm də, qoymazdılar.
— Teleaparıcılıqdan dövlət qulluğuna keçid necə oldu?
— Haradasa işləməliydim…
— Uzun müddət “Ailələr, talelər”in həm müəllifi, həm də aparıcısı olmuşsunuz. Yenidən belə bir uğurlu layihəyə başlamaq istərdinizmi?
— Bu mövzuda yenidən veriliş hazırlamaq haqqında düşünməmişəm. Amma artıq 6-cı ildir efirə çıxmıram, lakin bu gün də məni görəndə bəzən 10 il əvvəl hazırladığım verilişin süjetini mənə danışırlar. Məndə elə təəssürat yaranır ki, elə bil “Ailələr, talelər” hələ də efirdədir. Bunun üçün qədirbilən, diqqətli tamaçılara minnətdar olmalıyam təbii ki.
— İndi bəzən TV-də ailə dəyərləri ilə bağlı elə adamlar danışırlar ki, ikrah hissi oyadır. Belə vəziyyətləri siz də izləyirsiniz?
— Son zamanlar ailə haqqında çox verilişlər hazırlansa da, tamaşaçıların belə verilişlərə inamı azalıb. Bunun bir səbəbi də milli-mənəvi dəyərlərimiz haqqında inandırıcı, sanballı fikir söyləyə bilməyən insanların verilişlərə dəvət olunması və bəzi aparıcıların mövzuya hazır olmaması, səriştəsizliyidir.
— Bugünkü teleaparıcılarda sizi nələr qane etmir?
— Televiziya cəmiyyətin, həyatımızın güzgüsüdür. Bu güzgünün parlaq olub-olmaması biz jurnalist və aparıcılardan asılıdır. Bəli, indiki aparıcıların əksəriyyətinin səviyyəsi qane etmir. Əsl aparıcının daxili dünyası zəngin olmalı, çoxlu mutaliə edib dünyagörüşünü, söz ehtiyatını artırmalıdır. Bu zaman onu gözü, üzünün ifadəsi mənalı ola bilər. Aparıcının ekrandan söylədiyi hər bir söz tamaşaçı qəlbinin qapısının açarıdır. Bu söz o qapını həm bağlaya bilər, həm də aça… Söz, nitq insanın ümumi mədəniyyətinin göstəricisidir. Gənc aparıcılara və jurnalistlərə ən böyük tövsiyəm ana dilimizdə gözəl danışmalarıdır. Televiziyada danışılan dil etalon olmalıdır. Bir də verilişin janrından asılı olmayaraq, özünü həddindən artıq sərbəst aparan, hər şeyi hamıdan çox bilən kimi göstərən, özundən razı aparıcıları sevmirəm.
Efirdən təhrif olunmuş ana dilimizi eşidəndə, Stanislavskinin sözləri ilə desək, “taxtaya dəyən noxud” kimi səslənən diksiya eşidəndə, bəzi aparıcıların efirdə səriştəsizliyini görəndə əsəbiləşirəm. Bunlar bəzən verilişlərə baxmağıma mane olur.
— Bir serialda çəkildiz. Özünüzü aktrisa kimi sınamaq fikri necə yarandı?
— Mən diktor, aparıcı olduğum zaman kinostudiyadan bir neçə dəfə təklif gəlmişdi. Amma qismət indiyə imiş. Bu fikir məndə yaranmadı, sadəcə bu rolu mənə təklif etdilər, məni bu rolda gördüklərini dedilər, mən də ssenari ilə tanış olduqdan sonra qəbul etdim. Çünki, bu işin başında tanınmış rejissor və ssenari müəllifi, hörmət bəslədiyim Vaqif Mustafayev durur.
— Başqa yaradıcılıq dəvətləri alırsınız?
— Ara-sıra TV proqramlara qonaq, ekspert kimi dəvət edirlər, amma çox az hallarda dəvəti qəbul edirəm, çünki mövzu ruhuma uyğun deyilsə, özümü göstərmək naminə orada iştirak edə bilmərəm.