Naibə Allahverdiyeva: Hələ də həyatda rahat nəfəs ala bilmirəm
Hələ də həyatda rahat nəfəs ala bilmir…Axı, əməkdar artist Naibə Allahverdiyevanın həyatında üzünü güldürən hadisələr qədər, acı günləri də az olmayıb. Uzun illər səhhətindən əziyyət çəkən aktrisa səhnəyə olan sevgisinin gücünə ayağa qalxdı, çoxlu tamaşalar oynadı. Bu günlərdə yubileyini qeyd edərkən aktrisanını günü-gündən gözəlləşdiyini deyən dostları çoxdur:
— Gənc yaşlarında hər bir insan onsuz da gözəldir, çünki gəncliyin özü gözəllikdir. 30 yaşından sonra isə həyatda nəyə layiqsənsə, o da üstünə gəlir. Sənin iç dünyan yaxşıdırsa, sənin üzündə bir müdriklik olur. O zaman sənin üçün qocalığın özü də yaxşı keçir. Həyat çox sürətlə gedir, buna görə də mən həyatda çox şeyləri çatdıra bilmədim… Bütün arzularım həyata keçmədi. Bəzən arxaya çevrilib baxanda düşünürəm ki, həyatım başqa cür də ola bilərdi. Hələ də həyatda rahat nəfəs ala bilmirəm, əzab-əziyyətlərdən qurtula bilmirəm. Bu yarım ömür mənim üçün çox əziyyətlərlə gəlib keçdi.
— Nə səbəbə indiyə kimi daha çox komik rollarda oynamısız?
— Televiziyada daha çox komik rollarda oynamışam, amma teatrda dramatik rollarda çıxış etmişəm. Əksər rejissorlar aktyorlar ilə işləyə bilmirlər, ona görə də aktyoru gördüyü ampluada da qəbul edirlər.
— Rejissorlar sizin bacarığınızın hansı gözə görünməyən tərəflərini görməyiblər?
— Məncə, aktyor plastilin kimi olmalıdır, təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, mən də elə aktrisalardanam. Bunu teatrda oynadığım rollarımla sübut etmişəm. Əgər hansısa rejissor bunu məndə görmürsə, mən nə edə bilərəm?
— Sənət sizdən qazandı, bəs siz sənətdən nə qazandınız?
— Mənə dikilən xoş baxışları, gözəl sözləri qazandım… Bir sözlə, insanların sevgisini, hörmətlə qarşılanmağı…
— Sənət aləmində uğur qazandınız… Amma bunu şəxsi həyatınıza aid etmək olmaz…
— Mən bu barədə danışmaq istəmirəm, Allah hər kəsə bir tale yazıb. Axtardığım sevgini tapmadım…
— Bu gün axtardığınız sevgini tapsanız, ailə həyatı qurarsınız?
— Bilmirəm… İndi ailə qurmaqdan çox, qızımın təhsili haqda düşünürəm və çox həyəcanlanıram.
— Naibə xanım, hansı faciəvi qadın obrazını oynamaq istərdiniz?
— Teatrda mənim üçün Firuz Mustafanın “Müqəvva” adlı mono-tamaşası hazırlanır. Tamaşanın rejissoru Ağalar İdrisoğludur. Oynadığım qadının həyatı başdan-ayağa faciədir. Bu tamaşadakı qadın rolunun da mənə həyatda bənzərliyi var. Bəlkə də, öz həyatımı oynayıram. Amma onun sonu faciə ilə bitir, inşallah, mənim həyatım faciə ilə bitməz.
— Arzuladığınız rol varmı?
— Arzuladığım rol nə ola bilər ki? Deyirəm, ürəyimdə qalır, ona görə də peşman oluram. Sonra da başlayıram əsəbimdən kökəlməyə (gülür).
— Hamının deyib-gülən insan kimi tanıdığı Naibə xanım çox kövrəkdir…
— Ümumiyyətlə, yaradıcı insanlar çox kövrəkdirlər. Məni kövrəldən isə haqsızlıqlar olub. Yalnız özümü nəzərdə tutmuram.
— Naibə xanım, qız anası olmaq çətindir?
— Təbii ki, qız anası olmaq çox böyük məsuliyyətdir. Xüsusi ilə də əgər sən tanınmış insansansa. Çünki bəzi mənfur insanlar sənə ləkə gətirmək üçün bəzən övladından istifadə edirlər. Ona görə də mən qızıma qarşı bir az qəddaram. Amma şükürlər olsun ki, qızım ağıllıdır. Mən ona həm atayam, həm də ana.
— Naibə xanım, 10 ildən sonra tamaşaçılar tərəfindən necə xatırlanmaq istərdiniz?
— Əgər tamaşaçılarım məni unutsalar, onlardan küsərəm… Bəlkə də, ürəyim partlayıb, ölə bilərəm… Axı onlar məni çox ərköyün yetişdiriblər. Mənim Allahdan və tamaşaçılardan başqa kimim var ki? Sənət aləminə gedən yol çox çətin və keşməkeşlidir. Bəli, səni sevənlər səni zirvəyə qaldırırlar və bir də görürsən ki, elə insanlar peyda olurlar ki, səni məhv etməyə, unutdurmağa, gözdən salmağa çalışırlar. Bunu mən öz üzərimdə artıq hiss edirəm. Məni yıxmaq olar, amma sındırmaq qeyri-mümkündür.
— Naibə xanım, belə şayiələr gəzir ki, yubileyinizdən sonra teatrı tərk edəcəksiniz…. Həqiqətə uyğundur bu sözlər?
— Yalan sözdür. Ola bilsin, mən nə vaxtsa bu haqda düşünmüşəm, amma indi yox. Bilirsiniz, teatr aktyorun ikinci evidir. Teatrın ab-havası rəhbərlikdən asılıdır. Teatrda rəhbər müdrik, uzaqgörən və bir az da kövrək insan olmalıdır. Çünki aktyorlar uşaq kimidirlər, ani bir düzgün olmayan münasibət onu məhv edə bilər. Amma şükürlər olsun ki, teatrımızın direktoru Mübariz müəllimdə sadaladığım keyfiyyətlər var. Çünki Mübariz müəllim Gənc Tamaşaçılar Teatrının yetirməsidir. Teatrımızın baş rejissoru Bəhram Osmanova isə böyük ümidlərimiz var.