Nabran istirahət mərkəzlərinin vergi borcları boğaza dirənib
Nabran istirahət mərkəzlərinin vergi borcları boğaza dirənib və onların əmlakı vergi borcuna görə siyahıya alınmaqdadır. Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi vergi borclarının alınması şöbəsinin əməkdaşları burada Mayak istirahət mərkəzində əmlakın siyahıya alınması tədbirləri keçiriblər.
Müəssisənin fəaliyyəti araşdırılarkən, onun 7 917 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, bu barədə ona bildiriş göndərilsə də, borc məbləği nəzərdə tutulan müddətdə ödənilməyib. Yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və istirahət mərkəzindəki 9 min manatlıq məişət texnikası və avadanlığı müəyyən edilmiş qaydada siyahıya alınıb.
Vergi əməkdaşları bölgədə Qreenville istirahət mərkəzində də əmlakı siyahıya almışlar. Onun 5 078 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, bununla bağlı ona bildiriş göndərilsə də, borc məbləği nəzərdə tutulan müddətdə ödənilməyib. Odur ki, yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və istirahət mərkəzindəki 6 min manatlıq əmlak müəyyən edilmiş qaydada siyahıya alınıb.