Muəllif:

Nabil Seyidov: Tək nazirin görəcəyi işlə iş bitmir

Yeni dərs ilinin başlamasına az qalıb. Yeni dərs ilindən böyük gözləntiləri olanlar az deyil. Təhsil sistemində dəyişikliklərə, irəliləyişlərə ümid etməyənlərin sayı da yetərincə çoxdur. Sovetlər Birliyi dağılandan bəri təhsilin problemlərindən çox danışılır, müxtəlif dövlət proqramları çərçivəsində islahatlar aparılır. Amma yenə də problemlərimiz çoxdur. Uşaq Hüquqları üzrə QHT Alyansının rəhbəri Nabil Seyidovla söhbətimiz də bu problemlər, onların həlli yolları, dünyadakı təhsil sistemlərinin təhlili haqda oldu.
— Təhsil naziri postuna Mikayıl Cabbarov təyin ediləndən sosial şəbəkələrdə sevinc yaşandı. Baxmayaraq ki, o Azərbaycan ictimaiyyətinə o qədər də tanınmış sima deyildi. Tənqidçilər söylədilər ki, yeni şəxs sadəcə kiçik dekorativ dəyişikliklər edə bilər. Sistem, təhsil konsepsiyası, yanaşması dəyişməyincə, təhsildə dəyişikliklər gözləmək mənasızdır. Siz bu haqda nə düşünürsünüz?
— Hesab edirəm ki, dəyişiklik həm yuxarıdan, həm aşağıdan — əhalidən gəlməlidir. Belə ki, tarixən köklü dəyişiklik məhz əhalinin iştirakı ilə baş verir. Eyni zamanda, fərdlərdən də çox şey asılıdır. Hansısa şəxsin nazir postuna təyin edilməsi və ya prezident seçilməsi ilə «heç nə onsuz da dəyişilməyəcək» və ya «korrupsion sistem mövcuddur və yeni şəxs sistemə təsir etməyəcək» demək yalnışdır. Hər bir fərd, hər bir vətəndaş istənilən sistemə təsir etmək qabiliyyətindədir. İnsanlar fərqlənir, hər bir fərdin təhsili, dünyagörüşü, həyat təcrübəsi fərqlidir. Əlbəttə, hər bir şəxs çalışdığı qurumda öz ideyalarını həyata keçirməyə çalışır. Bu baxımdan istənilən quruma yeni şəxsin təyin olunmasi istər-istəməz sistemə təsir edir. Ancaq konkret bu halda dəyişikliklərin miqyası, dərinliyi barədə proqnoz vermək çətindir. Cabbarovun həyat təsrübəsi, qərbdə təhsil alması və işləməsi, Rusiya və Amerikanın təhsil sistemi ilə yaxından tanışlığı ümid verir ki, bizim də təhsil sistemində dəyişiklik və irəliləyiş günün tələblərinə uyğun olaraq sürətli templərlə aparılacaqdır.
Bildiyiniz kimi, təhsil strateji sahədir. Mən hətta deyərdim ki, təhsil milli təhlükəsizlik məsələsidir. Əgər Azərbaycan uşaqları və gəncləri savadsız olsalar, iqtisadi, siyasi və sosial biliklərinə düzgün yiyələnə bilməsələr, dövlət və millət bundan zərər çəkəcək.
Lakin tək nazirin görəcəyi işlə iş bitmir. Azərbaycan vətəndaşları uşaqlarının keyfiyyətli təhsil almaq hüquqlarının təmin olunmasında əhəmiyyətli rol oynayır və təhsilin inkişafı prosesində daha da fəal iştirak etməlidirlər. Valideynlər, təhsil sahəsində müstəqil mütəxəssislər, QHT təmsilçiləri təhsil sahəsində çatışmazlıqlardan, boşluqlardan danışmalı, geniş ictimaiyyətin və ən əsası təhsil nazirliyinin diqqətini həmin çatışmazlıqlara yönəltməlidır! Bu barədə məktəb direktorlarına, Təhsil Nazirliyinin qaynar xəttinə problemlər və onların həlli yolları bildirilməlidir. Təhsildəki problemlərin həll olunmasının istəyiriksə, onların geniş müzakirəsinə çalışmalıyıq. Vətəndaşlar, təşəbbüs qrupları, fəal olmalıdırlar. Unutmayaq ki, bir ekspertin fikri ilə dəyişikliklər olmur. Daha geniş müzakirələr aparılamlıdır.
Azərbaycan Sovet sisteminden çıxıb Boloniya prosesinə doğru gedir. Amma heç yarı yolda da deyil. Bu azmış kimi hansı təhsil sistemini tətbiq etməli sualı da açıqdır. Amerika, Avropa, yoxsa Qərbi Avropa ilə Rusiya təhsil sisteminin sintezi? Hələ ki Azərbaycan bir qərara gələ bilmir…
— Bəlkə problemlər elə bundan qaynaqlanır?
— Bilirsiniz, son 10 il ərzində təhsil sahəsində çoxsaylı eksperimentar layihələr və proqramlar həyata keçirilib. Hazırda bəzi eksperimental layihələr davam edir. Təmayüllü liseylər, türk liseyləri, fransız liseyləri yaradılır, özəl və dövlət liseyləri, adi ümumtəhsil məktəbləri fəaliyyət göstərir. Sistem bir qədər qarışıqdır. Fikrimcə, ilk öncə Azərbaycan öz təhsil siyasətini müəyyənləşdirməlidir. Öz sistemimizi, öz ehtiyaclarımıza əsasən qurmalı və onun faydalılığı, keyfiyyət əmsalı və gözlənilən nəticələrini əvvəlcədən təyin etməliyik. Hazırda isə yeganə geniş istifadə olunan amil — şagirdlərin ali təhsil müəssisələrinə daxil olması və qəbul imtahanlarında qazandıqları ballardır. Bu çox yanlış bir yanaşmadır.
Məncə, təhsil sahəsində siyasətimizi mümkün olduqca tez qətiləşdirməliyik. Bir misal deyim. Tibb sahəsində Azərbaycanın seçdiyi model artıq müəyyənləşib. Burada ilkin tibbi təhsil — keçmiş Sovet İttifaqında olan 6 illik təhsil sistemi qalıb, lakin internatura ləğv edilərək Amerikada artıq 100 ildən çox tətbiq edilən rezidentura modeli seçilib və rəsmi təsdiqini tapıb. Bu model dünyanın əksər ölkəsində artıq özünü doğruldub və ən əsası keyfiyyətli həkim yetişdirməsi sübuta yetirilib.
Orta təhsil sistemində də artıq modelimizi müəyyən etməli və onun tətbiqinə nail olmalıyıq!
— Təhsil sistemlərini analiz və müqayisə edə bilən bir ekspert kimi deyə bilərsinizmi, Azərbaycan hansı sistemi tətbiq etməlidir, ya da bəlkə öz sistemini bu sistemlərdən biri ilə birləşdirməlidir?
— Prinsipcə, ölkəmizdə bir neçə model təcrübədən keçirilməkdədir. Sadəcə, həmin modellərin yayılmasında problem var. Rusiya, Avropa, Amerika təhsil sistemlərini, Azərbaycandakı vəziyyəti təhlil etdikdən sonra düşünürəm ki, Qərbi Avropa və ya Amerika modeli bizim üçün daha faydalı ola bilər. Bu modellərin üstün cəhətlərinə nəzər salaq. Sistemlər uşağın fərdi bacarıqlarını inkişaf etdirir. Üstəlik bu sistemlərin əsas xüsusiyyəti uşağı müstəqil həyata və müstəqil fərdi seçimə hazırlamaqıdır. Eləcə də bu sistemlər çox praqmatikdir, belə ki, onlar təhsil proqramını və təhsilin mündəricatını ölkənin və ya müasir dövrün tələbinə uyğun qurur.
Hazırda ölkəmizdə də fəal təlimin tətbiqi istiqamətində böyük işlər görülür. Fəal təlim metodu tədris prosesində məhz, uşağı mərkəzdə yerləşdirir, müəllim isə yardımçı və dəstəkləyici rolu oynayır. Bu sayaq yanaşma uşaqların müstəqil fikir söyləmə bacarığının, müstəqil mütaliyə etmə bacarığının, müzakirə aparma bacarığının inkişaf etdirilməsinə xidmət edir.
Sovet təhsil sistemini pisləmək fikrim yoxdur. Özüm həmin sistemdə təhsil almışam və həmin dövr üçün ondan yaxşı sistem görməmişəm. Sovet sistemində mərkəzi fiqur müəllim olub. Həmin sistemdə uşaqlar onlara verilən dərsi oxuyub müəllimə danşıblar. Lakin, hazırda Sovet təhsil sistemini dəyişməz olaraq tətbiq etmək düzgün olmazdı. Bu günün fərqli tələbləri var.
Hazırda bizim orta məktəblərdə və məktəbəqədər müəssisələrimizdə də eyni prinsip işləyir.
Ancaq bu gün müxtəlif ölkələrin təhsil sistemlərini müqayisə etdikdə mən daha çox Amerka modelinə üstünlük verərdim. Mənim övladlarım da Amerikada qısa müddət orta məktəbdə təhsil alıb. Amerika modeli nəinki uşaqları əzbərçilik xüsusiyyətindən uzaqlaşdırır, ən əsası uşaqların fikirlərini sərbəst ifadə etməsinə şərait yaradır, onlara «adi uşaq yox» daha çox «kiçik vətəndaş kimi» yanaşır və fərdi xasiyyətlərinin inkişafına üstünlük verir.
Bu sistem uşaqlara həm şer əzbərləməyi, həm o şeri təhlil etməyi öyrədir, onun nə üçün yazıldığını, onun tarixini müzakirə etməyə vadar edir. Amerikada tətbiq edilən tədris metodunda sinif deyil, qrup anlayışı var. Uşaqların parta arxasında oturması, hər gün dərs danışması vacib deyil. Dərslər parkda, küçədə, muzeydə, teatrda keçirilə bilər. Hətta bir filmə baxıb müzakirələr də aparıla bilər. Amerika sistemi uşaqları ali məktəbə hazırlamağı özünə məqsəd seçmir. Amerika təhsil sistemi öz ölkələri üçün müstəqil şəxsiyyət, yaxşı vətəndaş, faydalı icma üzvü və hansısa peşənin sahibini yetişdirir. Ən əsası isə verilən təhsil bu günün tələblərinə uyğundur. Yəni uşaqlara müasir iqtisadi və sosial biliklər, maliyyə və siyasi biliklər də verilir.
Amerika və Qərbi Avropa məktəblərində icma — valideynlərin məktəbin həyatında iştirakı yüksək səviyyədədir. Bizdə də bu sahədə işlər görülür. Respublika üzrə valideyn-müəllim birlikləri genişləndirilir. Düzdür, bu sahədə görülməli işlərimiz çoxdur.
Bundan başqa, adlarını çəkdiyim ölkələrdə sağlamlıq imkanları məhdud uşaqların, küçə uşaqlarının məktəbdən təcrid olunmasına imkan verilmir. Hamı eyni məktəbdə təhsil alır.
Məktəblərdə təklif edilən xidmətlərin çeşidi genişdir. Məktəblərə sosial işçilər, psixoloqlar, cəlb olunur. İcmalardakı xidmət mərkəzlərinin məktəblərlə əlaqəsi var. Amerikada məktəb yalnız təhsil vermək funksiyasını yerinə yetirmir. Amerikada məktəb daha çox ailənin və uşağın inkişafına xidmət edir…
(Ardı gələn sayımızda)

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 335