Muəllif:

Nabil Seyidov: «Təhsil sisteminə ictimai nəzarət gücləndirilməlidir»

(Əvvəli ötən sayımızda)
Yeni dərs ilinin başlamasına az qalıb. Yeni dərs ilindən böyük gözləntiləri olanlar az deyil. Təhsil sistemində dəyişikliyə, irəliləyişə ümid etməyənlərin sayı da yetərincə çoxdur. Sovetlər İttifaqı dağılandan təhsilin problemlərindən çox danışılır, müxtəlif dövlət proqramları çərçivəsində islahatlar aparılır. Amma yenə də problemlər çoxdur. Uşaq Hüquqları üzrə QHT Alyansının rəhbəri Nabil Seyidovla söhbətimiz də bu problemlər, onların həlli yolları, dünya təhsil sistemlərinin müqayisəsi haqdadır. Söhbətimiz davam edir:
— Vahid təhsil siyasəti formalaşmalıdır. Təhsilin inkişaf strategiyası yoxdur. Bilirik ki, Boloniya prosesinə doğru gedirik. Amma bundan sonra məktəblərin aqibəti necə olacaq, təhsilimiz necə olacaq, Boloniya sistemi uşaqlara, ailələrə nə verəcək? — bu sualların cavablarını əksər valideynlər, müəllimlər bilmirlər. Təhsil sestemin hara getdiyini heç özümüz dəqiq müəyyənləşdirməmişik.
Bu qənaətdəyəm ki, bizim təhsil sistemində kadr problemi ciddi məsələdir. Yaxşı kadrlar var. Amma ali təhsil müəssisələrinin hazırladığı müəllim kollektivi üçün tədris proqramları müasir standartlara uyğunlaşdırılmalıdır. Müəllimlərə müasir təlim tədris metodları öyrədilməlidir.
Təhsilin hansı formada maliyyəşməsi məsələsinə qərar verilməlidir. Hesab edirəm ki, Sovet dövründən qalan maliyyələşmə mexanizmi ləğv edilərək adambaşına maliyyələşmə tətbiq edilməlidir. Hazırda əksər ölkələrdə adambaşına maliyyələşmədir. Bu iqtisadi böhranda və ya digər sahələrin inkişafına maliyyə vəsaiti lazım olduqda daha məqsədə uyğundur. Həm də bu metod məktəblər arasında rəqabəti artırır. Məktəb daha çox şagird cəlb edə bilirsə, təbii ki, onun maliyyəsi ona müvafiq olur. Eyni zamanda, valideynlər bilir ki, dövlət tərəfindən onların uşaqlarının təhsili üçün maliyyə vəsaiti ayrılıb.
Doğrudur, Azərbaycanda vətəndaşların qeydiyyata görə məktəblərə getməsinə üstünlük veriləcəkdir. Amerikada isə mənzil qeydiyyatına əsasən qəbul təşkil edən məktəblərlə yanaşı birləşmiş məktəblər yaradılıb və uğurla fəaliyyət göstərir. Tutalım, ailə Sabunçu rayonunda yaşayır, amma valideyn Səbayıl rayonunda işləyir. Bu halda onun övladı işinə yaxın məktəbə getmə imkanı əldə edir. Belə məktəblərdə rayondan gələn uşaqlar da təhsil ala bilir. Adətən birləşmiş məktəblər uşaq əhalisinin çox olduğu ərazilərdə açılır.
Dördüncü məsələ dərsliklər və tədris planının keyfiyyətidir. Biz anlamalıyıq ki, məktəb instituta tələbə hazırlamir, müstəqil həyata hazırlayır. Mütləq deyil ki, məktəbi bitirən uşaq instituta daxil olsun. Amma uşaq məktəbdə keyfiyyətli təhsil almalıdır. Savadlı olmalı və həyatın istənilən sahəsinə dair məlumatı olmalıdır. Hazırda Azərbaycanda savadlılıq əmsalı 90%-dən yuxarıdır. Lakin, mən bildiyim qədər bu kohnə standartlarla ölçülür. Müasir dünyada savadlılığın tərifi dinamik olaraq dəyişir. Müasir standartlarda kompüterdən, internetdən, e-poçtdan, bank kredit kartlarından istifadə, mobil telefondan istifadə etmək, bank hesabı açmaq və s. bilik və bacarıqlar da savadlılıq meyarlarına daxil edilməkdədir. Lakin, bizim uşaqlar həmin bacarıqlardan yalnız mobil telefondan yaxşı istifadə etməyi bacarır. Hələ də, kompüter bacarıqları və internetin əhatəliyi aşağıdır. Orta məktəbi bitirənlər bank kartlarından istifadə, puldan necə istifadə etmə, ailə qurma, peşə seçimi, maliyyə institutlarından istifadə, biznes qurma və ya sahibkarlıq bacarıqlarına yiyələnməmiş olur. Uşaqlara bu kimi bacarıqlar aşılanmalıdır. Ən əsası Azərbaycan təhsilində uşaqların sərbəst fikir söyləməsi və müxtəlif mövzular ətrafında müzakirələrin aparılması bacarıqlarının aşılanmasına, müasir iqtisadi, siyasi və sosial bilik və bacarıqların öyrədilməsinə xüsusi diqqət yetirilməlidir. Liseylərdə təhsil alanlar daha sərbəstdirlər, məktəblərin şagirdləri isə fikrini utana-utana deyirlər.
— Sadaladığınız məsələlərin həllini tapması üçün 5-10 il belə azdır. Bu məsələlərin həlli çox vaxt tələb edır. Zaman yerində dayanmır, uşaqlar da təhsil alırlar. Vaxt itkisini necə qarşılamaq olar?
Etiraf edək ki, hamıda inkişafın sürəti və keyfiyyəti ilə bağlı narahatlıqlar mövcuddur və bu həmişə belə olacaq. Köklü dəyişikliklərə nail olmaq çox vaxt tələb olunur. Köklü dəyişikliklər üçün kadrlar hazırlanmalı, tədris proqramları yenidən işlənməlidir. Maliyyələşmə, kadr hazırlığı, tədris planları, kurrikulum baxımından bir sistemdən digərinə keçmək doğurdan da çox çətindir, mürəkkəb prosesdir. Dəyişikliklərin keyfiyyətli və düzgün həyata keçirilməsi üçün bir sıra vacib məsələlər həllini tapmalıdır. Əvvəla, təhsili istiqamətləndirən, təhsil siyasətini formalaşdıran mütəxəssislər olmalıdır. Ölkəmizdə belə mütəxəssislər çox azdir. Eyni zamanda, onların bir çoxu ümumiyyətlə təhsil prosesinə cəlb olunmayıblar.
İkincisi, təhsil sisteminə ictimai nəzarət gücləndirilməlidir. Təhsil Nazirliyi yanında QHT təmsilçilərindən, müstəqil ekspertlərdən, beynəlxalq təşkilatların işçilərindən ibarət ictimai şura yaradılmalıdır. Bu şura Təhsil Nazirliyinə opponentlik etməlidir, yaltaqlıq yox! Eyni zamanda, nazirliyin həyata keçirdiyi siyasəti, tədbirləri müzakirə etməli, lazım gəldikdə alternativ təkliflər verməli, səhvləri göstərməli və problemlərin həlli yollarını göstərməlidir. Müzakirələrdən sonra ortaq məxrəcə gəlmək mümkündür. İctimai Şura məktəblərin fəaliyyətini, aparılan eksperimental tədbirlərə ictimai nəzarəti təşkil etməlidir. İctimai monitorinq sisteminin yaranması çox vacibdir. Bu həm də geniş ictimaiyyətin təhsil sisteminə və təhsil nazirliyinə etimadının güclənməsinə xidmət edəcək.
Məsələn, bizdə əlilliyi olan uşaqlarla bağlı inklüziv təhsil proqramı var idi. Proqram 2008-ci ildə başa çatdı. Həmin proqramın monitorinqi, proqramdan irəli gələn təkliflər, tövsiyələr sonacan təhlil edilmədi və bu yekun rəyin formalaşmasına imkan vermədi. Bundan başqa, peşə təhsilinin inkişafı ilə bağlı dövlət proqramı qəbul edilib. O proqramın necə icra edildiyi və hansı irəliləyiş və ya çətinliklərin olduğu barədə əhalidə məlumat azdır. Hazırda Təhsil Nazirliyi istənilən proqramı təsis edir, onu həyata keçirir, sonra da özü həmin proqramın monitorinqini aparır. Bu isə düzgün deyil. Hansısa nazirlik proqramı icra edirsə, onu başqa qurum monitorinq etməlidir ki, monitorinq və qiymətləndirmə müstəqil, bitərəf və keyfiyyətli olsun. Əksinə, proqram QHT-lər tərəfindən təsis edilib yerinə yetirilirsə, müvafiq dövlət qurumu onun monitorinqini və qiymətləndirməsinə təmin etməli, öz düzəlişlərini verməlidir.
Bundan başqa, ümumtəhsil məktəblərinin kurrikulumuna, kitabların məzmununa yenidən baxılmalıdır. Bu sahədə xeyli sayda boşluqlar qalmaqdadır. Kurrikulum, dərsliklər günün tələblərinə uyğunlaşmalıdır. Bizim təhsilin məzmunu dünyanın qabaqcıl orta və ali təhsil ocaqlarının məzmunu ilə eyniləşdirilməlidir. Boloniya prosesinə keçirik. Əgər bizim uşaqlar Amerikada, Avropada təhsil almaq imkanı əldə edəcəklərsə və ya Almaniyalı şagirdlər və ya tələbələn gəlib bizdə təhsil alacaqlarsa, bu halda, təhsil sistemimin məzmunu universallaşdırılmalı və eyniləşdirilməlidir. Hazırda bizim uşaqların oxuduğu dərsliklərin məzmunu (milli məsələlər nəzərə alınmır) Almaniyadan, Böyük Britaniyadan, Amerikadan fərqlidirsə, təhsilin keyfiyyətindən və müasirliyindən danışmaq çətindir. Alman, Britaniya və Amerika təhsil sistemləri bizdən qat-qat üstündür, bunu danmaq olmaz. Alman keyfiyyəti qarşısında dünya baş əyir. İnformatika, tibb, aviasiya, maşınqayırma və s. sahələrdə alman, britaniya, amerikan mütəxəssislərinə çatan yoxdur və onlara bank, maliyyə, sosial və digər sahələrdə ehtiyac vardır. Mən bu fikirdəyəm ki, Türkiyənin, Qərbi Avropanın, Amerikanın yaxşı təcrübəsini mənimsəyək. Özümüzdən yeni velosiped icad etməyək. İcad edə biliriksə çox gözəl. Amma buna 20-30 il lazımdırsa, biz vaxt itirməməliyik. Söhbət bizim gələcək nəsildən, dövlətimizin gələcəyindən, milli təhlükəsizliyimizdən və ölkəmizin regionun öndə gedən ölkəsi olmasından gedir. Təcrübədən faydalanaq ki, uşaqlarımız keyfiyyətli təhsil alsınlar. Lakin milli mənəvi dəyərlərimizi, tariximizi, zəngin mədəniyyətimizi heç zaman unutmamalıyıq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 348