Muəllif:

Müxalifətin «tısbağa» düzümü

Nəhayət ki, müxalifət düzgün döyüş taktikası seçdi. Əslində, burada elə böyük seçim də yox idi. Hamı, hətta xırda intriqalar və oyunlardan darıxmış iqtidar da müxalifəti birliyə çağırırdı. Doğrudur, hökumət müxalifətə tamam başqa birlik formulası təklif edirdi və heç bir halda bu alyansın adlı-sanlı, böyük uğurlara imza atmış sənət ustası Rüstəm İbrahimbəyovun başçılığı altında formalaşmasını istəmirdi — çünki haqsızlıqları və saymamazlıqları ilə artıq İbrahimbəyovu özünün düşməninə çevirmişdi.
Müxalifətin yeni «tısbağa» düzümü və İbrahimbəyovu qalxan kimi qabağa verməsi hakimiyyət üçün heç də az problem vəd etmir. Bu «tısbağa»nın təmkinli davranışında müdriklik hiss olunur. Özünüz fikirləşin: adamlar müxalifətdən Milli Şuranın məhz bayram günündə — 28 mayda elan olunmasını tələb edirlər (xalq vacib qərarların əlamətdar tarixlərlə bağlılığına öyrəşib), İbrahimbəyovsa tələsmir, birləşənlərin öz aralarında bütün məsələləri sonadək aydınlaşdırmasını gözləyir. Milli Şuranın prezidentliyə vahid namizədin adını açıqlayacaq ikinci sessiyası vəd olunduğu kimi iyunun 28-də baş tutmur, narazı elektorat narahatlıq keçirir, hökumət sevinir, iqtidar mediası istehzalı məqalələrlə doldurulur, Şuranın rəhbərliyi isə yenə də təmkinini pozmur. Əvəzində bir neçə gün sonra, iyulun 2-də İbrahimbəyovun namizədliyi tam yekdilliklə irəli sürülür. Belə yekdilliyi hətta Milli Şuranın bəzi üzvləri özləri də gözləmirdilər.
Bu müdriklik və birliyin qarşısına hakimiyyət nə ilə çıxacaq? Axı onun da öz sorğu xidmətləri, ictimai rəyin öyrənilməsi mərkəzləri var, rəhbərlik etdiyi ölkənin əhalisinin əksər hissəsini cana doydurduğunu yaxşı bilir; amma indiyədək iqtidar düşünürdü ki, narazı elektoratı arxasınca aparmağa müxalifətin gücü və ağlı çatmayacaq və bunda özünə təsəlli tapırdı. Bəlkə hökumət nəhəng kapitalına, puluna güvənir? Axı gözəgörünməyən əlaqələr və bağlarla zəngin yeni birlik formatı müxalifətin ən böyük qüsurunu — xroniki vəsait çatışmazlığını, demək olar ki, aradan qaldırır. Bəlkə iqtidar öz mediasını, informasiya resurslarını döyüşə atmaqla üstünlük əldə edəcəyinə ümid edir? Ancaq müasir İnternet əsrində müxalifət də belə resurslardan məhrum deyil. Dövlət qurumlarının öz «ayaqlarına» bağladıqları, «müstəqil KİV» adlandırılan qəzetlərə, agentliklərə, teleradiokompaniyalara gəlincə isə, iqtidar büdrəyən kimi, bu KİV-lər illərlə dözməli olduqları həqarətin heyfini çıxmaq üçün birinci özləri onlara arxa çevirəcəklər. Və bunu hakimiyyət gözəl başa düşür. Onda nə qalır? Su şırnaqları, qaz bombaları, rezin güllələr? Ciddi arqumentlərdir. Bu yaxınlarda ictimai rəy, ya ekspert sorğusu olduğu dəqiq ayırd edilməyən bir tədqiqat haqqında hesabat gördüm. Orada yazılırdı ki, rəyi soruşulanların 16 faizi hakimiyyətin, seçkiləri uduzarsa, xalqa qarşı zor işlətməyəcəyinə əmindir. Demək istəyirəm ki, bu məsələdə mən 84 faizlik çoxluqla eyni fikirdəyəm. Yadımdadır, 2003-cü ilin oktyabrında yüksək rütbəli bir dövlət xadiminə seçkinin nəticələrinə etiraz edən kütlə ilə hakimiyyətin həddən artıq qəddar davrandığını və güc tətbiq etməkdə tələsdiyini söylədim. Yüksək Rütbə əsəbiləşdi: «Nə danışırsınız, yarım saat da geciksəydik, yaxud yumşaqlıq göstərsəydik, hakimiyyət əldən getmişdi!»
Milli Şuranın gələcək taleyini müzakirə etdiyim adamlardan bəziləri hesab edirlər ki, ən böyük təhlükə bu quruma öz içindən gələ bilər. «Daşlaşmış» müxalifətçilər vəziyyəti köklü şəkildə dəyişmək üçün mübarizədə nə dərəcədə israrlı olacaqlar, uğursuzluqla üzləşəcəkləri təqdirdə əllərindəkiləri də itirməyə sonadək hazırlıq nümayiş etdirəcəklərmi? Müxalifət partiyasının lideri olmaq insana heç də rahat həyat tərzi vəd etmir, amma bunun da azdan-çoxdan daşınmaz və daşınan əmlaka malik olmaq hüququ kimi bəzi üstünlükləri var. Amma iyulun 2-dən sonra bu təhlükə mənə o qədər da inandırıcı görsənmir. Əvvəl-axır, yalnız müxalifət deyil, bir çox məmurlar, iş adamları, orta təbəqəyə mənsub rəhbər şəxslər özləri də hakimiyyətin nəzarətsizliyindən, yuxarılardakı soyğunçuluqdan və cəzasızlıqdan beziblər. Seçkilər yaxınlaşdıqca, özünüz bunun şahidi olacaqsınız. Mənə elə gəlir ki, başqa bir problem — seçkilərdə məğlub olduğu halda iqtidar qüvvəsinin hakimiyyəti zorla əldə saxlamaq cəhdi daha real təhlükə mənbəyidir.
O zaman hakimiyyət «qaplanı» müdrik «tısbağanın» çanağını çeynəyib deşə biləcəkmi? Sualın cavabı bir çox faktorlardan asılıdır. Mənsə ümumiyyətlə təklif edərdim ki, beynəlxalq təşkilatların köməyi ilə seçki prosesinin bütün iştirakçıları arasında səsvermənin nəticələrindən asılı olmayaraq heç bir halda kobud qüvvə tətbiq etməmək barədə saziş bağlansın. Amma qorxuram ki, məni idealizmdə ittiham etsinlər. Hərçənd, təxminən bir il əvvəl Rüstəm İbrahimbəyovun müxalifətin vahid namizədi olacağı ehtimalını irəli sürəndə də siyasətdə bişmiş bəzi adamlar məni idealist adlandırırdılar.
Əhvalat belə olmuşdu. 2012-ci ilin avqust ayının əvvəlində Rüstəm İbrahimbəyova qarşı təşkil edilmiş qarayaxma kampaniyası və onun Azərbaycanın ictimai-siyasi həyatında rolu haqqında bir məqalə yazmışdım. İlkin variantda həmin məqalə aşağıdakı cümlələrlə bitirdi: «…İbrahimbəyov dünyanın ən yaxşı ssenaristlərindən biridir. Gərək görüşəndə soruşum ki, onun növbəti ssenarisi nə ilə bitəcək. Əgər bu ssenarinin hissələrindən birində müəllifin adına prezidentliyə namizəd obrazında rast gəlsəm, təəccüblənmərəm». Amma fikirləşdim ki, sözlərim düz anlaşılmaya bilər, rəyinə böyük hörmətlə yanaşdığım İbrahimbəyovun xoşuna gəlməz. Rüstəm müəllimin yaxın dostlarından (artıq deyə bilərəm ki, həm də silahdaşlarından) birinə zəng etdim, sonra məqaləni göndərməyə hazırlaşdığım qəzetin redaktoru ilə məsləhətləşdim. Və son cümləni yazıdan çıxartdım.
Bu dəfə heç kimlə məsləhətləşməyəcəyəm və deyəcəyəm: çoxları əmindir ki, azad və ədalətli seçkilərdə İbrahimbəyov şəksiz qələbə qazanar. Eyni zamanda, istəyirəm ki, siyasi mübahisələrin dinc yolla həlli üçün mümkün olan hər şeyi edək. Elə olmasın ki, sonda «Səhranın bəyaz günəşi» filmindən qanadlı bir ifadə yada düşsün:
— Səid, sən bura necə gəldin?
— Atırdılar.
Axı Şərq — incə məsələdir.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 174