Müxalifətçilik
Ankara
Azərbaycan müxalifəti «Kim olursan ol, gəl» deyərək keçmişində müxaliflik olanlarla sonradan müxalif olanlar da daxil, bir çox insanı bir çətir altına topladı. Gizli və açıq «satqınlıq» ittihamlarının, «xainlik» eyhamlarının müşayiətilə də olsa, Milli Şura təsis edildi. Nə strateji (Avroatlantik məkana inteqrasiya kimi), nə də taktik (prezidentliyə namizədlik kimi) məsələlərlə bağlı aydın, konkret, hər kəs tərəfindən qəbul edilən mövqe olmasa da və gedişat o mövqeni müəyyənləşdirməyin çox çətin olacağını göstərsə də, dəyişikliyə inamını qoruyan bir çox səmimi müxalifətçi üçün yeni bir ümid pəncərəsi açıldı. Və əlbəttə, bir zamanlar populizmiylə önə çıxıb sonralar düşərgələr arasında «praqmatik» reveranslar edərək «qəhrəmanlıq boğçası»nı tükədən siyasətçilər üçün də yeni bir reabilitasiya fürsəti doğdu. Xalq Milli Şuranın nə olduğunu düz-əməlli öyrənməmiş bəzilərinin «Təklif gəlsə, baxaram, dəyərləndirərəm» şəklindəki minnət qoymalarla, «Mən deyən olmasa, çıxıb gedərəm» kimi təhdidlərlə, «Özlərini yaxşı aparsalar, yaxşı iş görsələr, təmsil olunaram, parlamentdə də onları təmsil edərəm» tərzindəki «nazeləmə» açıqlamalarına qulaq verməli oldu. Mən siyasi keçmişində çox sayda ziqzaqlar olan «müxaliflərin» və ya iqtidarı dəstəkləyib, mənfəətinə toxunulduğu zaman müxalif olmağı seçən insanların qapıdan geri qaytarılmasının, kənarlaşdırılmasının, davamlı olaraq keçmişiylə damğalanmasının tərəfdarı deyiləm. Siyasi liderlərin xüsusilə seçki dövrlərində narazı elektoratın bütün potensialından yararlanmaq üçün avtoritar rejimə qarşı olan və görünən hər kəsə qapılarını açmasını da anlayıram və bunun qəbul edilə bilən siyasi davranış olduğunu düşünürəm. Amma Azərbaycanda müxalifətçiliyin daha çox siyasi deyil, vicdani məsələ olduğunu düşündüyüm üçün reabilitasiyasına imkan verilən şəxslərə yanaşmada aşırı dərəcədə tolerantlığın illərini demokratiya mübarizəsinə həsr etmiş insanlara münasibətdə haqsızlıq olduğu qənaətindəyəm. Qarşıdakı hədəfin nə qədər böyük və çətin olduğunu nəzərə alsaq, Milli Şura və bu kimi ideyalar «tövbə qapısı» rolunu oynaya bilər, amma tövbəkarların yeni siyasi avantüraları üçün meydan olmamalıdı. Olacaqsa, yazıq olacaq…
Qəhrəmanlıq, minnət və ultimatumlardan söz düşmüşkən, mənə görə, müxalif düşərgənin problemləri sırasında olan və uzun müddətdir yazmaq istədiyim başqa bir məsələyə toxunmaq istəyirəm. Əslində bu da medalın tərs üzüdü… Hüquq müdafiəçisi, Müsavat Partiyasının Məclis üzvü Novella Cəfəroğlu keçən günlərdə «Freedom House» təşkilatının hesabatını tənqid edərək bu təşkilatın Azərbaycana münasibətinin obyektiv olmadığını ifadə edən bir açıqlama verdi. Bəzi müsavatçılar da daxil olmaqla, çox sayda müxalifətçi onun — missiyası insan haqlarını müdafiə etmək olan Novella xanımın «dövlətçi» mövqeyini haqlı olaraq tənqid etdi. Haqlı olaraq deyirəm, çünki birincisi, hüquq müdafiəçisinin vəzifəsi hansısa beynəlxalq təşkilatı «Sən niyə qonşuma baxmırsan, onun vəziyyəti məndən pisdir» demək deyil, ikincisi, Azərbaycandakı gerçək vəziyyət «Freedom House»un ifadə etdiyindən daha yaxşı deyil, daha pisdir. Yəni daşıdığı status, həm də ölkədəki reallıq baxımından Novella xanım o anda tənqidə layiq idi. Gördüyü tərifəlayiq işlərin müqabilində eşitdiyi təşəkkürlər kimi, tutduğu səhv mövqenin qarşılığında eşitdiyi tənqidlərə də sakit yanaşmalıydı.
Amma təəssüf ki, Azərbaycanda bu mümkün olmur. Tənqidin dozasını qaçıranlar olduğu kimi (məsələn, fikrini senzuradan kənar sözlərlə ifadə edən Ramiz Yunusov), Novella xanım və onu dəstəkləyənlər də «Sizin üçün bunu etmişdi(m)» minnətinin dozasını qaçırdılar…
Evi, pulu, maşını, xaricə getmək imkanı, geniş imkanlı çevrəsi, hətta müxalifətdə belə vəzifəsi, bəzən polis dəyənəyindən yayınma təminatı verən statusu (məsələn, jurnalist, hüquq müdafiəçisi kimi) olmayan onlarla müxalifətçi tanıyıram. Mitinqlərdə, piketlərdə ən öndə, amma partiya və ittifaq toplantılarında, qonaqlıqlarda, ziyafətlərdə ən arxada olan insanlardırlar onlar. Döyülən, tutulan, ciblərindəki son pullarıyla həbsdə yatan dostlarına arxa durmağa çalışan insanlar. Nə şikayət eləyirlər, nə minnət qoyurlar, nə «sizin üçün» deyirlər, nə «niyə liderə yaxın oturmadım» deyə dava salırlar, nə «mənim adım niyə çəkilmədi» deyə küsürlər. Sadəcə, mübarizə aparırlar. Məsələn, Tofiq Yaqublu kimi…
Pulu, evləri, maşınları, geniş imkanlı çevrəsi, az qala hər həftə xaricə getmək imkanı, müxalifətdə vəzifəsi, polis dəyənəyindən qoruyan statusu olan və ya sadaladıqlarımdan əz azı bir-ikisinə sahib olan onlarla başqa müxalifətçi də tanıyıram. Həbs olunsalar, özlərinin «sizin üçün»lə başlayan minnətləri, qaxıncları, yaxınlarının umu-küsüsü, onuncu dərəcəli qohumlarının belə digər həbs olunmayanlara qarşı forsu-hikkəsi əndazəni aşır. Həbsdən çıxınca da bəziləri aşırı dərəcədə «praqmatikləşir», bəziləri də olduğu partiyanın, düşərgənin içində davamlı olaraq «yatıb-çıxmış oğlan» havasıyla dolaşır və özünə xüsusi münasibət tələb edir…
Kimsənin keçmişdəki səhvi bütün həyatının damğası, baş töhməti olmamalıdır. Amma kimsənin də keçmişdəki savabı bugünkü günahının, səhvinin təminatı deyil, olmamalıdı, ola bilməz.
2003-cü ildə də, ondan öncə də, ondan sonra da müxalif düşərgədə olan, az və ya çox mübarizə aparan, mübarizə aparanlara dəstək olan onlarla siyasətçi, jurnalist, hüquq müdafiəçisi, din adamı vardı — bu gün biri iqtidara qəzet çıxarır, müxalifəti söyür; biri hökumətə onun ən qatı tərəfdarından daha canfəşanlıqla yaltaqlanır; biri saxta mandat alıb parlamentdə müxalifətçilik oynayır; biri dünən müxalifətçilərə gecə-gündüz «dua» eləyirdi, bu gün imkanı olsa, rejim sahiblərinin ətəyində namaz qılar. İndi neyləyək, onların hansı əməlini unutmayaq — 2003-cü ilə qədərki doğrularını, yoxsa 2003-cü ildən sonrakı yanlışlarını? Bəlkə əvvəlki xidmətlərinə görə indi yapdıqlarına göz yumaq, neyləsələr, nə desələr, dinməyib susaq? Elədikləri yaxşılıqlara görə «kəsdikləri» başları bağışlayaq bütün «cəlladlara».
Bu məntiqlə, demokratiya quruculuğu işinə bu sərf-nəzər yanaşmayla çox uzağa getmək olmaz. Düzdü, Strasburq elə də yaxın deyil, amma orda 2-3 günlük qonaq olaraq dözürlər bizə, çox qalıb çox danışsaq, «yarı-hamilə olmaq olmaz» deyib sakitcə qapını göstərərlər…
Aynanın yeni köşə rubrikasından.

