Muəllif:

Mütəşəkkil dəstənin məkrli planı varmış

Çoxsaylı cinayətlər törədənlər bəraət istədi, lakin məhkəmə prokurorla razılaşdı və onların cəzasını ağırlaşdırdı. Bakı şəhər sakini İlqar Allahverdiyev, Ağcabədi sakini Kərim Rzayev, Qəbələ sakini Nəzir Abdullayev, Hacıqabul sakini Seymur Səfərov və Şəmkir sakini Maarif Bağırovdan ibarət qrup yaradıb, onlar sabit cinayətkar mütəşəkkil dəstə halında birləşməklə Nəzbir Abdullayevin məsləhət və məlumatları əsasında hazırlanmış sxem və plan üzrə bıçaq, rezin əlcəklər, kəndir əldə ediblər…
Əvvəllər çoxsaylı cinayət törətdiyinə görə, 15 il məhkumluq həyatı yaşayan İlqar Allahverdiyev 6 saylı cəzaçəkmə müəsisəsində birgə cəza çəkdiyi keçmiş məhbus yoldaşı Nəzir Abdullayevin məsləhət və məlumatları əsasında hazırladığı sxem və plan üzrə Qəbələ rayon Zarağan kənd sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamı Rahim Rəsulovun 100-200 min manat pulunu və qızıl-zinət əşyalarını ələ keçirmək qərarına gəliblər. İlqar Allahverdiyev Rahim Rəsulovun Zarağan kəndindəki evinə quldurcasına basqın etmək məqsədi ilə 11 fevral 2011-ci ildə, saat 17 radələrində Bakı şəhərindəki Füzuli meydanında dəstə üzvləri ilə görüşüb. İlqar Allahverdiyev mütəşəkkil dəstə üzvləri ilə bu işin yollarını bir daha müzakirə ediblər. Həmin gün saat 20 radələrində Rahim Rəsulovun yaşadığı kəndə gəliblər. Rahim Rəsulovun evdə olmadığı səbəbindən yaxınlıqdakı çayxanada yemək yeyib, spirtli içki qəbul ediblər.
Gecə saat 22 radələrində təkrar həmin ünvana gəliblər. Lakin sərxoş olduqları və Rahim Rəsulovun evdə olmaması səbəbindən niyyətlərini başa çatdıra bilməyib və basqını əlverişli vaxta saxlayaraq Qəbələ şəhəri, S.Vurğun küçəsi 20 ünvanda olan Vəfa Qəndiyevanın evində gecələyiblər.
Bundan sonra fevralın 14-də, saat 13:30 radələrində dəstə üzvləri basqın planını bir daha müzakirə edib və gəlib Rahim Rəsulovun kənd evinin həyətinə daxil olublar. Onların qarşılarına çıxmış Rahim Rəsulovun arvadı Xavər Rəsulova və analığı Kütabə Rəsulovaya özlərini polis əməkdaşları kimi təqdim edərək, narkotik axtarışı aparmaq bəhanəsi uydurublar. İlkin olaraq Xavər Rəsulovanın 380 manat dəyərində olan «Nokia E72» markalı və Kütabə Rəsulovanın 100 manat dəyərində olan «Samsung» markalı mobil telefonlarını zorla əllərindən alıblar. Dəstə üzvləri ev sahiblərini hədələyiblər. Lakin həmin vaxt avtomaşın siqnalını eşidərək, kənar şəxslərin gəlməsini güman etdiklərindən hər hansı əmlak ələ keçirmədən hadisə yerindən qaçıblar…
Məhkəmədə ifadə verən İlqar Allahverdiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, həbsdən azad olduqdan sonra başqa iş tapmadığında görə ev alqı-satqısı ilə məşğul olub. Onun sözlərinə görə, hadisədən iki ay əvvəl Kərimlə tanış olub:
«Kərimi ev alqı-satqısı ilə məşğul olan bir şəxs kimi tanımışam. Kərimlə tanış olduqdan bir qədər sonra Kərim satlıq bir obyekt olduğunu, əgər satsalar mənə də hörmət edəcəyini bildirdi. 2011-ci ilin yanvarın sonunda Kərimdən həmin obyektin çıxarışını istədim. Kərim obyektin çıxarışını mənə verdi. Çıxarışı müştəri tapmaq üçün keçmiş məhbus yoldaşım Nəzirə verdim. Bir müddətdən sonra Kərim işin nəticəsi barədə soruşdu, ona hələlik bir xəbər olmadığını bildirdim. Bir qədər sonra Nəzir mənə zəng edərək Qəbələ rayon sakini Hacı Rahim adlı şəxsin obyekt almaq istədiyini bildirdi. Fevralın 10-da Nəzir mənə zəng edərək evimizin yanında olduğunu və görüşmək istədiyini bildirdi. Həmin vaxt evdə tək olduğumdan Nəziri evə çay içməyə dəvət etdim. Nəzir bizə gəldikdən bir qədər sonra Kərim zəng etdi, görüşmək istədiyini bildirdi. Kərimə evdə qonağım olduğunu, bir az sonra Füzuli meydanında görüşməyimizi söylədim. Nəzirlə birlikdə Füzuli meydanına çatdıqdan sonra Nəzir ayrılıb getdi. Bu vaxt kənarda dayanan Kərim və Seymur mənə yaxınlaşdılar. Obyekt barədə söhbət etdikdən sonra Seymur getdi».
İlqar Allahverdiyev daha sonra qeyd edib ki, fevral 11-də Kərim zəng edərək kirayədən çıxmaq istədiyini və müvəqqəti onlara yığışmaq istədiyini bildirib: «Mən də onun bizimlə müvəqqəti yaşamağına razı oldum. Bundan sonra Kərim əşyalarını bizə gətirdi. Evdə olduğumuz zaman Kərim Qəbələyə getməyi təklif etdi və Hacı Rahimdən beh alacağını söylədi. Mən də razı oldum. Fevralın 11-də Kərim, Maarif və Seymurla birlikdə Qəbələ şəhərinə getdik. Qəbələ şəhərində olan zaman yaşlı bir kişidən Hacı Rahimin evini soruşduq. Həmin kişi Rahimin evinin yerini təsvir etdi, mən də evə gedən yolun sxemini kağıza çəkdim. Sonra Zarağan kəndinə Hacı Rahimin evinin yaxınlığına gəldik. Kərim bizdən ayrıldı, Hacı Rahimin evinə tərəf getdi. Kərim bir azdan qayıdaraq Hacı Rahimin evdə olmadığını bildirdi. Hacı Rahimin evinə gəlməsini gözləyərkən ac olduğumuzdan kolbasa, araq aldıq və yaxınlıqdakı yeməkxanada yeyib-içdik. Yeyib-içəndən sonra yenidən Hacı Rahimin evinin qarşısına gəldik. Avtomaşını həyətində olmadığından Hacı Rahimin evdə olmadığını başa düşdük. Kərim içəri daxil olub, özünü polis əməkdaşı kimi təqdim edəcəyini bildirdi. Kərimlə razılaşmadım, onun bu fikrindən əl çəkməsinə nail oldum və Qəbələ şəhərinə qayıtdıq. Kərimə Hacı Rahimin evinə girməməsini tapşırdım».
İlqar Allahverdiyev daha sonra ifadəsində qeyd edib ki, həmin gün saat 21:00 radələrində Qəbələ şəhərində olarkən Kərim bir uşağa yaxınlaşıb və Hacı Rahimin əsgər yoldaşı olduğunu söyləyib. Onun sözlərinə görə, həmin uşaq Hacı Rahimin oğlu ilə bir sinifdə oxuduğunu bildirib:
«Sonra həmin uşaq bizi kirayə qalmaq üçün bir evə apardı. Yuxudan oyananda Seymur və Maarifin gecələdikləri evin qapısından çıxdıqlarını gördüm. Kərimdən həmin uşaqların hara getdiklərini soruşdum, Kərim onların Bakı şəhərinə getdiyini bildirdi. Həmin gün Kərimlə birlikdə Bakı şəhərinə qayıtdıq. Fevralın 12-də Kərim yaşadığım evə gələrək əşyalarını götürdü. Fevralın 14-də gündüz vaxtı Kərim zəng edərək Ağcabədidə olduğunu bildirdi. Üstüörtülü şəkildə Kərimə tapşırdım ki, Hacı Rahimin evinə getməsinlər».
Təqsirləndirilən şəxs qeyd edib ki, ancaq istintaq zamanı fevralın 14-də Kərimin Seymur və Maariflə birgə beh almaq üçün Hacı Rəhimin evinə getmələrini bilib:
«Saxlanılana kimi Kərimin Seymur və Maariflə birlikdə Hacı Rəhimin evində olmalarından xəbəri olmayıb. Fevralın 16-da Nəzir zəng edərək Füzuli meydanında görüşmək istədiyini bildirdi. Nəzirlə görüşmək üçün Füzuli meydanına gəldiyim zaman, polis əməkdaşları məni həbs edib».
Məhkəmədə ifadə verən Kərəm Rzayev bildirib ki, fevralın 14-də Qəbələ şəhərinə gələrək Maarif və Seymurla görüşüb: Maarif və Seymura bildirdim ki, başqa ucuz obyektlər də var, gedək onları Rahimə göstərək. Birlikdə Zarağan kəndinə getdik. Rahimin evinə çatanda qapını döydük, qapıya heç kim çıxmadığından həyətə girdik. Bu vaxt evdən bir qadın çıxdı. Həmin qadından Hacı Rahimi soruşduq və satlıq obyekt olduğunu bildirdim. Sonra evdən nisbətən yaşlı bir qadın da çıxdı. Qadınlara əvvəlcə ev alqı-satqısı ilə məşğul olduğumuzu bildirdik. Lakin qadınların buna inanmadığını gördükdə isə həm də polis işçisi olduğumuzu, evdə narkotik maddə olduğu üçün axtarış aparacağımızı dedik. Nisbətən cavan qadın Hacı Rahimə zəng etmək üçün telefonunu gətirdi. Qadından xahiş edərək telefonunu götürdüm, Rahimə zəng etdim. Rahim telefona cavab vermədi. Sonra yaşlı qadın öz telefonu ilə zəng etməyi təklif etdi və telefonunun həyətdəki evdə olduğunu bildirdi. Qadın telefonu götürmək üçün gedən zaman hörmət əlaməti olaraq Seymura qadının arxasınca getməsinə işarə etdim. Qadın telefonu gətirdikdən sonra Hacı Rahimin evdə olmamasına görə Maarif getməyimizi təklif etdi. Maarif ilə razılaşdıq və oradan getdik. Quldurluq niyyəti ilə Hacı Rahimin evinə gəlmədiyimiz üçün özümə verilmiş ittihama görə təqsirli bilmirəm. Özümü yalandan polis işçisi kimi təqdim etməyə görə təqsirli bilirəm».
Digər təqsirləndirilən şəxslər də İlqar Allahverdiyev və Kərəm Rzayevin ifadəsinə uyğun danışıblar. Zərərçəkmiş və şahid ifadələri dinlənildikdən sonra hökm elan edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kərim Rzayev 9 il, İlqar Allahverdiyev 8 il, Seymur Səfərov 9 il, Maarif Bağırov 9 il, Nəzir Abdullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkəmə hökmündən təqsirləndirilən şəxslər narazı qalıb və apelyasiya şikayəti verərək bəraət hökmü çıxarılmasını istəyiblər. Prokuror Fuad Musayev tərəfindən apelyasiya protesti verilib. Prokuror protestində təqsirləndirilən şəxslərin törətdikləri cinayətin ictimai təhlükəli olmasını nəzərə alaraq, onların cəzalarının ağırlaşdırılmasını istəyib.
Hakimi İnşallah Quliyevin sədrlik etdiyi kollegiyada hər iki tərəfin şikayətləri üzrə qərar açıqlayıb. Qərara görə, təqsirləndirilən şəxslərin barələrində bəraət hökmünün çıxarılması ilə bağlı apelyasiya şikayətləri təmin edilməyib.
Qərarda daha sonra qeyd edilir ki, prokurorun protestini təmin edib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, yeni hökm çıxarılıb. Yeni hökmə əsasən İlqar Allahverdiyev 12 il, Kərəm Rzayev 10 il, Seymur Səfərov 10 il, Maarif Bağırov 10 il 26 gün, Nəzir Abdullayev 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 273