Müstəqillik marşı
Günün birinci yarısını şəhərdə keçirdim. 18 oktyabrın ölkə tarixində nə iləsə əlamətdar olduğunu xatırladan heç nə — bircə plakat, bircə şüar da görmədim. Axşam da görməyəcəyəm. Telekanalların yadına düşməyib müstəqillik günümüz. Tək AzTV yarım saatlıq bir film salıb proqrama, o kanalı da, tərs kimi, evdə antennam yaxşı tutmur.
Qəribədir, amma ölkənin dövlət müstəqilliyi gününü müxalifətdən başqa kimsə bayram kimi qeyd eləmir. Bəs əgər mən siyasi dəstədən deyiləmsə, amma bir vətəndaş olaraq 18 oktyabrın sevinc-həyəcanı qanıma hopubsa, öz keçmişini və indisini saxtalaşdırmaqda davam edən bu şəhərə Dağüstü parkdan nəzər salıb nə düşünməliyəm?
Mən düşünməliyəm ki, bu ölkədə mühüm olan, başda duran vətən deyil, şəxsdir. Mən yəqin etməliyəm ki, bu torpağı bizim üçün vətənə çevirən də yalnız odur. Mən bilməliyəm ki, hansı tarixin ona birbaşa aidiyyəti varsa, əlamətdardır, hamısı bayramdır. Gül-çiçəkli, atəşfəşanlıqlı, çal-çağırlı. Amma Müstəqillik Günü belə təmtərağa layiq deyil. Çünki 1991-ci ildə, həmin 18 oktyabr günündə Ali Sovet Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını o böyük şəxsiyyətin rəhbərliyi altında qəbul etməyib. Müstəqillik Bayramının bəxtini açmaq üçün bu səhvi necəsə düzəltmək lazımdır.
Mən razı. Dəyişdirək o günü. Yaxşı deyil, əlbəttə. Amma daha pisi odur ki, gənclərimiz Azərbaycanın dövlət müstəqilliyi gününün hansı tarixə təsadüf etdiyindən xəbərsiz qalsınlar. Oktyabrın 18-də radiolardan birindən xahiş etdim ki, şəhərin lap mərkəzində, Fəvvarələr meydanında gənclər arasında sorğu keçirsinlər. İki saatdan sonra radiodan zəng vurub dedilər ki, «Azərbaycanın dövlət müstəqilliyi günü hansı gündür» sualına 50 nəfərin cəmi 17-si düzgün cavab verdi.
Bu dünyada onsuz da hər şey şərtidir. Bir vaxtlar dövlətçilik günümüz 28 may idi. Sonra 28 aprel oldu. İndi 18 oktyabrdır. Belə başa düşürəm, bu da son tarix deyil. Hər şey ola bilər. Amma…
Görəsən, müstəqillik gününü təqvimində qara rənglə boyayan ikinci bir millət varmı bu dünyada?
[email protected]