«Müsəlman qardaşlarımız» Naxçıvanı blokadaya aldı
Milli Məclisin bugünkü iclasında hakim partiyanın icraçı katibinin müavini, parlamentin deputatı Siyavuş Novruzov Naxçıvandakı vəziyyətlə bağlı məsələ qaldırıb. O deyib ki, İran-Azərbaycan sərhədi bağlandıqdan sonra regiona yanacaq, məhsul və digər malların keçirilməsi ilə bağlı problemlər yaranıb.
“Bu gün Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupun iclası keçiriləcək. Mən qrup iştirakçılarını bu məsələyə ciddi yanaşmağa çağırıram», — o bildirib.
Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycan XİN ciddi addımlar atmalıdır.
Öz növbəsində parlamentin spikeri Oqtay Əsədov isə bildirib ki, bu məsələ üzərində hazırda çox ciddi iş aparılır və problem tezliklə həllini tapacaq.
Xatırladaq ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrini noyabrın 7-dən bağlayıb. İki gün əvvəl isə sərhəd-keçid məntəqəsində piyadaların gediş-gəlişinə icazə verilib. İran tərəfi bu addımın Azərbaycanın Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsini bağlamasına cavab olaraq atıldığını bildirib: deyə Turan-ın xəbərində deyilir.