Müsavatçı huşsuz, dişləri qırılmış, başı yarılmış halda tapılıb
Müsavat Partiyası Naxçıvan təşkilatının sədri Sabir Vəliyevin vəhşicəsinə döyülməsini pisləyən bəyanat yayıb. Yaxınlarının S.Vəliyevi Babək qəsəbəsində bir başqa yerdə deyil, İH binası önündə (!) huşsuz vəziyyətdə, dişləri qırılmış, başı yarılmış halda tapdığı bildirilir. Çənə və boyun nahiysində əl izləri olduğu qeyd edilir. Babək rayon xəstəxanasında S.Vəliyevə ikinci dərəcəli beyin travması diaqnozu qoyulub.
S.Vəliyev cəmi 20 gündür partiyanın Naxçıvan təşkilatının sədri seçilib. Son vaxtlarda partiya Naxçıvanda aktivliyi ilə seçilib. Bu səbəbdən S.Vəliyevə siyasi fəaliyyətdən əl çəkməsi barədə xəbərdarlıq olunub. Müəlliflər yuxarıda qeyd edilənləri nəzərə alaraq S. Vəliyevə təzyiqlərin siyasi xarakterli olduğunu bəyan edirlər.
Sənəddə Naxçıvan insanların təhdid və qorxu altında saxlandığı məkan kimi dəyərləndirilir. Siyasi faallığın yerli hakimiyyətin totalitar xəttinə uyğun gəlməməsi vurğulanıir, yerli hakimiyyətin yazılmamış qanunlarına tabe olmayan Naxçıvan sakinlərinin müxtəlif repressiyalara məruz qoyulduğu nəzərə çatdırılır.
Bəyanatda S.Vəliyevə ölümcül xəsarətlərin yetirilməsi ölkədəki repressiya faktlarının davamı sayılır. S.Vəliyevin döyülməsi prezident seçkiləri ilində vətəndaş aktivliyinin qarşısının alınmasına, vətəndaşların qorxu altında saxlanmasına xidmət etdiyi qeyd olunur. Son olaraq vətəndaş əleyhinə bu cinayətin araşdırılması, S.Vəliyevə xəsarət yetirən şəxslərin cəzalandırılması, müxalif partiya fəallarına təzyiqlərə son qoyulması tələb olunur.