Muəllif:

«Münaqişələr yalnız siyasi müzakirələr vasitəsilə həllini tapmalıdır»

«Ordunun Aynası» müxtəlif ölkələrin ekspertlərinin regional problemlərlə bağlı fikirlərini öyrənməkdə davam edir. Bu dəfə Bosniya və Herseqovinadan olan ekspert, Banja Luka Universitetinin Siyasi elmlər fakültəsinin beynəlxalq münasibətlər və təhlükəsizlik üzrə professoru, Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Miloş Şolajadır (Milosh Sholaja).
— Sizin regionun əsas təhlükəsizlik qayğıları nədən ibarətdir?
— Balkanlarda əsas təhlükəsizlik qayğıları ərazi mübahisələridir. Bu baxımdan xeyli ölkələrin suverenlik əldə etmə prosesi problemlərlə müşayiət olunur. Belə ki, misal üçün, Bosniya və Herseqovinada böyük daxili ərazi mübahisələri var. Eyni zamanda, Serbiya — Kosovo problemi və Makedoniya böhranı diqqəti çəkir. Bütün bu məsələlər sıx şəkildə ərazi mübahisələri ilə bağlıdır. Digər tərəfdən etnik gərginlik də diqqəti çəkir. Düzdür, etnik gərginlik fərdlər şəklində deyil, çox da görünən deyil. Amma siyasi səviyyədə bu daha çox özünü göstərir. Bu gün region insanları bir-birilə çox mehriban şəkildə əlaqə qurur. Bosniya və Hersoqovina, Serbiya, Kosovo, Xorvatiya, Makedoniyadan olan insanlar bir-biri ilə normal səviyyədə əlaqə saxlayır. Amma söhbət masaya gələndə, siyasi danışıqlarda gərginlik ölçüyəgəlməz şəkildə artır.
— Regiondakı problemlərin həllində NATO-nun nə kimi rolu var?
— NATO-nun bir sıra rolları var. Deyton sülh sazişi imzalanandan sonra NATO 62 min nəfərlik qoşunu yerləşdirdi ki, Bosniya və Herseqovinada sülh yaratsın. Hazırda NATO öz qoşunlarını azaldır və orada Avropa Birliyinin qüvvələri sülhün qayğısına qalır. Eyni zamanda, NATO Kosovonun sabitləşməsi prosesində açar rola malikdir. Bu gün NATO ona üzv olmaq istəyən namizədlər üçün təhlükəsizlik mühitinin yaradılmasına söz verib. Regionda yalnız Serbiya bəyan edib ki, o, NATO-nun üzvü olmaq istəmir, qalanları isə alyans üzvlüyü hədəfini elan ediblər. NATO üzvü olmaq daha çox təhlükəsizlik, daha çox sabitlik və daha çox sürətli iqtisadi inkişaf deməkdir.
— Bosniya və Herseqovinanın müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatlarla bağlı nə deyə bilərdiniz?
— Bu çox həssas sual oldu. Çünki ölkəmizdə müdafiə islahatları, beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndi və həyata keçirildi. Ona görə ki, Bosniya və Herseqovinanın ayrı-ayrı hissələri bir-birilə müharibə şəraitində idilər və hərəsinin — Srpska hissəsinin, Bosniya və Hersoqovinanın və Xorvatiya hissəsinin özlərinin müdafiə sistemləri var idi və belə bir vəziyyətdə beynəlxalq ictimaiyyətin dəstəyi lazım idi. Nəticədə, onlara bir masa arxasında oturmaq və müdafiə ilə bağlı baxışlarını bölüşmək müyəssər oldu. Bu gün Bosniya və Hersoqovinanın bir ordu sistemi vardır. Düzdür, siyasi mübahisələr davam edir və bu, dünyanın hər bir ölkəsi üçün normaldır. Amma bizim bir müdafiə sistemimiz var və xeyli uğurla inkişaf edir, planlaşdırılmış strateji islahatlar həyata keçirilməkdədir.
— Sizin ölkənin NATO ilə bağlı hansı planları var?
— Bosniya və Herseqovinanın NATO ilə bağlı çox ambisiyalı planları vardır. Xorvat və Bosnak icmaları 80-90 faiz olmaqla müxtəlif institutlar vasitəsilə NATO üzvlüyünü ciddi şəkildə dəstəkləyirlər. Amma ölkə daxilindəki Srpska Respublikasında bu dəstək 30 faizdən də aşağıdır. Səbəb odur ki, NATO 1995-ci il müharibəsi dövründə Serbiya Respublikası ordusunun mövqelərini bombardman edib və o zaman, xeyli sayda yaralılar vardı. Eyni zamanda, NATO 1999-cu ildə böyük hərbi kampaniya zamanı Serbiyanı bombalamışdı. Srpska Respublikası ilə Serbiya siyasi oriyentasiya və əməkdaşlıq baxımından bir-birinə çox bağlıdırlar. Bu səbəbdən orada xeyli insan Bosniya və Herseqovinanın NATO-ya üzv olmasını istəmir.
— Sizin ölkənizdə silahlı qüvvələr üzərində mülki nəzarət varmı?
— Bir sıra institutlar var ki, onlar müdafiə sektoru üzərində demokratik nəzarəti həyata keçirirlər. İlk növbədə qeyd edim ki, prezident adminstrasiyasının 3 üzvü müdafiə məsələlərinə baxır. Eyni zamanda, müdafiə nazirləri özləri də mülki şəxsdirlər. Digər tərəfdən parlamentin birləşmiş komissiyası var ki, onlar müdafiə məsələləri ilə çox sıx məşğul olurlar. Bundan başqa ordu üzərində mülki demokratik nəzarəti həyata keçirən başqa institutlar da mövcuddur. Bu institutlar xüsusilə də planlaşdırma və büdcə prosesinə nəzarət edirlər. Amma bu kifayət deyil. Biz media və QHT nəzarətinə daha çox ehtiyac duyuruq. Düşünürük ki, müdafiə və təhlükəsizlik sektoru üzərində ictimai nəzarətin gücləndirilməsi vacibdir. Biz bilirik ki, bu, demokratiya prosesi nəticəsində öyrəniləcək məqamlardır. Amma hazırkı məqamda nəzarətin əldə edilmiş səviyyəsi bizi qane edə bilməz.
— Sizin ölkənizdə hərbi-mülki münasibətlərin səviyyəsi barədə nə deyə bilərsiniz?
— Aydındır ki, Bosniya və Herseqovina ordusu NATO və Avropa standartlarına uyğunlaşmaq yolu seçib və hərbi-mülki münasibətlər də həmin standartlara uyğun olmalıdır. Hazırda bizim mükəlləfiyyətli ordumuz yoxdu, yalnız müqaviləli ordumuz var. Hazırda ordumuzun şəxsi heyətinin sayı 10 min nəfərdir və biz mübahisə edirik ki, bu böyük rəqəmdir və onun saxlanılmasına böyük pullar tələb olunur. Biz adətən bu məsələyə görə etirazımızı bildiririk. Amma bu sayda ordu Avroatlantik tərəfdaşlıqda 3 əsas funksiyanın yerinə yetirilməsi üçün kifayət edir. Bu funksiyalar: 1) hərbi təchizatın və hərbi sistemin saxlanılması, 2) təbii fəlakətlərin qarşısının alınmasına cəlb olunma, 3) sülhyaratma əməliyyatlarına qoşulmadır. Bu gün Bosniya və Herseqovina NATO və BMT ilə əməkdaşlıq çərçivəsində bir sıra sülhyaratma əməliyyatlarının üzvüdür. Bütün bu proseslər, eyni zamanda, hərbi-mülki münasibətlərin üstün səviyyədə olmasını zəruri edir.
— Necə düşünürsünüz, bölgədəki münaqişələr və digər problemlər yaxın gələcəkdə həllini tapacaqmı? Gözləntiləriniz nədən ibarətdir?
— Fikrimcə, ənənəvi olaraq bu münaqişələr uzun zaman davam edəcək. Amma düşünürəm ki, biz bu problemləri müzakirələr, qarşılıqlı anlaşma vasitəsilə aradan qaldırmağa çalışmalıyıq. Son 200 ilin təcrübəsi göstərir ki, heç bir müharibə həllə gətirib çıxarmır. Yalnız siyasi alətlər, demokratiyaya aid olan oxşar üsullarla Balkanlarda problemləri həll etmək mümkün olacaq.
— Bəs siz Cənubi Qafqazda olan münaqişələr barəsində nə düşünürsünüz?
— Düşünürəm ki, onlar çox mürəkkəb münaqişələrdir. Amma mənim ilk fikrim ondan ibarətdir ki, Cənubi Qafqazda hər bir ölkə ilk növbədə özünü daxildən demokratiya istiqamətində inkişaf etdirməli, avtoritar idarəetmədən xilas olmalıdır. Çünki xeyli iqtisadi güc, bəzi siyasi rəhbərliklər tərəfindən boş yerə xərclənir. Sadə insanlar qərar qəbuletmə prosesində rol almalıdırlar. Onların arzuları nəzərə alınmalıdır. İkinci məsələ odur ki, Cənubi Qafqaz ölkələrində siyasi dialoq üçün geniş çərçivələr yaradılmalıdır. Çox adam düşünür ki, silah gücünə, döyüşməklə problemləri həll etmək mümkündür. Amma bu belə deyil. Cənubi Qafqaz siyasi baxımından Avropanın bir hissəsidir. Beləliklə, həm də Avropa adət-ənənəsinin bir hissəsidir. Bu baxımdan düşünürəm ki, güc yolu ilə problemləri həll etmək mümkün olmayacaq. Qafqazda bütün münaqişələr yalnız siyasi müzakirələr vasitəsilə həllini tapmalıdır.
— Siz necə düşünürsünüz, Azərbaycan demokratiya yolundadırmı, yoxsa yox?
— Fikrimcə, hər bir ölkə demokratiya yolundadır. Amma burada səviyyə məsələsi var. Mən dərindən inanıram ki, Azərbaycan öz cəmiyyətini müxtəlif baxışlar, müxtəlif siyasi orientasiyalar üçün açıq etməlidir. Çünki Azərbaycan varlı ölkədir. Düşünürəm ki, çox tezliklə Azərbaycan cəmiyyəti ölkənin yüksək səviyyəyə qalxması üçün ümumi səylərə qoşulacaq. Düşünürəm ki, Azərbaycanın yaxşı imkanı var ki, inkişaf etmiş ölkələrin bir hissəsi olsun.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1082