Muəllif:

Mumyadan başı çıxan varmı?

Bu yaxında gecəyarısı mobil telefonum çaldı qəfildən. Telefonun o biri ucunda Moskvada yaşayan azərbaycanlı iş adamı yoldaşım idi. Titrək, hətta ağlamalı bir səslə «Mənə təcili İstanbulun ən yaxşı göz həkimini tap, bir gözüm kor olmaq üzrədir»,- dedi. Ertəsi gün günorta Etilərdəki Dünya Göz xəstəxanasında oturmuş, bir tərəfdən həkimin bizi çağırmasını gözləyir, bir tərəfdən də divardan asılmış ekrandan xəbərlərə baxırdıq — Uqo Çavesin xəstəliyi ilə bağlı yenidən Kubaya getdiyini deyirdi aparıcı.
Həyəcan keçirən M.-nin fikrini dağıtmaq üçün Çavesin niyə müalicə üçün Kubaya getdiyini soruşdum. Cavabı qısa oldu — «Bilirsənmi necə güclü həkimlər var Kubada». Səsimi çıxartmadım, çünki fikrim bir az sonra türk həkimin nə deyəcəyində idi. «Əvvəlcə bir gözün, daha sonra isə o biri görmə qabiliyyətini itirəcək», — Moskvada belə demişdilər. Gənc xanım həkimin yanında cəmi 15 dəqiqə qaldıq. Divarda Amerikada ixtisas aldığını göstərən diplom, müxtəlif beynəlxalq tibb konfranslarının sertifikatları asılmış həkimin müayinəsi M.-nin ciddi bir problemi olmadığını göstərdi — gözünə 3-4 gün bir damla tökməsini tövsiyə etdi. İkimiz də şokda idik, 15 dəqiqə əvvəl korluq haqqında düşünürdük, indi isə «gözümüzə işıq gəlmişdi».
Kabinetdən çıxanda M. hələ də yaşadıqlarına inanmır, təkrar-təkrar «nə yaxşı ki, məni bura gətirdin, Fyodorov klinikasında da bu xəstəxananı məsləhət görmüşdülər»,- deyirdi. Qulaqlarıma inanmadım, ikinci dəfə şoka düşürdüm — «Nəəəəə, necə yəni Fyodorov klinikası, sənə bu klinikadamı dedilər kor olacağını, sənə İstanbula getməyi də onlar məsləhət gördü?», — deyə soruşdum. Sevincdən gözləri gülən M. «Hə, orda qoydular diaqnozu»,- dedi…
Heeeeey gidi dünya, gör nələrə şahid oluruq. Bir zamanlar Sovetin bir nömrəli Göz mərkəzi sayılan Fyodorov klinikası zamanla ayaqlaşa bilməyib, elə ordaca — XX əsrdə, SSRİ-də qalmışdı…
Özündə elmi mərkəz və klinikaları birləşdirən Akademik Svyatoslav Fyodorovun «Göz Mikrocərrahiyyəsi» adlı Oftalmoloji Kompleksi çökməkdə olan Sovetlərin olan-qalan 5-6 brendindən biri idi. Nurani və eyni zamanda, zabkeş görkəmli cərrah çürük sistemi ayaqda tutan çox az sayda dəyərlərdəndi. Ölkə dağılandan sonra ekranlardan düşmür, səsi klinikasından çox Dumadan gəlirdi. Hətta könlündən prezidentlik də keçmiş, 1996 seçkilərində namizəd belə olmuşdu. 2000-ci ildə faciəvi şəkildə həlak oldu. Qlaukomanı başlanğıc etapda cərrahi yolla dünyada ilk müalicə edən, SSRİ-də ilk dəfə gözün büllurunu dəyişən Fyodorov bir helikopter qəzasında öldü getdi. Helikopter sovet istehsalı idi…
O gün axşam dünyanın ən xoşbəxt insanını — gözünü itirməyəcək olan M.-ni Moskvaya yola salırdım. Aeroport kafelərinin birində oturub söhbət edirdik. Birdən qarşıdakı ekrandan Çaves göründü yenə. Səhərki kimi M. öz ampluasında idi — «Kubada yaman həkimlər var»,- dedi. Kirimişcə durdum.
Aeroportdan dönüşdə Çavesin müalicəyə Kubadan başqa hara gedə biləcəyini düşündüm. Dostu Lukaşenkonun Belarusundamı müalicə olacaqdı, yoxsa Əhmədinejatmı çatacaqdı dadına?
Çaves xərçəng idi, müvafiq və ən keyfiyyətli tibbi yardımı ancaq Amerikada ala bilərdi. Amma «imperializmin beşiyi» adlandırdığı ölkəyə getməyə nə üzü var idi, nə də bunu kasıb xalqına izah edə bilərdi. Gedəcəyi və mədəd umacağı yer SSRİ-nin 60-cı illərdəki səviyyəsində olan Kuba idi.
İşin ən tragikomik tərəfi isə Çavesi müayinə üçün Venesuelaya gələn kubalı həkimlərin fürsət düşən kimi Karakasdakı ABŞ səfirliyinə sığınaraq «Yeni Dünyaya» qaçmaları olurdu. Marksizm və leninizmin, daha sonra da nə bilim sandinizmin, ən son da neobolivarizmin sonu necə də həzin və acınacaqlı oldu.
Çox təəssüf ki, nə Rusiya, nə də bütün digər postsovet ölkələrinin tibbi Kuba təbabətindən heç də qabağa gedə bilmədi. Bizim bəzi «rus sevdalı», «moskvapərəst» insanımız hələ də gözlərini oralara tikib. Moskvada isə artıq dişlərinə adicə «dolğu» qoymaq üçün belə yaxındakı Avropa ölkələrinə gedirlər. Bizimkilərin bəziləri isə heç Türkiyəni də bəyənmirlər, daha bilmirlər ki, dünyada «türk təbabəti» deyə bir anlayış yoxdur. Türklərin tibbi elə Amerika tibbinin özüdür ki var. Türklər indiki yüksək səviyyələrinə 70 və 80-ci illərdə Amerikada oxutduğu tələbələrin, bu günün görkəmli həkimlərinin, mərhum Doğramacının qurduğu Hacettepe universiteti kimi onlarla təhsil ocağının və s. sayəsində olmuşdur.
Bir ölkənin təbabətini inkişaf etdirmək, tibbini çağdaş standartlara çatdırmaq üçün xəstəxana və diaqnostika mərkəzləri inşa etmək əsas deyil. Mütəxəssis yetişdirmək lazımdır ilk öncə. Amma bu da universitetsiz olmaz. Kitabxanası da zəngin, kitabları ingiliscə olacaq (bu rusların 30-cu, 40-cı illərdə buraxdığı, bizimkilərin də dilimizə 60-70-ci illərdə tərcümə etdiyi kitablarla olan şey deyil), tibb konfransları heç əksik olmayacaq, xaricdən sürəkli alimlər, cərrahlar dəvət olunacaq və s. Yoxsa bu işlər «Kubada yaman həkimlər var», «Moskvada filan klinika var» kimi «palavralarla» olmur. Bu «əfsanələr» Çaves kimi əfsanəyə çevrilmiş bir liderə belə kömək olmadı. Dünyanın ən zəngin neft ehtiyatlarına sahibdir Venesuela. Tibbi xidmətləri pulsuzdur, pulsuz tibbin də sonu belə olur — kubalara, kastrolara möhtac qalırsan.
Hər şey bir yana, mumya üzrə mütəxəssis lazımdır bu günlərdə Venesuelaya, Çavesi mumyalamaq istəyirlər. Görən Kubada varmı, M.-yə bir soruşmaq lazımdır…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 387