Mükafat qəhrəmanını tapdı…
Sovet vaxtı belə bir deyim vardı. Bəlkə indi də var, amma çoxdandır eşitməmişəm…
Bu həftə əliqələmli adamın «sümüyünə düşən» mövzu az olmadı. Əbülfəz Elçibəyin və Nəcəf Nəcəfovun ad günü idi. Tək ordu deyil, digər «güc mərkəzləri» də seçkiqabağı parada hazırlıq görürdülər: «Milyarderler ittifaqı» deyilən qurum Moskvada, Milli Şura Bakıda vacib toplantı planlaşdırmışdı. Amma onların hamısı haqqında dəfələrlə söz demişəm. İki gün əvvəl dünyasını dəyişmiş Siyavuş Aslan haqqında isə ömrümdə bir sətir də yazmamışam.
Siyavuş Aslan həyatının keşməkəşli anları, ziddiyyətli dönüşləri ilə olmasa da, yaratdığı obrazlarla yadda qalacaq. Bu obrazlar, aktyorun özündən fərqli olaraq, qocalmadan, heydən düşmədən neçə-neçə nəsillə bir yerdə yaşayıb və yaşayır. Onların dillərindən çıxan ifadələr aforizmə çevrilib, hətta frazeoloji lüğətlərə də salınıb (Hella-a-s!!!).
Dövlət rəsmilərinin, ictimai xadimlərin, incəsənət ustalarının imzaladıqları nekroloqlarda, baş sağlıqlarında sənətkar haqqında çox isti, səmimi sözlər vardı. Amma bir cümlə mənə çox yad görsəndi: 2013-cü il iyun ayının 25-də Siyavuş Aslan «Şöhrət» ordeni ilə təltif edilmişdi!
İyun ayının 25-i… Ölümündən iki gün əvvəl. O anlarda Siyavuş Aslan artıq göylərlə əlləşmirdimi? Və görəsən, yer ənamının onun üçün nə dərəcədə əhəmiyyəti qalmışdı? Sualın cavabını Siyavuş Aslanın son kövrək müsahibələrində tapa bilərsiniz.
Ümumiyyətlə, bu ənamların sağlığında da ruh aləmində yaşadıqlarına inandığımız yaradıcı insanlar üçün nə qədər böyük qədir-qiyməti var ki, fəxri adlar, orden-medallara görə onlar bəzən sənət prinsiplərini unudur, hətta axirət əzabları haqqında da düşünmürlər, bir qismi digər qisminə düşmən kəsilir?
Napoleon növbəti ordenini təsis edəndə, ona irad tutmuşdular ki, «uşaq oyuncaqları»na çox əhəmiyyət verir. Napoleon cavab vermişdi: «Deyirsiniz, «uşaq oyuncaqları». Olsun, amma unutmayın ki, məhz bu oyuncaqlarla insanları idarə etmək hər şeydən asandır».
Amansızcasına dəqiq ifadə olunmuş fikirdir. Lakin dirilər üçün.
«Şöhrət» ordeni dirilərə — Siyavuş Aslanın yaxınlarına görkəmli sənətkarın ölümündən sonra təqdim ediləcək. Sovet vaxtları da məhz belə hallarda deyilirdi ki, mükafat qəhrəmanını tapdı.