Müftə yemək istəyənlərlə nə edək?
Cabbarlı demiş, «mövzu özü məni tapdı». İşdə oturmuşdum, şair deyə tanıdığımız köhnə tanışlardan biri gəldi. Məni heyrətə salan bir xahişlə gəlmişdi redaksiyaya. Bir vaxt prezident sərəncamı ilə gənc və ümidverici yazıçılar olaraq 6 ay fərdi təqaüd alıblar, sonra arası kəsilib. O vaxt vergi ödəyicisinin hesabına hərəyə hətta bir şeir toplusu da çap edilib. İndi aradan xeyli vaxt — 15 ilə yaxın müddət ötür. O əhvalatı indiki prezidentimizə xatırladıb, yenə təqaüd ümidində idi. Özü də o vaxtkı kimi 6 aylıq müddətdə deyil, bu dəfə — həmişəlik, ömürlük! Bəs belə…
Qəzetdə dərc olunmaq üçün gətirdiyi mətndə bunu belə «əsaslandırırdı» ki, o vaxt bu təqaüdü almış olanların indi «maddi vəziyyətləri ürəkaçan deyil, hətta bəziləri işsizdir, bu isə onların yaradıcılıqla məşğul olmasına əngəl törədir»miş… Siyahıya baxdım, bəziləri tanış gəlirdi, media səhifələrində ara-sıra görünən isimlərdi.
Quruyub qalmışdım. Özü də situasiyasının mənəvi ağırlığını, deyəsən, dərk edirdi, bərbad psixoloji duruma düşmüşdü. Fikrimi toplamağa çalışıb açıq dedim: «Axı sizə şans tanınmışdı, 6 ay dəstək verildi. Siz bu şansdan yararlanıb özünüzü ədəbi mühitdə təsdiq edər, sonrakı zaman üçün maddi vəziyyətinizi düzəldə bilərdiniz. Axı o vaxt bu pullar sizə elə-belə verilmirdi… Niyə bir şeylər üzə çıxarmadınız?» Cavabı qısa oldu — «nə yazaq?»
Nə isə, söhbət alınmadı, başını sallayıb sağollaşıb getdi.
Ədəbi mühitdə nə vaxtsa hansısa bir-iki «yaxşı şeiri» çıxmış, indi həmin o «yaxşı şeir»dən doğan «yaxşı şair» adı altında baş girləyən xeyli sayda subyektləri «Azərbaycan» nəşriyyatının bufetindən çoxları tanıyır. Ədəbiyyatda uğursuzluğun acılarını yaşayan, xəyalları öz təqsirləri üzündən puç olmuş bu adamların beyinlərində bircə çıxış yolu var — prezident təqaüdü… İş-peşələri yuxarılara gedən hansısa «istedadlar siyahısında» onların adlarının olmadığına görə Anarın kölgəsini qılınclamaqdır.
Vaxtaşırı bu kimi sərəncamlarla xəbər axınlarında tanış oluruq. Aydın məsələdir ki, prezident sənət adamlarına təqaüdü cibindən vermir, büdcədən prezident fondu üçün ayrılan pullardır. Yəni dövlətin və xalqın pullarıdır ki, dövlət başçısı bu pulları dövlət və millət üçün önəmli bildiyi sosial istiqamətlərə yönəldə bilər. Belə şeylər bütün ölkələrdə var. Məsələn, çox yüksək bal toplamış abituriyentlərə verilən təqaüd, beynəlxalq müsabiqələrdə ölkəmizin adına alqış qazandıran gəncliyin dövlət başçısı tərəfindən həm də maddi mükafatlandırılması. Bunlar anlaşılandır.
Bizi düşündürən məsələnin başqa tərəfidir. Bizi bu şairin gəlişi və qəribə istəyi, heç ədəbi mühitdə deformasiyaya uğramış təfəkkür, yüksək materiyadan bez cıranların cılızlığı da narahat etmir, bu, onların öz problemidir. Bizi bir vergi ödəyicisi kimi narahat edən — ədəbiyyatda və sənətdə bir çox şübhəli subyektlərin bizim (yəni vergi ödəyicilərinin) hesabına yaşamaq cəhdi, bizim isə bunun qarşılığında susmağımızdır. Biz onlara bu pulların təqaüd şəklində verilməsinə niyə razı olmalıyıq — bunu anlaya bilmirəm. Sənətdə belə, elmdə belə, ədəbiyyatda belə, idmanda belə… Hamı gözünü prezident fonduna dikib, yatıb yuxusunda oradan düşən təqaüd nemətini görür. Bunlar öz həyatlarını niyə özləri təmin edə bilməyib, təmin edə bilmir, yaxud təmin etmək üçün çalışmır — bu isə artıq sosioloji sualdır.
Bəlkə, bunun səbəbi ondadır ki, dövlət və cəmiyyət ədəbiyyata, sənətə, idmana, mədəniyyətə yanaşmada köhnəlmiş, aşınmış, özünü doğrultmamış olan sovet stereotiplərindən uzaqlaşa bilmir? Bəlkə ədəbiyyat, sənət, idman, mədəniyyət siyasətimizi tamam dəyişək? Axı Gürcüstanda bunu etdilər və dövlət bundan heç nə itirmədi. Vergi ödəyicisi də rahatdır ki, onun pullarını yararsız bir adam yeməyəcək. Tbilisidə hətta Yazıçılar Birliyinin binasına görə həmin qurum dövlətə vergi də ödəyir, dövlətdən isə dotasiya almır (yəni yazıçılar dövlətin boynunda oturmayıb, dövlətdən dotasiya almağı özlərinə təhqir bilir, hətta öz binalarını belə halallıqla saxlayırlar).
Yaxşı olmazmı ki, hər şeyi bazar: müəllif — oxucu, müəllif — izləyici münasibətləri həll etsin. İstedadın var — buyur, yol tap, çoxlu pullar qazan, lap yaxşı yaşa, qocalığını təmin et. Kimsədən də minnətin olmasın. Hətta dövlətə vergi ödəməklə qürur duy. Bunu bacarmırsansa, dövlətdən və xalqdan deyil, özündən küs.
Yaxşı, haqqı olmaya-olmaya bizim hesabımıza yaşamaq düşüncəsindən əl çəkməyən bu avara «şairlər», bu bir qəpiyə dəyməyən manıslarla nə edək? Niyə onların dərdini biz çəkməliyik? Siyasəti dəyişməyin zamanı gəlməyibmi? Bu müftə yemək həsrətində olanların şüurunu özgə cür axı nə yolla dəyişdirmək olar?
[email protected]
Aynanın yeni köşə rubrikasından.