Müəllimlərin mobil telefon vahiməsi
Bakı Şəhər Təhsil İdarəsi orta məktəblərdə şagirdlərin mobil telefon işlətmələrini yasaq edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızının sözlərinə görə, pedaqoji şura iclaslarında «valideynlərin böyük əksəriyyətindən razılıq alınıb» və qərar verilib ki, əgər şagird məktəbə mobil telefon gətirərsə, dərhal əlindən alınaraq valideyninə bu barədə məlumat verilir və telefon valideynə qaytarılır.
Əliqızı iddia edir ki, mobil telefonların şagirdlər arasında «sosial bərabərsizlik yaradır» və bu telefonların tədris prosesinə «ciddi ziyan vururlarmış»…
Təbii ki, bu halda valideyn məktəbdə olan övladı ilə lazım gəldikdə əlaqə saxlaya bilməyəcək. Bu halda valideynələrə şəhər telefonları ilə əlaqə saxlamaq təklif olunur.
«Məktəb direktorunun və ya müavinlərinin mobil nömrələri valideynlərdə var. Valideynlər uşaqları haqqında hər məlumatı direktordan və ya məktəbin şəhər telefonlarından öyrənə bilərlər. Buna görə şagirdin məktəbə mobil telefon gətirməyinə ehtiyac yoxdur. Uşaq məktəbdə maksimum 5-6 saat olur. Bu müddət ərzində tədrislə, biliklə məşğul olmalıdır. Mobil telefonlar isə buna mane olur, onların diqqətini yayındırırdı. Bu, xeyirli təşəbbüsdür və ümid edirik ki, ona bütün Bakını əhatə edən məktəblər qoşulacaq».
Təhsil eksperti Əjdər Ağayev də bu qərarı alqışlayır, şagirdin mobil telefonla məktəbə gəlməsini düzgün saymır:
«Şagird məktəbə təhsil almağa gəlir. Telefonla gələndə oyun oynayır, kimsə zəng edir və nəticədə dərsdən diqqəti yayınır. Digər tərəfdən, əlbəttə, mobil telefondan nə qədər az istifadə olunursa, sağlamlıq baxımından da yaxşıdır. Ondan yayılan elektron təsirlər uşağın sağlamlığını korlayır».
Belə bir fikir də var ki, indi şagirdlər sinifdə baş verən qəribə hadisələri (müəllimin yatmasını, yersiz söhbətini, şuluq uşağı kötəkləməsini və s.) çəkə, sonra bunu sosial şəbəkələrdə paylaşa bilirlər. Məktəb müdiriyyətini vahiməyə salan da budur…