Muəllif:

Müəllimlərin işə qəbulu üzrə proqram təminatı təkmilləşir

«Müəllimlərin işə qəbulu» elektron xidməti işə qəbulda əsassız müdaxilələri aradan qaldırıb. Bu barədə TN-dən məlumat verilib. 2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri ilə əlaqədar nazirlikdən bildirilib ki, respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu prosesində son iki ildə yeni qaydaların tətbiqinə başlanılıb. Bu qaydalar tətbiq olunana qədər müəllimlərin işə qəbulunda əsassız müdaxilələrə, saxta diplomlarla işə qəbul olunma hallarına yol verilirdi.
Ciddi ehtiyac olmadığı halda, hətta, bir stavkadan az dərs yükünə yerli təhsili idarəetmə orqanları və ümumtəhsil müəssisələri tərəfindən müəllimlər işə qəbul edilirdi. Müəllim-şagird nisbəti ilbəil aşağı düşərək 1:10-dan 1:8-ə enmişdi. TN-dən deyilir:
«Təhsil Nazirliyi ilə ULTRA şirkəti arasında imzalanmış müqaviləyə əsasən müəllimlərin işə qəbulu üzrə elektron proqram təminatı hazırlanmış və artıq iki ildir tətbiq edilir. Proqram təminatının köməyi ilə ərizələrin qəbulu, müsabiqə prosesi, qiymətləndirmə insan amili olmadan həyata keçirilir. İmtahanın sonunda hər bir müəllim nəticələrini bilir, seçilmiş vakant yerlərə yerləşdirmə proqram təminatı vasitəsilə aparılır və müsabiqənin nəticələri barədə məlumat dərhal hər bir namizədin şəxsi elektron səhifəsinə göndərilir. İşə qəbul üzrə müsabiqə prosesinin daha çevik şəkildə idarə olunması məqsədilə TN saytında «Müəllimlərin işə qəbulu» elektron xidmət sahəsi yaradılıb və orada işə qəbulu tənzimləyən müvafiq linklər yerləşdirilib. Müəllimlərin işə qəbulu TN Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Təlim Mərkəzində aparılıb, orada imtahanların keçirilməsi üçün müvafiq şərait yaradılıb».
Onu da qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə proqram təminatı təkmilləşdiriliəcək. Müsabiqə prosesinin nəticələrinə dair hesabat və məlumatlar əsasında təhlillər aparılacaq, ali və orta ixtisas təhsili müəssisələrinin məzunlarının təhsil sənədləri haqqında məlumat bazasının proqram təminatına daxil edilməsi üçün müvafiq işlər həyata keçiriləcək. Bu işlər TN Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi, Monitorinq və qiymətləndirmə şöbəsi və Təhsil sisteminin informasiyalaşdırılması İdarəsi tərəfindən görüləcək.
Təhsil naziri Misir Mərdanovun yeni imzaladığı əmrə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqənin, bu proseslə əlaqədar təlimlərin, seminarların və digər metodiki işlərin keçirilməsi məqsədilə TN tabeliyində müasir infrastruktura malik «Təlim, tədris, imtahan mərkəzi»nin yaradılması üçün təkliflər hazırlanacaq. Müəllimlərin işə qəbulu üzrə test imtahanları üçün nümunələrin hazırlanması, ekspertizasının aparılması, test bankının yaradılması və imtahanların keçirilməsi təmin ediləcək. İşə qəbulun nəticələri araşdırılacaq. Vakant yerlər barədə düzgün məlumat verməyən, müəllimlərin müsabiqədənkənar işə qəbuluna yol verən yerli təhsili idarəetmə orqanları və ümumtəhsil müəssisələri rəhbərləri barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməsinə dair təkliflər də hazırlanacaq.
Əmrə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri müəllimlərin işə qəbulu üzrə yeni mexanizmlərin tətbiqi barədə məzunlara ətraflı məlumat verilməsini və geniş izahat işlərinin aparılmasını mütəmadi olaraq təmin etməlidirlər. Yerli təhsili idarəetmə orqanlarının və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri isə hər tədris ili başa çatdıqdan sonra 10 gün ərzində vakant yerlər barədə məlumatı müəyyən olunmuş forma üzrə Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim edəcəkdir.
İşə qəbul olunmuş pedaqoji kadrlara Nazirlər Kabinetinin müvafiq qərarına uyğun həvəsləndirmə tədbirlərinin tətbiqi ilə bağlı məsələləri mövcud qanunvericiliyə uyğun həll edəcəklər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 2047