Müəllimlərin dərs yükü, direktorlarının maaşı artırılacaq
Bakı Şəhəri Təhsil İdarəsi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhər təhsil işçilərinin konfransı keçirilib. Konfransda məktəb direktorları, direktor müavinləri, müəllimlər, «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri, yüksək balla ali məktəblərə daxil olmuş məzunlar, habelə aidiyyəti təşkilatların təmsilçiləri iştirak edirdilər.
Konfransdan öncə təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə yeni tədris ili ilə əlaqədar təhsil işçilərinə ən böyük töhfənin Prezidentin əmək haqlarının artırılması qərarı ilə verdiyini deyib. Cabbarov yay ərzində 164 orta məktəbdə təmir işləri aparıldığını qeyd edib. Bu da Bakı məktəblərinin yarısını təşkil edir. Nazir əlavə olaraq dörd milyon dərslik çap olunduğunu da diqqətə çatdırıb. Konfransda çıxış edərkən təhsil naziri deyib ki, müəllimlərin dərs yükü normasının yuxarı həddinin 24 saatdan 36 saata qaldırılması, məktəb direktorlarının maaşının müvafiq meyarlar üzrə artırılması nəzərdə tutulur. Ümumi orta təhsilin əhəmiyyətinə toxunan nazir təhsil müəssisələrinin işinin daha səmərəli təşkili üçün qarşıda duran vəzifələrdən bəhs edib. İngilis dilinin tədrisinin gücləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəblərin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklər və digər zəruri tədbirlər haqqında məlumat verib. Təhsil naziri yeni tədris ilində ilk dərsin vətənpərvərlik mövzusuna həsr olunacağını söyləyib və təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bakı Şəhər Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov «2012/2013-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr» mövzusunda məruzə ilə çıxış edərkən deyib ki, bu il paytaxt məktəblərində birinci sinfə şagird qəbulu Təhsil Nazirliyinin təlimat məktubuna uyğun aparılıb və son illər ümumtəhsil məktəblərinin I siniflərinə şagird qəbulunun sayı artmaqda davam edir.
2012/2013-cü dərs ilində I sinfə 36431 şagird qəbul olunduğunu deyən Bayramov qeyd edib ki, 2013/2014-cü dərs ilində də I siniflərə qəbul olunan şagirdlərin sayında artım gözlənilir. Müdir əvəzinin sözlərinə görə, bu il I sinfə qəbul üçün bu vaxta kimi 35 min şagird sənəd verib və hazırda da proses davam edir. Yekun say isə məktəblərdə dərslər başlayanda bilinəcək:
«Şagirdlərin I sinfə qəbulu ilə bağlı istər Nazirliyə, istərsə də idarəyə çoxsaylı şikayətlər daxil olur. Bu şikayətlərdə müsabiqə şərtləri, məktəbdə artıq yerin olmaması və s. səbəblər əsas gətirilərək vətəndaşların incidildiyi deyilir. Bu da təhsil sistemi barədə xoşagəlməz fikirlərin yaranmasına əsas yaradır. Belə xoşagəlməz halların qarşısının alınması üçün hesab edirik ki, ilk növbədə I sinfə qəbul mikroərazilər üzrə aparılmalı, bununla bağlı hər hansı müsabiqənin keçirilməsi qadağan olunmalıdır. Yalnız mikroərazilər üzrə şagird qəbulu başa çatdıqdan sonra digər vətəndaşların müraciətlərinə baxmaq olar».
Bayramovun sözlərinə görə, qəbul imtahanlarının ağırlığı bu gün şagirdi məktəbdən uzaqlaşdırır. Müəllimi isə repetitorluğa sövq edir: «Bu, reallıqdır və bunu deməliyik. Bu ağırlığı sübut edən kifayət qədər faktlar var. Yuxarı sinif şagirdi o qədər yüklənib ki, hansısa yükü öz çiyinlərindən atmaq məcburiyyətindədir. Valideynlərin məsləhəti ilə onlar məktəbə gəlmirlər. Yuxarı siniflərdə təhsil alan şagirdlər hər şeydən təcrid olunublar. Yeniyetmələrin harmonik inkişafı dayanıb. Bu məsələ təhsil işçilərini çox ciddi narahat edir». Bayramov deyib ki, qəbul imtanahlarında nailiyyət əldə etmək üçün orta məktəblərdən ayrılan şagirdlər də var.
M.Bayramovun sözlərinə görə, bəzən Bakı şəhərində təhsil alan şagirdlər adlarını kənd orta məktəblərində yazdırırlar. Amma özləri Bakıda sinif yoldaşları ilə eyni məhəllədə görüşürlər: «Yəni adları kənd rayonlarının məktəblərində, özkəri isə Bakıda qalırlar. İki il öncə Təhsil Nazirliyinin kollegiya iclasında Bərdə Rayon Təhsil Şöbəsinin müdiri qeyd etdi ki, Bakıdan gələn uşaqların üzünü heç vaxt görməmişik. Amma imtahan günü Bakıdan gələn şagirdləri gətirən maşınlar rayonda tıxac yaradırlar. Bu yayınmalar Bakı məktəblərinin göstəricilərini də aşağı salır. Hesab edirəm ki, hər il tələbə qəbulunun nəticələri ilə bağlı ayrıca konfrans keçirilməlidir və bu məsələlər müzakirə edilməlidir».
Bayramov yekun attestasiya imtahanında fənlərin sayının artırılması məsələsinə də toxunub. O deyib ki, TQDK-nın qəbul imtahanlarında abituriyentin topladığı 460 bal normal variantlar əsasında keçirilən imtahanlarda toplanılan 560 bala bərabərdir: «Bu da elə «beş» qiyməti deməkdir. «Azərbaycanda məzunların yekun attestasiyası, yəni buraxılış imtahanları TQDK tərəfindən aparılır. Əgər yekun attestasiya onlar tərəfindən aparılırsa və medallar da yekun attestasiyasının yekunlarına əsasən verilirsə, həmin qurumun kiməsə irad tutmasının heç bir əsası yoxdur. Bəs, məktəbin fəaliyyəti yekun attestasiyada necə qiymətləndirilir? Demək olar qiymətləndirilmir. Demək istəmirəm ki, bizim nöqsanlarımız yoxdur. Amma yekun attestasiya hansı təşkilat tərəfindən aparılırsa, məsuliyyət də onun üzərinə düşməlidir».
M.Bayramovun fikrincə, yekun attestasiya Azərbaycan dili və riyaziyyat fənləri üzrə aparılmamalıdır. Orada təbiət elmləri də əhatə olunmalıdır. Çünki bu fənlər bütün ixtisas qruplarında imtahana düşür.
TQDK Bakı Şəhər Təhsil İdarəsinin müdir əvəzi Bayramovun adıçəkilən komissiyanın ünvanına səsləndirdiyi ittihamlara cavab verib. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə açıqlamasında bildirib ki, Bayramovun fikirləri ilə razılaşmaq olmaz və bu fikirlər qeyri-peşəkardır.
Onun sözlərinə görə, orta məktəblərdə davamiyyətin pozulmasının birinci səbəbini qəbul imtahanlarının ağır olması ilə əlaqələndirmək düzgün deyil: «Əgər o, təhsil təşkilatçısı kimi təhsildə problemlərin olması ilə bağlı fikirlər səsləndirirsə, belə çıxır ki, bu təşkilatçıların özlərində müəyyən problemlər var. Bunun nəticəsində də məktəbdən yayınma halları baş verir. Qoy, onlar bunun səbəblərini başqa yerdə axtarmağa çalışsınlar».
E.Nağızadə deyib ki, 2013-2014-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarının yekun statistik təhlili hələlik aparılmayıb. Bu araşdırmaların Təhsil Nazirliyi ilə birgə aparılması nəzərdə tutulur:
«Biz təəssüf edirik ki, müdir əvəzinin açıqlaması ümumi işlərə zərər verən və qeyri- peşəkar fikirlərdir. Hiss olunur ki, hörmətli Bayramov biliyin qiymətləndirilməsi sahəsi üzrə o qədər də məlumatlı deyil. Amma bundan fərqi olaraq, TQDK rəhbərliyində təmsil olunan şəxslər və əməkdaşlar biliyin qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən dünyanın ən aparıcı təşkilatlarının üzvləridir. TQDK sədri Məleykə Abbaszadə biliyin qiymətləndirilməsi üzrə Şərqi Avropada seçilmiş iki mütəxəssisdən biridir. Bayramovun hər hansı araşdırma aparmadan bu fikirləri bildirməsi və onların hansı araşdırmalara əsaslanması məlum deyil».