Müəllimlər lisensziya ilə işləsin
Təhsil Problemləri İnstitutu ali məktəblərin pedaqoji ixtisaslarını bitirən şəxslər üçün internatura sisteminin tətbiqi ilə əlaqədar tədqiqat aparır. İnstitutun direktoru Abdulla Mehrabov «Trend»-ə bildirib ki, tədqiqatların nəticəsi bu ilin sonunda elan ediləcək.
İnstitut direktorunun sözlərinə görə, inkişaf etmiş ölkələrdə pedaqoji təhsili olanların müəllimlik fəaliyyətinə başlaması üçün internaturadan keçməli, yəni müəllim fəalliyyətinə başlamaq üçün lisenziya almalıdırlar. Azərbaycanda da ali və orta ixtisas məktəblərinin pedaqoji ixtisaslarını bitirən şəxslər birbaşa orta məktəblərdə müəllim işləyə bilməzlər. Həmin şəxslər müəllimlik fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi proqramlar əsasında 10 ay-1 il müddətində təcrübə, yəni internatura keçməlidirlər. İnternaturadan keçmiş şəxslərə sertifikat, başqa sözlə, lisenziya verilir.
İnstitut direktoru hesab edir ki, bu lisenziyanın müddəti 5 il ola bilər. Beş ildən sonra həmin şəxs təkrarən həmin kursu keçməli və yenidən lisenziya almalıdır. İnternaturanın müddəti dövlət tərəfindən müəyyənləşdirilir. Xaricdə isə internatura 2 il ərzində tətbiq edilir. Mehrabovun sözlərinə görə, Azərbaycanda 1 il müddətinə internaturanın keçilməsi daha məqsədəuyğundur. Müəllim işləmək istəyənlər internaturadan magistratura səviyyəsini bitirdikdən sonra da keçə bilərlər.
İnstitut direktorunun sözlərinə görə, hazırda internaturanın tətbiqi məqsədilə hüquqi əsasın yaradılması üçün hazırlıq işləri aparılır. O bildirib ki, məsələ ilə bağlı qanunun qəbulu üçün dövlət qarşısında internaturanın tətbiqi məsələsi qaldırılmalıdır. «Bizim apardığımız tədqiqatın nəticəsi Təhsil Nazirliyinə təklif şəklində verilir. Ola bilər ki, bizim tədqiqatın son nəticəsi əsasında nazirlik hökumət qarşısında məsələ qaldırsın», — Mehrabov əlavə edib.
Bundan başqa, İnstitut TQDK-ya ibtidai sinif müəllimi olmaq istəyənlər üçün ali məktəblərə qəbul zamanı musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənlərindən qabiliyyət imtahanları keçirməyi təklif edir.
İnstitutda İbtidai sinfin bir müəllim və ya fənn müəllimləri tərəfindən aparılmasının mümkünlüyünün müqayisəli təhlili mövzusunda aparılmış tədqiqat işinin yekunlarına əsasən, ibtidai siniflərdə fənlərin bir müəllim tərəfindən tədrisi təlimin keyfiyyətinə müsbət təsir göstərir. Ancaq əksər orta məktəblərin ibtidai siniflərində fənlər bir müəllim tərəfindən deyil, bir neçə müəllim tərəfindən aparılır. İbtidai siniflərdə fənlərin bir müəllim tərəfindən tədris edilməsi isə təlimdə inteqrativliyə əlverişli şərait yaradır, müəllimə işini müasir təhsilin əsas prinsiplərinə uyğun qurmasına kömək edir.
TQDK mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə bildirib ki, ali məktəblərə qəbul üçün hazırlanmış qəbul planına uyğun olaraq, ali təhsil müəssisələrində musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənlərinin hər biri üzrə ayrıca kadr hazırlanır. Bu ixtisaslar üzrə qəbul aparılarkən qabiliyyət imtahanları da keçirilir. Nağızadə bildirib ki, hazırda hər üç ixtisas üzrə ayrıca kadr hazırlığı aparılır. Buna görə də ibtidai sinif müəllimi olmaq istəyənlər üçün qeyd edilən fənlərdən qabiliyyət imtahanlarına ehtiyac yoxdur və hələlik belə bir məsələ nəzərdə tutulmayıb.
Yeri gəlmişkən, sözügedən institut əlavə təhsil (ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili) alan pedaqoji kadrların əməyinin stimullaşdırılmasını təklif edib. Abdulla Mehrabov bildirib ki, əlavə təhsili başa vuran mütəxəssis öz əməyinin ödənilməsindəki fərqi hiss etməlidir.
İnstitut direktorunun sözlərinə görə, stimullaşdırma — əlavə təhsil almış kadrın vəzifədə yüksəldilməsi, ona müəyyən mükafatların verilməsi və s. ola bilər. İnstitut direktorunun sözlərinə görə, hər bir məktəbin fondu olmadığından əlavə təhsil alan müəllimlərin əməkhaqqına əlavələrin edilməsi bir qədər çətindir. TN də bu məsələləri özü həll edə bilməz. Əlavə təhsil alanların əməyinin stimullaşdırılması məsələsinin qanunvericiliyə daxil edilməsi üçün də müəyyən qurumlar tərəfindən təkliflər hazırlanmalı və təsdiqlənməlidir.