Müdafiə Nazirliyində dəyişikliklər: proseslər və perspektivlər
Oktyabrın 22-də prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Zakir Əsgər oğlu Həsənov Azərbaycanın müdafiə naziri təyin olundu. Prezidentin növbəti sərəncamına əsasın isə Z.Ə.Həsənova general-polkovnik hərbi rütbəsi verildi.
Arayış: Müdafiə Nazirliyinin rəsmi veb səhifəsində (www.mod.gov.az) dərc olunan məlumatda Z.Həsənovun tərcümeyi-halı belə təqdim olunur: 6 iyun 1959cu ildə Astara rayonunda doğulub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib. 1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib. Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini — Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib, 17.05.2003-cü il tarixli 869 N-li Fərmanı ilə isə general-mayor, 06.05.2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Respublika Prezidentinin 16.08.2002-ci il Sərəncamı ilə «Hərbi xidmətlərinə görə» medalı, 30.06.2004cü il tarixli 294 N-li Sərəncamı ilə «Azərbaycan Bayrağı» ordeni ilə və Milli Təhlükəsizlik Nazirinin 15.12.1998-ci il tarixli 0294 N-li əmri ilə «Sərhəddə fərqlənməyə görə» medalı ilə təltif edilib. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının müdafiə naziri təyin edilmiş və general-polkovnik rütbəsi verilmişdir. Ailəlidir. İki övladı var.
Səfər Əbiyev niyə çıxarıldı?
18 ildən artıq eyni vəzifədə olan general-polkovnik Səfər Əbiyevin yeni kabinetdə vəzifə almamasının səbəbləri nədir? Ekspertlərin araşdırmalarına görə, Səfər Əbiyevin müdafiə naziri vəzifəsindən çıxarılmasının daxili və xarici səbəbləri vardır:
1) Xarici səbəblər: ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın səsinin gizli olaraq yazılmasının əsas məsuliyyətinin Əbiyevdə olması və bu hərəkətinə görə, okeanın o tayından Azərbaycan hökumətinə gələn narazılıqlar. Mənbənin bildirdiyinə görə, Səfər Əbiyevin bu hərəkəti ümumiyyətlə diplomatik, etik qaydalara zidd olub və bütüb dünyada Azərbaycanın hərbi-siyasi rəhbərliyinə qarşı etimadsızlıq mühiti yaradıb. Bunun ardınca bir sıra beynəlxalq təşkilatların, bəzi Avropa dövlətlərinin müdafiə nazirliklərindən Azərbaycana hökumətinə Əbiyevin hərəkəti ilə bağlı ötürülən etiraz.
2) Daxili səbəblər: Səfər Əbiyevin son dövrlərdə etdiyi hərəkətlərlə bağlı Müdafiə Nazirliyinin daxilində ona qarşı etimadsızlığın yaranması, generallar arasında ciddi fikir ayrılıqlarının yaranması və s. Əbiyevin adının müxtəlif korrupsiya məsələlərində hallanması.
Araşdırmalar göstərir ki, Səfər Əbiyevin vəzifədən çıxarılması Silahlı Qüvvələrdə ciddi islahatlara başlanılması üçün ciddi imkanlar yarada bilər. Müstəqil ekspertlərin qiymətləndirmələrinə görə, bu gün Azərbaycan ordusunda rüşvətxorluq və korrupsiya tuğyan edir, maddi-texniki təminatda ciddi problemlər var, kadrların təyin olunmasında qanunsuzluq halları artıb və ən əsası qeyri-döyüş itkilərinin sayı kəskin artıb. Bütün bunlar Azərbaycan ordusunda ciddi idarəçilik böhranının olmasından xəbər verir. Vəziyyət hətta idarəolunmaz hala gəlib çıxmaqdadır. İlin əvvəlindən gənclər təşkilatları, ictimaiyyət nümayəndələri aksiyalar keçirdilər və Səfər Əbiyevin bütün qeyd edilənlərə görə vəzifədən çıxarılması vacib idi. Amma İlham Əliyev gözləmə mövqeyi tutdu. «Lakin Əbiyevə qarşı beynəlxalq etimadsızlıq mühitinin yaranmasından sonra prezidentin ayrı yolu qala bilməzdi», — deyə ekspertlər bildirir. Ekspertlərin sözlərinə görə, Səfər Əiyevin dövründə hərbçilərə qarşı ciddi qanunsuzluqlar baş verib. Məhkəmə qətnamələri Müdafiə Nazirliyi tərəfindən yerinə yetirilməyib. Səfər Əbiyevin nəzarətində olan qruplar hərbi ekspertlərə qarşı fiziki zorakılıq etməkdən belə çəkinməyiblər və həmin şəxslər indiyə qədər cəzalandırılmayıb. «Keçmiş nazir sorğu-suala tutulmalı, onun fəaliyyəti ilə bağlı mətbuatda işıq üzü görmüş korrupsiya və rüşvətxorluq faktlarının araşdırılmasına başlanılmalıdır», — deyə ekspertlər bildirir.
Nəyə görə Zakir Həsənov?
Əldə olunan məlumatlara görə, hakimiyyətin Səfər Əbiyevin yerinə 3 namizədi olub. Bunlar Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, prezidentin hərbi məsələlər üzrə müşaviri Bahid Əliyev və Daxili Qoşunların komandanı Zakir Həsənov idi. Hakimiyyət daxilində ümumi müzakirələrin gedişində Z.Həsənovun nazir təyin olma şansları daha çox olub. Ekspertlərin sözlərinə görə, Zakir Həsənovun bir neçə səbəbdən nazir olma şansları daha çox olub. Birincisi, DQ komandanı olmaqla Z.Həsənov İlham Əliyevin əmrlərini yerinə yetirib və 2003-2005-ci illərdə müxalifətin aksiyalarının yatırılmasında, Azərbaycanda «rəngli inqilablar»ın baş tutmamasında əsas rol oynayanlardan biri olub. Beləliklə, bununla da Z.Həsənov özünü İ.Əliyevin nəzərində doğruldub.
İkinci məsələ isə Daxili Qoşunların maddi-texniki təminatı ilə bağlıdır. Müəyyən problemləri istisna etsək, ümumilikdə, DQ-da iri miqyasda rüşvət və korrupsiyanın olması, DQ rəhbərliyinin korrupsiyaya qurşanması barədə mətbuatda hər hansı informasiyalara, faktlara rast gəlinməyib. Eyni zamanda, DQ-nin bir çox hərbi hissələrinin ictimaiyyətin üzünə açıq olması diqqəti çəkib. Xüsusilə də DQ-nın informasiya siyasəti, mətbuat xidmətinin fəaliyyətini Müdafiə Nazirliyinin mətbuat xidmətinin yarıtmaz fəaliyyəti ilə qətiyyən müqayisə etmək olmaz. Hərbçilərin maddi-texniki təminatı, qidalanma səviyyəsi yüksək olub. Beləliklə, müəyyən məqamlar var ki, Z.Həsənovun müdafiə naziri vəzifəsində Əbiyevdən fərqli olacağını, aşkar korrupsiya və rüşvətxorluğu aradan qaldırmağa çalışacağını, ən azı əsgər ölümlərinin sayının azaldılmasına cəhd göstərəcəyi perspektivlərini düşünməyə imkan verir. Amma bütün bunlar sadəcə düşüncələrdir.
Ekspertlərin fikrincə, real vəziyyətə iki aydan sonra qiymət vermək mümkün olacaq.
Zakir Həsənovun ordu konsepsiyası
Yeni müdafiə naziri general-polkovnik Zakir Həsənovun indiyə qədər mətbuata verdiyi açıqlamalar, müsahibələr onun düşüncəsi, baxışları barədə müəyyən fikirlər yaradır. Z.Həsənov müsahibələrinin birində bildirib ki, «köhnə qaydalar və nizamnamə tələbləri bu gün bizə bəzi məsələlərdə əngəllər yaradır. Ona görə də biz müasir döyüş qaydalarını öyrədərkən, döyüş hazırlığını təşkil edərkən artıq NATO standartlarına tələb verən sənədləri əldə rəhbər tutur, onlardan bəhrələnirik. Bununla əlaqədar bəzi sənədlərə dəyişikliklər etmək zərurəti yaranıb.
Həsənov bildirib: «İnsanlar bunu anlamalıdırlar ki, NATO standartları Şimali Atlantika alyansına daxil olan dövlətlərin Silahlı Qüvvələrinin heç də yekcins olmasını nəzərdə tutmur. Məsələn, NATO-ya üzv ölkələrin dağ-piyada briqadaları öz təşkilati-ştat quruluşuna və silahlanma göstəricilərinə görə heç də eyni ola bilməz. Doğrudur, o da var ki, birgə əməliyyatlar zamanı müxtəlif ölkələrin hərbi strukturlarının fəaliyyətinin uzlaşdırılması da vacibdir. Fərdi Tərəfdaşlıq Proqramında (PARP) iştirak edən Azərbaycan NATO-nun bəzi standartlarına uyğun gəlməlidir. Lakin bu, o demək deyil ki, biz öz Silahlı Qüvvələrimizin sərəncamındakı bütün silah və hərbi texnikadan tamamilə imtina etməliyik».
Həsənovun sözlərinə görə, İraqda, Əfqanıstanda, Rusiyanın cənubunda aparılmış və aparılmaqda olan hərbi əməliyyatların, onların Azərbaycandakı yerli şəraitdə tətbiq yollarınını, mümkünlüyünü ciddi şəkildə təhlil edib öyrənmək çox vacibdir.
«Bir hərbçi kimi demək istəyirəm ki, biz müharibəyə, onun aparılmasına hər an hazır olmalıyıq. Biz şəxsi heyəti dağlıq şəraitdə, Dağlıq Qarabağın coğrafiyasına uyğun ərazidə hərbi əməliyyatlar aparmağa gecə-gündüz öyrədirik», — deyə o Rusiya mətbuatına açıqlamasında bildirib.
Həsənov bildirib ki, rəhbərlik etdiyi idarənin təşkilati-ştat strukturu bu gün inkişaf etmiş dövlətlərin müvafiq qurumlarının strukturlarına çox uyğundur. «Biz bu istiqamətdə Türkiyənin təcrübəsindən geniş istifadə edirik. Türk jandarmeriyasının zabitləri xidməti və döyüş hazırlığı zamanı bizə həmişə yardım edirlər. Döyüş hazırlığı, buna nail olmaq üçün lazım gələn normativ sənədlər bizdə Avropa, NATO standartları səviyyəsinə gətirilib çatdırılıb. Bizim təlim və hazırlığımız hərbi nöqteyi-nəzərdən NATO standartlarına tam uyğundur», — deyə o bildirib.
Silahlı Qüvvələrin peşəkar-müqaviləli xidmət sisteminə keçirilməsinə gəlincə Həsənov bildirib ki, o, həmişə qarışıq sistemin tərəfdarı olmuşdur. «Məncə, döyüş hazırlığını təmin edən, müasir silahlarla və hərbi texnika ilə davranmaq sahəsində dərin hərbi bilik və bacarıq tələb edən aparıcı vəzifələri müddətdən artıq xidmət edənlər, gizirlər və zabitlər tutmalıdırlar. Lakin elə vəzifələr də var ki, orada dərin hərbi bilik tələb olunmur. Bu vəzifələri müddətli xidmət edən əsgərlər tutmalıdır», deyən Həsənovun fikrincə, vətəndaşların daim orduya çağırılması və ordudan təxris edilməsi Silahlı Qüvvələr və digər hərbi strukturlar üçün ehtiyatın yaradılması üçün vacibdir.
Eyni zamanda, o hesab edir ki, vətəndaşların orduya daimi şəkildə çağırılması və təxris edilməsi, xalqla ordu arasındakı əlaqələri möhkəmləndirməyə xidmət edir. «Bu möhkəm əlaqələr vətənin müdafiəsi zamanı özünü müsbət cəhətdən göstərir, eləcə də cəmiyyətin Silahlı Qüvvələrə nəzarətini gücləndirməyə yardım edir. Mən Silahlı Qüvvələrin və digər hərbi strukturların istisnasız olaraq yalnız peşəkar muzdlulardan yaradılmasının əleyhinəyəm. Muzdlu üçün əsas məsələ maddi maraqdır. Bu da özlüyündə hər şeyi deyir…» .
Həsənovun qarşılaşacağı çətinliklər
Ekspertlərin sözlərinə görə, əsas problemlər MN-də oturuşmuş generalitetlə münasibətlər zamanı ortaya çıxa bilər. Xatırladaq ki, son 3-4 il ərzində Müdafiə Nazirliyi generalların mübarizə məkanına çevrilib. Səfər Əbiyevin uğursuz siyasəti nəticəsində ordu rəhbərliyi içərisində mərkəzi idarəetməyə qarşı ciddi inamsızlıq formalaşmışdı. Təsadüfi deyil ki, Həsənovun Müdafiə Nazirliyinin şəxsi heyətinə təqdimatında iştirak edən Şəmkir hərbi birləşməsinin komandiri, general-mayor Rövşən Əkbərov «Media forum» saytına mediaya açıqlamasında belə söyləyib:
«Prezident, ali baş komandan İlham Əliyev həmişə olduğu kimi yenə də çox düzgün qərarlar qəbul edib. Biz yeni müdafiə naziri Zakir Həsənovu peşəkar, düzgün, təmiz, intizamlı və yaxşı bir zabit kimi tanıyırıq. Hesab edirəm ki, dövlətimiz və ordumuz üçün gözəl işləyəcək. Vətəninə, prezidentinə, ali baş komandanına canla-başla xidmət etmək istəyən hər bir generalın əl-qolu yenidən açıldı, imkanlar yarandı. Yeni nazirə uğurlar arzulayıram….. Yeni nazirin təyin və təqdim olunmasından hamı çox razı qaldı, şad oldu. Çox gözəl əhval-ruhiyyə var, hamı çox şaddır. Bütün zabitlər tapşırıqları canla-başla yerinə yetirəcəklər. Generallarımız məmnundur» .
Ekspertlərin fikrincə, Həsənov Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunan xeyli sayda «idarəolunmaz» generalı qarşılıqlı anlaşmaya dəvət etməli, ya da onları vəzifədən uzaqlaşdırmalıdır. Görünən odur ki, hazırda həmin generallar Həsənovun təyinatından razıdırlar və bu baxımdan ciddi problemlərin yaranmayacağına ümidlər var.
Dəyişdirilmiş kadrlar
«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, Zakir Həsənov vəzifəyə təyin olunduqdan bu günə qədər Silahlı Qüvvələrin müxtəlif strukturlarında xeyli dəyişiklik baş verib, təxmini rəqəmlərə görə, 40-dan artıq yüksək və orta vəzifəli general və zabit vəzifələri dəyişdirilib, onlardan bir çoxusu ehtiyata göndəriliblər. Azərbaycan Silahlı Qüvvələrində sonuncu dəfə buna oxşar həcmdə kadr dəyişiklikləri və yerdəyimələr 2007-2008-ci illərdə baş vermişdi. O zaman kadr dəyişikliklərinin NATO standartlarına uyğun olaraq yaradılmış strukturlara uyğun aparıldığı bildirilirdi və sözsüz ki, ciddi problemlərlə müşayiət olunurdu. Lakin o zaman kadr dəyişiklikləri aşağı vəzifəli zabitləri əhatə edirdi. Lakin hazırkı dəyişikliklər Silahlı Qüvvələrin idarəetmə strukturlarının rəhbərlərinin dəyişdirilməsinə yönəlib və bununla da hakimiyyətin orduda son illər güclənməkdə olan idarəetmə böhranının qarşısını almaq istəyinə dair müəyyən perspektivlər ortaya çıxır.
İndiyə qədər mətbuat Azərbaycan Müdafiə Nazirliyində aşağıdakı dəyişikliklərin olduğunu yazıb:
MN Mühəndis istehkam xidmətinin rəisi, polkovnik Mehman Qədiməliyev vəzifəsindən çıxarılaraq Bərdə hərbi birləşməsinin mühəndis-istehkam xidmətinin rəisi təyin olunub. Onun yerinə SQ Hərbi Akademiyasının «Mühəndis istehkam» kafedrasının rəisi, polkovnik Anar Kərimov təyin edilib.
MN Hərbi Polis İdarəsinin rəisi, polkovnik Bəbir Həsənov vəzifəsindən azad edilib. Bu vəzifəyə polkovnik Füzuli Salahov təyin edilib. Salahov əvvəllər Sərhəd Qoşunlarında hərbi hissə komandiri, daha sonra Daxili Qoşunlarda idarə rəisi vəzifəsində çalışıb.
MN Büdcəyə nəzarət və maliyyə İdarəsinin rəisi, polkovnik Elçin Mehdiyev tutduğu vəzifədən azad edilərək cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyin edilib.
SQ Baş İnspeksiyasının rəisi general-mayor Məmməd Beydullayev vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Azərbaycanın Milli Qəhrəmanı polkovnik Fəxrəddin Cəbrayılov təyin edilib.
Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə general-mayor Ramiz Tahirov gətirilib. O, həm də müdafiə nazirinin yeni müavini təyin olunub. Tahirov Hava Hücumundan Müdafiə Qoşunlarında xidmət edib. O, bu təyinata qədər Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisinin müavini vəzifəsində çalışıb. İndiyə qədər HHQ komandan vəzifəsini müvəqqəti icra edən general-mayor Altay Mehdiyev HHQ qərargah rəisi vəzifəsinə qaytarılıb.
MN Şəxsi iş İdarəsinin rəisi, eyni zamanda, SQ Baş Qərargah rəisinin müavini, Səfərbərlik İdarəsinin rəisi general-leytenant Yaşar Aydəmirov tutduğu vəzifədən azad edilib.
MN Katibliyinin rəisi polkovnik Samir Musayev vəzifəsindən azad olunub. Onun SQ Təlim-Tədris Mərkəzində kurs rəisi təyin olunduğu bildirilir. Müdafiə nazirinin 3 köməkçisi vəzifəsindən azad olunub.
MN mətbuat xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu istefa üçün raport yazıb və onun müavini mayor Teymur Abdullayev və mətbuat xidmətinin əməkdaşı İsa İsmayilov vəzifəsindən azad olunub.
Azərbaycan Ali Hərbi məktəbində kursant taborunun komandiri polkovnik Ənvər Əfəndiyev Bərdə Hərbi Birləşməsinin qərargah rəisi vəzifəsinə təyin edilib.
Ehtiyatda olan general-mayor Aleksandr Vasyak (MN Əməliyyat İdarəsinin sabiq rəisi, həmçinin Hərbi Elm Mərkəzinin keçmiş baş zabiti) MN-in Daxili Təhlükəsizlik İdarəsinə şöbə müdiri vəzifəsinə təyin edib.
SQ Baş Klinik Hospitalın rəisi Firudin Qarabəyov tutduğu vəzifədən azad edilərək MN Mərkəzi Hərbi Poliklinikasının rəisi təyin edilib. F.Qarabəyov SQ-in Baş Klinik Hospitalın rəisi təyin olunana qədər Mərkəzi Hərbi Poliklinikasının rəisi vəzifəsində çalışıb. Ehtiyatda olan zabit Tofiq Tağıyev Baş Klinik Hospitalının rəisi vəzifəsinə təyinat alıb. Ehtiyatda olan polkovnik-leytenant Malik Qurbanov MN Ərzaq Xidmətinin rəisi təyin olunub.
Mətbuatın yazdığına görə, hərbi birləşmə komandiri, general-leytenant Nizam Osmanov da tutduğu vəzifəsindən azad edilib. Qeyd edək ki, Osmanov 2004-cü ildən 1-ci Ordu Korpusunun komandiri vəzifəsində çalışıb. Polkovnik Elman Orucov Naxçıvan hərbi polisinə rəis təyin edilib.
Müdafiə Nazirinin qətlə yetirimiş sabiq müavini HHQ və HHM qoşunlarının komandanı general-leytenant Rail Rzayevin qardaşı polkovnik-leytenant Rəfail Rzayev MN Hərbi daşınmalar şöbəsinə rəis vəzifəsinə təyin edib. Polkovnik-leytenant İbrahim Əlimirzəyev Beyləqan Hərbi Birləşməsinin komandiri vəzifəsindən çıxarılıb. Polkovnik Vüsal Ələkbərov isə Beyləqan Hərbi Birləşməsinə qərargah rəisi təyin edilib. Bildirildiyinə görə, bundan əvvəl o MN Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifəsində xidmət edib.
General-mayor Heydər Piriyev Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi təyin olunub. Buna qədər AAHM rəisi vəzifəsini məktəb rəisinin müavini, polkovnik Mirzəli Yusifov icra edib. Yusifov məktəbin rəis müavini vəzifəsində qaldığını bildirib. Buna qədər Priyev Naxçıvan 5-ci ordu birləşməsinin qərargah rəisi, ondan əvvəl isə AAHM rəisi vəzifəsində çalışıb.
Bakıda yerləşən N saylı hərbi hissənin komandiri, polkovnik Hikmət Həsənov Naxçıvan korpusuna qərargah rəisi vəzifəsinə təyinat alıb. Müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədovun ordu sıralarından tərxis olunmaq üçün raport yazdığı bildirilib.
MN Mənzil-İstismar İdarəsinin (Mİİ) ləğv edildiyi, bu idarənin funksiyalarını yeni yaradılmış qurumun həyata keçirəcəyi bildirilib. Polkovnik-leytenant Zakir Hiftəliyev bu işlərə səlahiyyətli təyin olunub. Zakir Niftəliyev bundan əvvəl MN-in Mİİ-nin layihə-smeta şöbəsinin rəisi vəzifəsində çalışıb.
Polkovnik Şair Ramaldanovun hərbi xidmətə qaytarıldığı bildirilib. Əbiyev Ramaldanovu Hərbi Akademiyanın rəisi müavini vəzifəsindən azad etmişdi. Ramaldanovun ya Təlim-Tədris Mərkəzinə, ya da nazilriyin katibliyinə rəis vəzifəsinə təyin olunması haqda qərarın verilməsi gözlənilir.
MN-in mətbu orqanı olan «Azərbaycan ordusu» qəzetinin baş redaktoru, polkovnik-leytenant İbrahim Rüstəmov vəzifəsindən kənarlaşdırılıb. Baş redaktorun işdən azad edilməsi ilə bağlı əmr hələlik imzalanmasa da, o, müalicə üçün hospitala göndərilib.
Təlim Tədris Mərkəzinin rəisi, polkovnik Şəmsəddin Abuşov vəzifəsindən uzaqlaşdırılıb və onun yerinə Nizami Əlibəyov təyin edilib. MN-in Raket-Artilleriya Qoşun Xidmətinin rəisi Yaqub Əhədov vəzifəsindən azad olunub.
MN-in Kəşfiyyat idarəsinin rəisi, general-mayor Rəhim Cəfərov isə sərəncama göndərilib.
MN-in Hərbi Nəşriyyatının rəisi Pənah Abdullayev tutduğu vəzifədən azad edilib.
Ekspertlərin fikrincə, Zakir Həsənovun həyata keçirdiyi kadr islahatlarının əsas istiqamətləri aşağıdakı kimidir:
— Müdafiə Nazirliyinin kadr və hərbi təhsil sahəsi;
— Müdafiə Nazirliyinin maliyyə və maddi-texniki təchizat sahəsi;
— Müdafiə Nazirliyinin informasiya siyasəti;
— Hərbi Polis sahəsi.
Hər dörd istiqamət Azərbaycan Silahlı Qüvvələrində böhrana uğramış istiqamətlərdir. «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin ekspertləri hesab edir ki, Müdafiə Nazirliyinin maliyyə və büdcə məsələlərinə cavabdeh olan şəxslərin vəzifədən çıxarılması o anlama gəlir ki, yeni rəhbərlik orduya ayrılmış pulların necə xərcləndiyini araşdırmağı düşünür. İndiyə qədər müdafiə xərclərinin düzgün istifadə olunmaması barədə çoxsaylı məlumatlar, faktlar mətbuatda dərc olunub. Əksər hərbi hissələrin təmir-tikintisi zabitlərin və əsgərlərin məvacibləri hesabına həyata keçirilib, halbuki büdcədə bütün bunlar üçün vəsaitlər ayrılıb. Vəziyyətin bu həddə çatması Silahlı Qüvvələrin şəxsi heyəti içərisində ciddi narazılıq, Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı inamsızlıq yaratmışdı.
Müdafiə Naziriliyində kadrlar və hərbi təhsil məsələlərinə cavabdeh general və zabitlərin vəzifədən çıxarılması ona işarədir ki, siyasi hakimiyyət ordunun kadrlarla təmin olunmasında ortaya çıxan ciddi problemləri nəhayət, görüb. Belə düşünmək olar ki, Ali Hərbi Məktəblərə qəbulda yeniliklər etmək, cəmiyyətin hərbi peşəyə marağını artırmaq üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Yoxsa əks təqdirdə, ordunun peşəkar kadrlarla təminatında ciddi problemlər qalmaqda davam edəcək.
Ekspertlərin fikrincə, Müdafiə Nazirliyinin mətbuat xidmətində çalışan rəhbər şəxslərin vəzifələrindən çıxarılması onu deməyə əsas verir ki, yeni nazir ordunun informasiya siyasətinin iflasa uğradığını hiss edir. Səfər Əbiyevin nazirliyinin son 6-7 ilində mətbuat xidməti ordunun maraqlarını deyil, nazirin şəxsi maraqlarının alətinə çevrilmişdi, mətbuat xidmətinin rəhbərliyi, xüsusilə də Eldar Sabiroğlu yeri gəldikdə öz səlahiyyətlərinə uyğun olmayan siyasi bəyanatlar verməkdən, generallar arasındakı ziddiyyətlərə qoşulmaqdan belə çəkinmirdi. Bütün bunlar cəmiyyətdə və ordunun daxilində Silahlı Qüvvələrə, MN rəhbərliyinə qarşı inamsızlıq hissini gücləndirirdi.
Strategiya qəbul edilməlidir
Bəs yeni təyin olunan kadrlar NATO standartlarına nə dərəcədə uyğundurlar? Ekspertlərin sözlərinə görə, Səfər Əbiyevin kadr siyasəti Azərbaycanın NATO standartlarından maksimum şəkildə uzaqlaşdırıb. Son 10 il ərzində Azərbaycan ordusunun kadrlarla təmin olunması baxımından ciddi böhran yaşanıb. Xarici ölkələrdə, xüsusilə də Türkiyədə təhsil almış kadrlar müxtəlif bəhanələrlə ordudan uzaqlaşdırılıblar. Belə bir vəziyyətdə orduda ciddi kadr dəyişikliyi aparılmasına, təcrübəli zabitlərin həlledici vəzifələrə təyin olunmasına ehtiyac yaranmışdı. «İndi yeni müdafiə nazirinin həyata keçirdiyi addımlara, təyin etdiyi kadrlara hələlik qiymət vermək çox tezdir. Bu dəyişikliklərin Azərbaycan ordusunun NATO standartlarına nə dərəcədə yaxınlaşdırıb yaxınlaşdırmayacağını ən azı 2-3 aydan sonra bilmək mümkün olacaq. Amma aydındır ki, həmin kadrların əksəriyyəti bir vaxtlar Əbiyevlə yaxşı münasibətləri olan, daha sonra isə müxtəlif səbəblərdən münasibətləri pozulmuş, bəziləri idarəetmə sistemində korrupsiyaya uğramış, barələrində müxtəlif məlumatlar dolaşan şəxslərdir. Onlar sözsüz ki, NATO standartlarına uyğun deyillər. Həmin zabitlərdən, generallardan bəlkə də ordu quruculuğundakı keçid dövründə istifadə etmək olar. Amma strateji yanaşma olmasa, yaxın perspektiv üçün konkret planlar olmasa, ciddi dəyişikliklər etmək mümkün olamyacaq», — deyə «Doktrina» JHAM qeyd edir.
Mərkəz ekspertlərinin fikrincə, hakimiyyət qısa müddət ərzində ordunun müasir, savadlı kadrlarla təmin olunması istiqamətində strategiya qəbul etməlidir. Bu strategiya misal üçün 5 il ərzində savadlı kadrların yetişdirilməsini, xeyli sayda Azərbaycan zabitinin xarici hərbi təhsil müəssisələrinə göndərilməsini, Ali Hərbi Məktəblərdə təhsilin keyfiyyətinin, təminatının yüksəldirlməsini nəzərdə tutmalıdır. Məhz həmin kadrların hesabına ordunu müasir kadrlarla gücləndirmək, təmin etməm mümkün olacaq.
Eyni zamanda, «Doktrina» JHAM ekspertləri hesab edirlər ki, hazırda Müdafiə Nazirliyinin rəhbərliyində xeyli sayda zabit var ki, onlar vəzifələrindən çıxarılmasa onda Silahlı Qüvvələrdə ciddi islahatların, inkişafın olacağını proqnozlaşdırmaq çətin olacaq. Ekspertin sözlərinə görə, adları sadalanan şəxslər Səfər Əbiyevin orduda qurduğu idarəçilik iyerarxiyasının mənfi xüsusiyyətlərini özlərində birləşdirən əsas fiqurlardır. «Əslində bu iyerarxiyanın müsbət tərəflərindən danışmaq belə çətindir. Çünki bu idarəçilik daha çox şəxsi mənfəətlərə, maliyyə maraqlarına, ziddiyyətlərə, yerliçilik və qohumbazlıq münasibətlırinə əsaslanır. Bu sistemi darmadağın etmədən yeni ordu qurmaq mümkün olmayacaq», — deyə ekspertlər bildirir.
Həsənovu gözləyən islahatlar
Ekspertlərin sözlərinə görə, Həsənovun təcili şəkildə həyata keçirməli olduğu islahatlar aşağıdakılar olmalıdır:
1. Şəxsi heyətin təcili yerdəyişməsinə başlanılmalıdır. Savadlı zabitlərin irəli çəkilməsi və məsuliyyətli vəzifələrə təyin olunması zəruridir. MN idarə rəislərinin xidməti yoxlanılmalıdır. Xüsusilə də maddi-texniki təminat və maliyyə idarələrinin, tərbiyə işləri idarəsinin fəaliyyəti yoxlanılmalıdır. Ordu qeyri-peşəkar, savadsız, səriştəsiz, tabeliyində olan bölmələrin sülh və müharibə dövründə idarə edilməsi üzrə heç bir nəzəri biliklərə — praktiki idarəçilik qabiliyyətinə malik olmayan zabit, gizir, müddətdən artıq hərbi xidmət qulluqçusu, generallardan, kadr təyinatı işində şəxsi maraqlarını güdənlərdən azad olunmalıdır;
2. Ordudan korrupsiya və rüşvətxorluq yığışdırılmalıdır. Zabitlərin hərbi hissələrdə öz hesablarına təmir aparmaları hallarına son qoyulmaldır. Əsgərlərin sosial maddi-texniki təminatının tam normalarla verilməsi 100 faiz təmin olunmalıdır, oğru, talançı, dələduz olan bütün növ təminat (maliyyə, ərzaq, əşya, yanacaq-sürtkü materialları, tibb və digər) zabitləri və gizirləri ordu sıralarından xaric olunmalıdır;
3. Əsgərin dərdini öyrənən səmərəli mexanizm yaradılmalıdır. Əsgər ölümlərinə səbəb olan hallar aradan qaldırılmalı və problem dərindən öyrənilməlidir. 2013-cü ilin ötən müddətində MN hərbi hissələrində 50 qeyri-döyüş itkisinin olması orduda ciddi islahatlara başlamaq üçün vacib siqnaldır. Orduda mənəvi-psixoloji təminat aparılmalı, bu işlər peşəkar zabitlərə, vicdanlı-vətənpərvər psixoloqlara həvalə edilməli, həm xidmətdə, həm də ehtiyatda olan bu sahə üzrə peşakar zabitlərdən hərbi xidmətə çağırılmaqla və ya müqavilə üzrə hərbi xidmətə cəlb edilməklə, onların biliklərindən maksimum istifadə edilərək mənəvi-psixoloji hazırlıq üzrə zabit kadrların yetişməsinə Ali Hərbi məktəbdə kafedraların — ixtisasların açılmasıyla və Təlim Tədris Mərkəzində kafedra, silsilə və xüsusi kursların yaradılmasıyla nail olunmalıdır. Orduda aparılan işlərin daha da təkmilləşdirilməsi və inkişafı üçün daimi-davamlı olaraq şəxsi heyətin kateqoriyalarına uyğun olaraq mütəmadi sosiolji sorğular aparılmalı, rəsmi olaraq zabit-gizir-MAXHQ-çavuş-əsgər heyətindən MN-də yaradılacaq 24 saat qaynar xəttə daxil olan məlumatların dəqiq vaxtında baxılması üçün ərizə, təklif və şikayətlərə baxılması xidməti yaradılmalı, o cümlədən ictimaiyyətlə-valideynlərlə sıx əməkdaşlıq nəticəsində bütün problemlərin vaxtında həlli istiqamətində kəsərli tədbirlər görülməlidir;
4. Silahlı Qüvvələrdə NATO standartlarına uyğun ciddi ştat-struktur islahatları başlanılmalıdır. Zabitlərin, gizirlərin, müddətdən artıq hərbi xidmət qulluqçularının, çavuşların ədalətli şəkildə hərbi xidmətlərinə, bilik-bacarıqlarına, peşəkarlıqlarına görə müvafiq vəzifələrə təyin olunması və həvəsləndirilməsi, o cümlədən xidmətə gəlmiş gənc əsgərlərin döyüş vəzifələrinə bölgüsü zamanı şəxsi fiziki-psixoloji keyfiyyətlərinin nəzərə alınması üçün şəffaflığın təmin olunması, o cümlədən ön və arxa cəbhədə, arxa təminat bölmələrində əsgərlərin növbəli şəkildə yerdəyişməsini ədalətli və şəfaf təmin etmək istiqamətində məqsədyönlü ədalətli kadr siyasəti aparılmalıdır;
5. Parlament və cəmiyyət qarşısında hesabatlılıq təmin olunmalıdır. İnformasiya siyasəti dəyişdirilməlidir. MN mətbuat xidmətinə savadlı, informasiya siyasətinin aparılması qaydalarını yaxşı bilən kadrlar təyin olunmalıdır. Orduda baş verən cinayət hadisələri barədə cəmiyyətə dayanmadan məlumat verilməlidir.Orduya demokratik nəzarət bərqərar olmalıdır.
6. Hərbi qulluqçuların sosial təminatı, zabitlərin mənzillə təminatı problemləri araşdırımalı və həllini tapmalıdır. Hərbi qulluqçuların məvaciblərinin artırılması istiqamətində hökumətə təkliflər hazırlanmalıdır. Zabit, gizir, çavuş və MAHXQ-ların mənzil-yaşayış şəraiti tam yaxşılaşdırılmalı, bunula bağlı yaradılmış müvafiq komissiyanın tərkibi yenilənməli, ailəli olanlar ilk növbədə 100 faiz xidməti mənzillə təmin olunmalıdır;
7. Hərbi təhsilin səviyyəsi qaldırılmalıdır. Hərbi liseydə, Ali hərbi məktəblərdə, Təlim-Tədris Mərkəzinə qəbul və orada təhsil, semestr, kurs və buraxılış imtahanları, dənizçilik, təyyarəçilik və digər ixtisaslara bölgü yalnız bilik-bacarıq üzrə aparılması nəticəsində şəfaflaşdırılmalı, müəllim-professor, komandir-rəis heyəti peşakar vicdanlı-vətənpərvər, məsuliyyətli hərbiçilərdən formalaşdırmalı, təhsil-təlimin keyfiyyətinin yüksəldilməsiylə peşakar zabitlərin yetişdirilməsinə nail olunmalı, həmçinin bu işə ehtiyyatda olan peşakar zabitlər cəlb edilməlidir;
8. Müdafiə Nazirliyi tərəfindən hərbçilərlə bağlı çıxarılmış məhkəmə qətnamələrinin yerinə yetirilməsinə başlanılmalıdır. Burada söhbət hərbi qulluqçulara əmək haqqlarının 3-cü qatının, əşya-əmlak kompensasiyalarının və məzuniyyət pullarının verilməsindən gedir.
9. Hərbi qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanmalı, sovetlərdən qalma qanunların dəyişdirilməsi işinə töhfə verilməlidir. Hərbi nizamnamələr ordunun ştatına uyğunlaşmalı və ya bütün ştatlar mövcud hərbi nizamnamələrə-qanunlara tam uyğunlaşdırılmalıdır, o cümlədən bütün hərbi nizamnamələr milli kontekstdə müasir dövrün inkişafının tələbinə uyğunlaşdırılmalıdır ki, kimin hansı vəzifədə hansı nizamnaməyə uyğun hansı vəzifəni yerinə yetirməsini, o cümlədən hansı səlahiyyətə sahib olmasını dəqiq bilinsin. Komandir-rəis heyətinin işinin təkmilləşdirilməsi istiqamətində hərbi intizamın və hüququ qaydalarının möhkəmləndirilməsi üçün hüquqi tərbiyəvi tədbirlər görülməlidir.
10. Orduda «dedovşina» hallarına, qanundan kənar münasibətlərə son qoyulmalıdır. Qoşunlarda, hərbi hissələrdə günün nizam-qaydaları dəqiq və vaxtında yerinə yetirilməli, hərbi qulluqçular arasında münasibətlərin yalnız hərbi nizamnamələr çərçivəsində olmasıyla sosial-ədalət prinsiplərinə riayət olunması, hərbi kollektivlərdə olan mövcud mənfi mikroqrupların liderlərinin və mikroqrupların ləğv olunması, həmçinin komanda-rəis heyətindən tabeliyində olan şəxsi heyətlə qeyri-rəsmi qardaşlıq prinsipləriylə və nizamnamədən kənar kor-təbii idarəçiliyə yol verən komandir-rəis heyətinin dərhal vəzifədən azad edilməsi bütün qoşun fəaliyyətinin mütəşəkkilliyi təmin edilməlidir;
Ekspertlər hesab edirlər ki, əgər Həsənov qeyd edilən istiqamətlərdə addımlar ataraq islahatlar həyata keçirsə, onda Silahlı Qüvvələrdə ciddi dəyişiklikləri görmək mümkün olacaq. Yox əksinə, heç bir addım atılmasa, onda Səfər Əbiyevin nazirlik dövründən hər hansı fərq olmayacaq.