Müdafiə nazirimiz “907-ci düzəliş”dən narazılıq etdi
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ müdafiə katibinin köməkçisinin müavini, xanım Evelin Farkas arasında görüşdə Azərbaycan-ABŞ hərbi əməkdaşlığı müzakirə olunub. MN mətbuat xidməti bildirir ki, görüşdə Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq proqramına əsasən hərbi əlaqələrin və müdafiə sahəsində münasibətlərin dərinləşdirilməsi istiqamətində faydalı fikir mübadiləsi aparılıb. Müdafiə naziri regiondakı gərgin hərbi-siyasi vəziyyəti qonağın diqqətinə çatdırmaqla yanaşı, ölkələrarası uzunmüddətli əməkdaşlığın inkişafına maneçilik törədən bəzi amillər üzərində dayanıb.
Nazir “907-ci düzəliş”in indiyədək aradan qaldırılmamasını xüsusi vurğulayaraq qeyd edib ki, bu düzəliş nəinki hərbi əməkdaşlıq məsələlərində, eləcə də digər problemlərin həllində öz mənfi rolunu oynayır. Əbiyevin fikrincə, vaxtilə ədalətsiz qaydada qəbul edilmiş bu düzəlişin ləğvi gələcək əməkdaşlıq sahəsində əlaqələrin daha da dərinləşməsinə əlverişli zəmin yaradar. Görüş zamanı Azərbaycan-ABŞ arasında hərbi əməkdaşlığa dair digər mühüm məsələlər barədə də geniş müzakirələr aparılıb.
Görüşdə ABŞ səfiri Riçard Morninqstar da iştirak edib.