“Mübariz” snayper tüfəngi yaxın günlərdə silahlanmaya qəbul olunur
Bu silaha Milli qəhrəman Mübariz İbrahimovun adı verilib. «Mübariz» «İstiqlal» antimaterial snayper tüfəngi ailəsindəndir. Tüfəng uzaq məsafədə düşmənin canlı qüvvəsini, hərbi texnikasını, möhkəmləndirilmiş mövqelərini məhv etmək üçün hazırlanıb.
Nazirin sözlərinə görə, yaradılan ikinci istehsalat sahəsində isə bütün növ döyüş sursatlarının təhlükəsiz şəraitdə utilizasiyası aparılır. Başqa bir istehsalat sahəsində 120 mm-lik minaların, aviasiya bombalarının müasir texnologiya əsasında partlayıcı maddələrlə doldurulması prosesi gedir.
Camalov qeyd edib ki, bundan əlavə, 5 növ kapsulun seriyalı istehsalına başlanıb: “120 mm-lik minaatanların yaradılma mərhələsini başa çatdıraraq onların seriyalı istehsalına başladıq. Eləcə də 5, 45 mm-dən 14,5 mm-ə qədər döyüş sursatlarının mənfi 50, müsbət 50 dərəcəyədək temperaturda sınaqlarının keçirilməsi üçün sınaq mərkəzini yaratmışıq. Hazırda nazirliyin müəssisələrində idarə olunan raketlərin yaradılması istiqamətində elmi-texniki işlər davam etdirilir”.
Nazir, bu il ərzində MSN-in 3 xarici ölkədə tenderlərə qatılaraq qalib olduğunu və gələn ildən həmin ölkələrə ixracat həyata keçiriləcəyini deyib.
Bu ölkələrin adları açıqlamayan Camalov qeyd edib ki, bu, 2014-cü ildə Azərbaycanın hərbi ixracatını əhəmiyyətli dərəcədə artıracaq. Nazir onu da deyib ki, gələn il Bakıda keçiriləcək, regionda ilk olan ACEX-2014 Beynəlxalq Müdafiə Sərgisində 21 ölkədən 100-dək şirkət iştirak edəcəyini təsdiqləyib.