Muəllif:

Mübariz Qurbanlı Ruzinskini istefaya göndərməyi təklif edir

“Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri Andrey Ruzinskinin “Krasnaya Zvezda” qəzetinə açıqlaması çox təəssüf və təəccüb doğurur”, — hakim YAP icra katibinin müavini Mübariz Qurbanlı Turan-a bildirib. Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri Andrey Ruzinski oktyabrın 10-da “Krasnaya Zvezda” qəzetinə müsahibəsində deyib ki, Rusiyanın hərbi bazasının cavabdehlik zonasında hərbi-siyasi vəziyyət həyəcanlı olaraq qalır və Ermənistan-Azərbaycan münaqişəsi regionunda qarşıdurmanın gərginləşməsi ehtimalı ilə bağlı sabitliyi pozan bir sıra amillərin mövcudluğu ilə səciyyələnir. “Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ üzərində yurisdiksiyanı güc yolu ilə bərpa etməyi qərara alarsa, hərbi baza KTMT çərçivəsində Rusiya Federasiyasının müqavilə öhdəliklərinə uyğun olaraq silahlı münaqişəyə başlaya bilər”, — komandir qeyd edib.
M.Qurbanlının fikrincə, bir hərbi hissə komandiri dövlət başçısı və ya xarici işlər naziri səviyyəsində açıqlama verib. “Bu, Rusiya siyasi hakimiyyətində subordinasiya və siyasi iyerarxiya sisteminin bərbad vəziyyətdə olduğunu göstərir. Normal sistemdə belə açıqlama vermiş komandir yəqin ki, istefaya göndərilərdi. Çünki Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir, beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərə səs vermiş ölkədir”, — o bildirib.
İcra katibinin müavini ehtimal edir ki, hərbi baza komandiri Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin sakitləşdirilməsi üçün bu fənddən istifadə edib. “Ancaq bütün hallarda hansısa bir hərbi hissə komandirinin bu tipli açıqlaması Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməkdən çəkindirə bilməz”, — M.Qurbanlı qeyd edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 181