Mübahisəmiz düşdü, üzmə çapıq atdı
Qəsdən adam öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 19 yaşlı Cavid İbrahimovun məhkəməsi başlayıb. İttihama görə, ötən ilin noyabrın 26-da Cavid İbrahimov 35 yaşlı Telman Səfərovu metronun “İnşaatçılar” stansiyası yaxınlığında çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.
Tərəflər arasında mübahisə hadisədən bir müddət əvvəl noyabrın 10-da başlayıb. Həmin gün məhəllədə söhbət zamanı Telman başqalarına elədiyi yaxşılıqları danışaraq öyünüb.
Cavid ona lovğalanmamağı məsləhət görəndə tanışlar arasında mübahisə düşüb. Nəticədə Telman Səfərov Cavid İbrahimovun üzünə çapıq atıb. Özünü təhqir edilmiş hesab edən Cavid İbrahimov Telman Səfərovdan qisasını alıb.
Bu cinayət işi üzrə hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiyada məhkəmə istintaqı başlayıb. Məhkəmə iclasında ifadə verən Cavid İbrahimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Telman Səfərovla aralarında dəfələrlə mübahisə baş verib. Onun sözlərinə görə, sonuncu mübahisə zəminində Telman Səfərov üzünə çapıq atıb: “Telman bu hərəkətindən sonra özünü böyük adam kimi apardı və məni təhqir olunmuş kimi təqdim etdi. Onun hərəkətləri məni qəzəbləndirdi və bu cinayəti törətmək qərarına gəldim. Buna görə də yenidən aramızda mübahisə düşdü. Məni bıçaqla vurmaq istədi. Təpiklə vurub bıçağı əlindən saldım və götürərək 6 bıçaq zərbəsi vurdum”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda törədiyi cinayət əməlindən peşmançılıq hissi keçirdiyini bildirib. Daha sonra məhkəmə iclasında zərərçəkmiş tərəfin nümayəndəsi ifadə verib. Məhkəmə iclası davam edir.