Muəllif:

MSK sədri: Rüstəm İbrahimbəyovun sənədlərinə baxılma mərhələsi başlayıb

MSK sədri Məzahir Pənahov müxalifətin Milli Şuranın vahd namizədi Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi məsələsinə münasibət bildirib. Pənahov jurnalistlərə bildirib ki, ikili vətəndaşlığın olmaması ilə bağlı tələb Azərbaycan Konstitusiyasının tələbidir: «Kim Azərbaycan prezidenti olmaq istəyirsə, Konstitusiyanın bir neçə tələbləri var və bu tələblərin əsaslarından biri odur ki, ikili vətəndaşlığı olan, digər ölkələr qarşısında öhdəliyi olan vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti ola bilməz. Yəni bu, Azərbaycan Konstitusiyasının tələbidir. Buna görə, bu məsələlərə qanunvericiliyin yol verdiyi şərtlər çərçivəsində baxılmalıdır. Burada başqa yol ola bilməz».

Pənahoov qeyd edib ki, Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya dünən daxil olub: «Bu gündən həmin sənədlərə baxılmaq mərhələsi başlayıb. Bizim üçün namizədin adının, familiyasının və yaxud da onun kimliyinin əhəmiyyəti yoxdur. Yəni Azərbaycan Respublikasının Prezidenti olmaq hüququ olan şəxs bu istiqamətdə addımlarını atmaqda azaddır və MSK-ya müraciət edə bilər. MSK qanunvericiliyin tələbinə uyğun olaraq bu addımları atacaq. Biz beş gün müddətinə bu məsələlərə baxmalıyıq və komissiya hansı qərara gələcəksə, onun şahidi olacaqsınız».

MSK sədri təəssüf edir ki, seçkilərin keçirilməsi və onların nəticələrinin dəyərləndirilməsi ilə bağlı qərəzli tendensiyalar müşahidə olunur. Bəzi xırda nöqsanları şişirdib elə təqdim edirlər ki, guya seçkilər antidemokratik yöndə aparılır, bir-iki fakta görə bütün seçkiləri şübhə altına almaq cəhdi olur. «Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi» mövzusunda keçirilən sessiyada çıxışı zamanı Pənahov qeyd edib ki, bu məsələlərdə müşahidəçilərin də üzərinə böyük məsuliyyət düşür: «Biz maksimum səviyyədə birlikdə çalışmalıyıq ki, hər hansı nöqsan baş verməsin».

Onun sözlərinə görə, MSK beynəlxalq qurumlarla əməkdaşlıq etmək üçün daim hazırdır, heç bir əməkdaşlıqdan imtina etmirik: «Hələ elə bir fakt olmayıb ki, bizə olunan təklifdən obyektiv və ya subyektiv səbəbdən imtina edək. Hətta bizə qarşı açıq şəkildə qərəzli olan tərəflərlə də əməkdaşlığa hazırıq. Kimsə fikirləşir ki, bu seçkilərə müdaxilədir, bu, tamamilə yalnış fikirdir. Seçkilərə müdaxilə başqa formada, əməkdaşlıq isə hər bir halda lazımdır».

MSK sədri bildirib ki, buna qədərki seçkilərdə seçki məntəqələrinin 10 faizində veb-kameralar quraşdırılmışdırsa, indi ölkə rəhbərliyinin şəxsi tapşırığı ilə artıq məntəqələrin 20 faizində veb-kameralar quraşdırılacaq: «Azərbaycanda keçirilən seçkilər ilk növbədə Azərbaycan xalqını razı salmaq üçün keçirilən mühüm kampaniyadır. Bu, dünyanın hər yerində belədir. Dünyanın heç bir yerində ideal seçkilər keçirilmir, əgər kimsə bunu iddia edirsə, düşünürəm ki, düzgün demir. Çünki seçkilər milyonların iştirak etdiyi prosesdir. Lakin biz çalışırıq ki, istənilən müraciəti adekvat araşdıraq».

Məzahir Pənahov onu da qeyd edib ki, ölkə mühüm seçki kampaniyası ərəfəsindədir və bu, beynəlxalq qurumların da geniş maraq dairəsindədir və Azərbaycanın beynəlxalq qurumlarla, xüsusilə ATƏT-lə uğurlu əməkdaşlığı seçkilərin demokratik, şəffaf keçirilməsində mühüm rol oynayacaq, MSK da öz növbəsində prezident seçkilərinin keçirilməsinə nəzarət edən qurum kimi üzərinə düşən bütün vəzifələrin yüksək səviyyədə yerinə yetirməyə çalışır.

MSK sədri bildirib ki, Azərbaycanda demokratik, ədalətli, azad seçkilərin keçirilməsi üçün zəruri olan bütün şərait mövcuddur: «Ölkədə ictimai-siyasi sabitlik hökm sürür, ən əsası ölkə başçısının özünün demokratik seçkilərin keçirilməsi üçün siyasi iradəsi mövcuddur. Ölkə başçısına da təşəkkür edirəm ki, seçkilərin keçirilməsi üçün bütün şəraiti təmin edib, çünki bu olmadığı təqdirdə demokratik seçkilərin keçirilməsi mümkün olmazdı».

Sessiya iştirakçıları barədə məlumat verən M.Pənahov qeyd edib ki, Seçki Məcəlləsinin tələbinə görə, icra orqanları seçkilərin yüksək səviyyədə keçirilməsində müstəsna rolu və vəzifələri var: «Məhz bu səbəbdən bugünkü sessiyada yerli İcra hakimiyyəti orqanlarının rəhbər şəxsləri iştirak edir. Çünki seçkilərin keçirilməsinin yüksək səviyyədə təşkili birbaşa onların diqqət mərkəzində olmalıdır, onlar bu məsələdə məsuliyyətlidirlər».

Məntəqələrdə seçkilərin müşahidəçilər tərəfindən izlənilməsi baxımından Azərbaycanda keçirilən seçkilər dünyada ən qabaqcıl yerlərdədir: «Seçkilər prosesini indiyə qədər keçirilən seçkilərdə 10 minlərlə müşahidəçi izləyib, bu seçkiləri də xeyli sayda müşahidəçilərin izləməsi gözlənilir və onlar seçkiləri izləmək üçün heç kimdən icazə almağa borclu deyillər».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 326