MSK-dan İlqar Məmmədova «hə», İbrahimbəyova «yox» cavabı
Mərkəzi Seçki Komissiyası (MSK) “ReAL” hərəkatının sədri İlqar Məmmədovun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etdi. İbrahimbəyov isə «yox» cavabı aldı.
MSK katibi Arifə Muxtarova MSK-nın bu gün keçirilən iclasında deyib ki, İlqar Məmmədovun namizədliyinin qeydə alınması ilə bağlı MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib. ReAL hərəkatının sədri İlqar Eldar oğlu Məmmədovun öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. Yığıncaqda Xalid Zakir oğlu Bağırov İ. Məmmədovun səlahiyyətli nümayəndəsi kimi təsdiq olunub. MSK bir daha tövsiyə edib ki, imzatoplama kampaniyası ilə bağlı məqamlar İ. Məmmədova şəxsən izah edilsin.
Rüstəm İbrahimbəyovun namizədliyi isə təsdiq edilməyib. MSK-nın hesablamasına görə, Rüstəm İbrahimbəyov 74 il ərzində cəmi 1163 gün Azərbaycanda yaşayıb. Yəni hardasa 3 il…
İbrahimbəyov Milli Şura seçicilərinin Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüşdü.
MSK katibi Arifə Muxtarova bildirib ki, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Daroxin MSK-nın sorğusuna cavab olaraq bildirib ki, İbrahimbəyov 28 noyabr 1991-ci il tarixdən Rusiya vətəndaşıdır. Arifə Muxtarova bildirib ki, Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyovun namizədliyinin qeydə alınması ilə bağlı MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olmadığı müəyyən edilib: “Bu qərarın verilməsində Rusiya qarşısında vətəndaşlığı və öhdəliyinin olması əsas götürülməlidir”.
İclasda Azərbaycan və Rusiyanın müvafiq qurumlarına ünvanlanan sorğular barədə də məlumat verilib.
MSK bütün bunları əsas gətirərək, açıq səsvermə yolu ilə R. İbrahimbəyovun namizədliyinin təsdiq olunmaması haqda qərar verib…