Moskvanın tərəvəz bazasında trotil şaşkaları və qumbara tapılıb
Moskvanın tərəvəz bazalarından birində trotil şaşkaları və qumbara tapıldığı iddia edilir.Rusiya DİN saytına istinadən, silah-sursat bazada keçirilən əməliyyat-axtarış tədbirləri zamanı aşkar edilib. Bildirilir ki, oktyabrın 21-də Moskvada Azərbaycan vətəndaşı olan sahibkarın oğurlanmasında şübhəli bilinən üç azərbaycanlı saxlanılıb. Sahibkarı güc tətbiq edərək tapança ilə hədələyən cinayətkarlar onu Kuzminsk meşə parkına aparıblar və orada sağ qalması üçün 3 mln. rubl (təxminən 100 min dollar) tələb ediblər. Girov bu məbləği toplamaq üçün azadlığa buraxılıb və dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Moskvada qanunsuz yaşayan üç azərbaycanlı həbs edilib.
Polis müəyyən edib ki, onların əlbir olduğu şəxslər tez-tez göyərti bazasına baş çəkirlər. Orada həyata keçirilən axtarış zamanı ümumi çəkisi 400 qram olan iki trotil şaşkası, onların elektron detonatorları və RQD-47 qumbarası tapılıb. Polisin fikrincə, bu silah-sursat sahibkarları təhdid etmək üçün istifadə olunub. Faktla bağlı cinayət işi açılıb. Müvafiq icra hakimiyyəti orqanlarına bazanın bağlanmasına dair qərar qəbul olunması üçün müraciət hazırlanır, deyə APAnın xəbərində deyilir.