Moskvada qeyri-leqal miqrantlara düşərgə yaradılıb. Orada az sayda azərbaycanlı da var
Moskvanı da anlamağa çalışmaq gərəkdir. Bir parça çörək dalınca bu böyük şəhərə üz tutanlar onun üçün böyük sosial problemlər yaradırlar. Bu baxımdan Rusiya paytaxtında qeyri-leqal miqrantlar üçün təşkil edilən çadır şəhərciyi durumdan daha bir çıxış yolu kimi görülür. Son günlər Moskva ərazisində saxlanılan qeyri-leqal miqrantların sayı artıq o həddə çatıb ki, onları yerləşdirmək üçün şəhərdə müvəqqəti saxlanma təcridxanaları çatışmır. Bu səbəbdən də paytaxt polisi qanunu pozan miqrantlar üçün düşərgə təşkil edib.
APA-nın Moskva müxbiri paytaxtın Qolyanovo rayonunda salınan çadırlardan ibarət qeyri-leqal miqrant düşərgəsində olub. Bu düşərgəyə həbsxana da demək mümkündür. Düşərgənin hasarının hündürlüyü bunu deməyə əsas verir. Dəmir darvazanın girişində polis postu qurulub. Ərazini xüsusi təyinatlı polis dəstələri — OMON qoruyur. Həbsxananı xatırladan bu düşərgədə yaşayan miqrantlar hər gün yemək və içməli su ilə təmin olunurlar. Onlara qaravaşaq sıyığı və ət konservi verilir. Düşərgə ərazisində zibil qabları və əl-üz yuyanlar da qoyulub. Çadırlarda isə çox sıx şəkildə iki mərtəbəli dəmir çarpayılar quraşdırılıb. Demək olar ki, bir çarpayıda iki-üç nəfər yatır.
Qolyanovoda salınan çadır şəhərciyi paytaxt polisinin bu ərazidə keçirdiyi “təmizləmə” əməliyyatından sonra meydana gəlib. Belə ki, çadırların salındığı ərazidə polis 1200 nəfər Vyetnam vətəndaşının yaşadığı depo aşkarlayıb. Həmin ərazidə yerləşən 20-yə yaxın gizli sexdə Vyetnamdan olan miqrantların əməyindən istifadə olunduğu aşkarlanıb. Bundan başqa, polis həmin ərazidə 200 nəfərə yaxın Misir, Suriya, Mərakeş, Qırğızıstan, Azərbaycan və Özbəkistan vətəndaşlarını da saxlayıb. Qeyri-leqal miqrantların sayının həddən artıq çox olmasını görən polis və şəhər rəhbərliyi həmin ərazidə düşərgə qurmağa məcbur olub.
Düşərgədə olanların əksəriyyəti Orta Asiya və Vyetnamdan olan miqrantlardır. Əraziyə əvvəlcə kənar şəxslərin, o cümlədən jurnalistlərin belə buraxılmayacağı deyilsə də, sonradan jurnalistlərin ərazidə çəkiliş aparmasına icazə verildi. Ətrafda ancaq Orta Asiya və Vyetnamdan olan miqrantlar gözə dəyirdi. Ya da onların sayı o qədər çox idi ki, digər ölkələrdən olan miqrantlar gözə dəymirdi.
Bura gətirilən miqrantların sayı demək olar ki, hər gün artır. Biz düşərgədə olan zaman artıq çadırlara yerləşdirilmiş miqrantların sayı 500-ü keçmişdi. Onlarla söhbət etmək cəhdimiz baş tutmadı. Çünki əksəriyyəti Vyetnamdan olan miqrantlar rus dilində danışmaqda əziyyət çəkirdilər.
Rusiya DİN Moskva Baş Polis İdarəsinin İctimai asayiş şöbəsinin rəisi Vyaçeslav Kozlov jurnalistlərə açıqlamasında bildirib ki, çadır şəhərciyi 900 nəfərə yaxın miqrant üçün hesablanıb. Onun sözlərinə görə, düşərgədə müvəqqəti yaşayan miqrantlar şəxsiyyətləri təsdiqlənənə qədər burada qalacaqlar: “Daha sonra isə onlar öz ölkələrinə deportasiya olunacaqlar. Hazırda düşərgədə olan miqrantlar burda keçirilən əməliyyat zamanı saxlanılanlardır. Çox güman ki, paytaxtın digər yerlərində saxlanılan qeyri-leqal miqrantlar da bura gətiriləcək. Miqrantların şəxsiyyətinin təsdiq olunması və barmaq izlərinin Daxili İşlər Nazirliyinin bazası vasitəsi ilə yoxlanılması üçün düşərgəyə texnikalar da gətirilib”. V.Kozlov düşərgə ərazisində miqrantların sərbəst hərəkətinə icazə verildiyini də söyləyib: “Burada onların sərbəstliyini heç bir maneə törədilmir. Lakin onlara düşərgə ərazisini tərk etmək qadağa olunub”.
Paytaxt polisindən miqrantlar üçün salınan çadır şəhərciyində Azərbaycan vətəndaşlarının olub-olmamağını öyrəndik. Polisdən bildirildi ki, son günlər keçirilən əməliyyatlar zamanı saxlanılanlar arasında Azərbaycan vətəndaşları da olub: “Lakin onların əksəriyyətinin sənədləri qaydasında olub, bir qisminin isə Rusiya vətəndaşlığı olub. Çadır şəhərciyində olan miqrantlar arasında da Azərbaycan vətəndaşları var. Lakin onların sayı digər ölkələrdən olan miqrantlarla müqayisədə çox azdır. Yaxın zamanlarda onların hər hansı kriminal hadisələrdə iştirak edib-etməməsi araşdırıldıqdan sonra öz ölkələrinə deportasiya olunacaqlar”.
Son hadisələr onu göstərdi ki, Rusya hökuməti qanunsuz miqrasiyaya qarşı bir neçə qanun qəbul etsə də, bu qanunların heç biri işə yaramır. Ucuz işçi qüvvəsi kimi miqrantların əməyi müəyyən şəxslərə və dairələrə hələ də sərf edir. Ona görə də ara-sıra polisin “təmizləmə” əməliyyatı paytaxt əhalisinin gözündən pərdə asmaq xarakteri daşıyır. Belə ki, Moskva sakinlərinin miqrantlara qəzəblə yanaşması hamıya məlum olan faktdır. Bu narazılıq Rusiyanın digər regionları ilə müqayisədə paytaxt Moskvada daha güclüdür. Dağıstanlının 15 yaşlı qızı zorlaması polisin və hökumətin növbəti aksiyası üçün yaxşı bəhanə oldu. Hazırda da bu bəhanədən məharətlə istifadə olunur. Nəzərə alaq ki, qarşıdan Moskvada meriya seçkiləri, Moskva vilayətində isə qubernator seçkiləri gəlir. Deməli, seçki öncəsi polisin döyülməsi ilə bağlı hadisə və bunun ardınca bazarlarda “təmizləmə” əməliyyatı paytaxt sakinlərinin səsini qazanmaq və qeyri-qanuni miqrantlarla bağlı vəziyyətin düzələcəyinə dair onlarda ümid yaratmaq məqsədi daşıyır.