Moskvada azərbaycanlılardan ibarət cinayətkar dəstə yaxalanıb
Moskvada azərbaycanlılardan ibarət cinayətkar dəstə yaxalanıb. Onlar zərgərlik mağazalarına hücumlar təşkil edərək soyğunçuluqla məşğul olublar. Rusiya DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının Moskva, Sankt-Peterburq və Nijnı Novqoroddan olan həmkarları ilə birgə əməliyyatı nəticəsində zərgərlik mağazalarında soyğunçuluq törətməkdə təqsirləndirilən azərbaycanlılardan ibarət dəstənin üzvləri yaxalanıb. Bu cinayətkar dəstə Mərkəz, Şimal-Qərb və Privoljsk federal dairələrinin ərazisində fəaliyyət göstərib. Mağazalara hücumlar zamanı onlar odlu silahdan istifadə ediblər.
Dəstə üzvləri tez-tez yaşadıqları ünvanı və telefonlarını dəyişərək konspirativ həyat tərzi keçirirmiş. Təkcə Sankt-Peterburqda onlar 10-dan çox mağazaya basqın ediblər. Operativ-axtarış tədbirləri nəticəsində dəstə üzvləri Moskva Mərkəzi İnzibati Dairəsində yaxalanıblar. Dəstənin yaşları 25-29 arası olan 4 Azərbaycan vətəndaşı və 26 yaşlı peterburqlu qadından ibarət olduğu müəyyənləşib. Onların üzərində “Makarov” tapançası tapılıb və yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanı 1,5 kiloqram zərgərlik məmulatları aşkarlanaraq götürülüb. Fakt üzrə soyğunçuluq maddəsi ilə cinayət işi qaldırılıb.