Muəllif:

Moskvada Arif və onun oğlu Orxan Hüseynovların sərgisi açılıb

Moskvada Azərbaycanın xalq rəssamı Arif Hüseynovun və onun oğlu, gənc rəssam Orxan Hüseynovun sərgisi açılıb. Rusiya Dövlət Şərq Xalqları Muzeyində keçirilən sərgi Heydər Əliyev Fondu, Azərbaycanın Rusiya səfirliyi, Azərbaycan və Rusiya Mədəniyyət nazirlikləri və hər iki ölkənin Rəssamlar Birliyi tərəfindən təşkil olunub.

Sərgidə nümayiş olunan əl işlərinin mövzusu Azərbaycanın nağılları və folkloru olub. Ata və oğul Hüseynovlar əsərlərində xalqımızın adət və ənənələrini, məişətini yumor və fantaziya ilə əks etdirib. Sərginin açılış mərasimində çıxış edən muzeyin direktoru Aleksandr Sedov bildirib ki, sərgidə nümayiş olunan əsərlər ona rus xalq nağıllarının personajlarını xatırladıb: “Fikrimcə, ümumi mədəniyyət qatı bu iki xalqın mədəniyyət və incəsənətini qidalandırır”. A.Sedov layihəyə dəstəyinə görə Heydər Əliyev Fonduna təşəkkürünü də bildirib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə çıxışında Moskvada keçirilən sərginin önəmindən danışıb, Azərbaycanın xalq rəssamı Arif Hüseynovun və onun oğlu, istedadlı gənc rəssam Orxan Hüseynovun Rusiya Dövlət Şərq Xalqları Muzeyində sərgisinin keçirilməsinin vacib mədəniyyət hadisəsi olduğunu söyləyib: “Orxan Hüseynova gənc olmasına baxmayaraq, artıq ustad rəssam demək olar. Mən çoxdan Orxanın yaradıcılığını izləyirəm. Onu dünyanın ən məşhur muzeylərinin birində sərgisinin açılışı münasibətilə təbrik edirəm”. Səfir bildirib ki, xalq rəssamı Arif Hüseynovun nağıllara çəkdiyi illüstrasiyalar uşaqları tərbiyələndirir: “Rəsm əsərlərindəki bədii söz uşaqlara gözəllik hissi, mədəniyyət və gözəlliyi görmə qabiliyyəti aşılayır”.

Tədbirdə çıxış edən Rusiyanın əməkdar rəssamı Əsgər Məmmədov, layihənin kuratoru Svetlana Xromçenko azərbaycanlı rəssamların yaradıcılığından danışıblar.

Arif Hüseynov isə çıxışında artıq 20 ildir əsərlərinin Moskvada nümayiş olunmadığını söyləyib: “Mən Moskvada təhsil almışam. Bütün ittifaqdan burda gənc rəssamlarla birgə yaxşı məktəb keçmişik. Sərginin adı “Azərbaycan nağılları”dır. Bu gün müasir Azərbaycan da nağılları xatırladır”.

Qeyd edək ki, Arif və Orxan Hüseynovların sərgisi noyabrın 10-a kimi davam edəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 202