Muəllif:

«Morqanın izi ilə» gələnlər kimlərdir?

Hərə bura bir məqsədlə gəlirdi və gəlir. Kimi təbii ehtiyatlarımızla maraqlanır, kimi zəngin mədəniyyətimizi öyrənir, kimi al-əlvan bitki örtüyümüzə heyran qalır, kimi də burada erməni izi arayır… Bəli, bəli, yanlış anlamadınız… Bu gün Azərbaycanın bir sıra bölgələrində arxeoloji qazıntılar aparılır. Onlardan biri də Cənub-Şərqi Azərbaycan Arxeoloji Ekspedisiyasıdır.
Həvəskar arxeoloqlar olan fransız Morqan qardaşlarının şərəfinə “100 ildən sonra Morqanın izi ilə” adlanan layihə çərçivəsində fransızlar Morqanın vaxtilə abidələri qazıb dağıtdıqları, materiallarını daşıdıqları Mistan, Mastail, Tüli, Rəzqov, Qosmailon və digər kəndlərdə olub, təkcə Coni kəndində 80-dən artıq daş qutu qəbiri dağıdıblar. Hazırda Fransada Sen-Jermen Muzeyində saxlanılan materiallar Azərbaycan materialları kimi deyil, «erməni-talış materialları» adı altında saxlanılır. Bəzilərinə görə, bu materiallar bir yanlışlıq üzündən bu adlar altında nümayiş etdirilir…
Doğrudanmı Jak dö Morqanın Azərbaycanın cənub-şərq bölgəsində dağıtdığı qəbirlərdən əldə etdiyi və bu gün Fransada Sen-Jermen Muzeyində nümayiş etdirilən maddi mədəniyyət örnəkləri yanlışlıq nəticəsində “erməni-talış materialları” adı ilə təqdim olunur? Bunu aydınlaşdırmaq üçün Jak dö Morqanın kimliyini araşdırmaq kifayətdir…
Ermənilərin “Hayazq” fondunun ensiklopediyasında belə bir bölmə var: “Erməni xalqının dostları”. Burada milliyyətcə erməni olmayan, lakin ermənilərə dərin sevgisi, dəstəyi, tarixlərinə, mədəniyyətlərinə ermənilər kimi yanaşan, onları müdafiə edən şəxslər haqqında geniş danışılır. “Erməni xalqının dostları” siyahisinda əslən fransız olan, misirşünas arxeoloq Jak dö Morqanın da öz yeri var. Burada Morqanın 1918-ci ildə çap etdirdiyi “Şərq vəhşilərinə qarşı” və ya “Erməni xalqının tarixi” kitabından bol-bol sitatlar gətirilir. Bu qatı türk düşməni və ermənipərəst fransız 1916-1917-ci illərdə guya Osmanlı türklərinin “məzlum” erməni xalqına qarşı törətdiyi “cinayətləri” Avropa mətbuatında çap etdirdiyi məqalələrində göstərir. Bu gün türkləri genosiddə günahlandıran, “kürdləri özlərinin əbədi düşmənləri” (Devid Lenq. Ermənilər. Yaradıcı xalq. – Moskva, Mərkəzpoliqraf nəşriyyatı, 398 s.) hesab edən, Jak dö Morqanı da “erməni xalqının dostları” siyahısına daxil edən ermənilər məhz bu fransızın yazdıqlarına daha çox əsaslanır, “Osmanlı İmperiyasında ermənilərin genosidi” (s. 554-556) “sənədlər və materiallar” toplusunda özəl yer ayırırlar. Bəs ermənilər onu necə özlərinə «dost» qazanıblar? Bunu bilmək üçün yenə də Jak dö Morqanın kimliyinə müraciət etmək kifayətdir. Belə ki, erməni müəlliflərinin özlərinin üzə çıxardıqları yazışmalardan bəlli olur ki, İstanbulda doğulmuş erməni Arşak Çobanyanın istəyi, materialları və pulu, bizansşünas Qustav Şlumberqerin vasitəçiliyilə Morqan qısa müddətə “Erməni xalqının tarixi”ni yazır. Lakin arxeoloji qazıntıların materialları ilə ermənilərin qədimliyini əsaslandıra bilməyən geoloq Axtalada mis mədənlərində işləyərkən nisbətən yaxın, eyni zamanda da başqalarının araşdırması çətin ola bilən dağ kəndlərində — erkən orta əsrlərdən burada yaşamış və xristianlığı qəbul etmiş Savir Türklərinin əski yurdlarında apardığı qazıntılar zamanı əldə etdiklərini «erməni materialları» adı ilə təqdim edir, öz cəfəngiyyatına elmi don geydirməyə çalışır.

Onu da qeyd edək ki, ermənilər Morqanın erməni xalqı qarşısında məxsusi xidmətlərini nəzərə alaraq erməni-fransız iqtisadi əlaqələrinin 125 illiyi münasibətilə tarixi Axtala ərazisinə Jak dö Morqanın adını verməyi planlaşdırırlar. Bundan həvəslənən fransız arxeoloq və digər əlaqədar ixtisas sahibləri “Morqanın izi ilə” Azərbaycanın Lerik rayonunda araşdırmalar aparırlar. İnanırıq ki, onlar əldə olunan materialları Morqanın siyahısının davamı kimi deyil, onun yanlışlığının sübutu kimi qəbul edəcəklər.

Misirşünas arxeoloqun erməniləri talışlarla eyniləşdirərək onların “birgə qədim tarixini” ortaya çıxarmaq kimi cəfəng arzusu yəqin İstanbulda Cobanyandan aldığı paralardan qaynaqlanıb… Özünə alim deyən, əslində isə tarixi saxtalaşdıran Morqanın izi ilə bu gün Azərbaycana gələn, onun qəbiristanlıqlarını dağıtdığı, ulu babalarının ruhunu narahat etdiyi kəndləri gəzən fransızlar anlamalıdır ki, Azərbaycanın cənub-şərq bölgəsinin ermənilərə heç bir aidiyyəti yoxdur. İndiki Talış dağlarında isə üzü qədimlərdən bəri ən müxtəlif tayfalar, qəbilələr yaşayıb və yaşayır. Əgər Morqan gəzdiyi ölkələrin adlarını bu qədər açıq-aydın təhrif edirsə, daha doğrusu danaraq başqalarının adına çıxırsa, deməli, onun 1915-ci ildə Osmanlıda baş verən hadisələrə münasibəti də qərəzli imiş. Paradan qaynaqlanırmış.

“Morqanın izi ilə” Azərbaycanın cənub-şərq bölgəsində araşdırmalar aparan fransız heyətin də əslində nə məqsədə qulluq etdiyini hələ ki, ancaq təxmin etmək olar. Bunu zaman göstərəcək. Maraqlıdır ki, jurnalistlərlə söhbətində madam Mişel Kazanova öz dəstəsini “Morqanın davamçıları” adlandırır. Dəstədə isə mütəxəssislərlə yanaşı ermənipərəstlərin çoxluğu ilə seçilən Sorbon və Panteon universitetinin tələbələri də var… Müsahibədən görünür ki, madam Kazanova Azərbaycana gəlməzdən öncə Morqanın Sorbon, Bordo, Bretani muzeylərindəki arxiv materiallarını yaxşıca mənimsəyiblər. Bu materiallardan nə öyrəndikləri isə…

Onu da deyək ki, Fransada bu işlər sponsorların maliyyə dəstəyilə həyata keçir. Ancaq tək onu deyə bilərik ki, Azərbaycan heyətinin Fransaya getməsi, materiallarla yerində tanış olmaları, haqlı iradlarını bildirmələri, materialların Azərbaycan materialları adı ilə kataloqlaşdırılmasının planlaşdırılması tariximizə, xalqımıza qarşı qarşı haqsızlığın aradan qaldırılması üçün vacibdir.
Azərbaycanda bir çox beynəlxalq ekspedisiyalar çalışır. Onların kimliyini və nə məqsədə xidmət etdiklərinə diqqət yetirmək qonaqpərvərliyimizə ləkə gətirməz…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 405