«Molotov kokteyli»? Həşiş qatranı? Böyük pul?
MTN və Baş Prokurorluğun “Nida” Vətəndaş Hərəkatının 3 üzvünün həbsi barədə yaydığı birgə məlumat bizə görə son dərəcə düşündürücüdür. «Molotov kokteyli» əgər radikal gənclərin ağlında yer alırsa, əgər kütləvi iğtişaşların bu ayrılmaz elementi Bakı küçələrinə də gəlirsə… Özü də həşiş qatranının müşayiəti ilə… Sosial etirazların bu kimi arzuedilməz formalar ala bləcəyinin bir addımlığında olduğumuzu ağlımıza gətirirdikmi? Amma bu ola bilərmiş.
Sözügedən birgə məlumata istinadən, martın 10-da nəzərdə tutulan razılaşdırılmamış aksiyada insanları zorakılığa və vətəndaş qarşıdurmasına təhrik edəcək 3 şəxs barəsində daxil olmuş əməliyyat məlumatları cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarları əsasında araşdırılıb.
MTN və Baş Prokurorluq əməkdaşlarının birgə axtarış tədbirləri nəticəsində 1993-cü il doğumlu, 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkanın içərisində tez alışan «Molotov kokteyli», 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana aşkarlanıb. Eyni zamanda 1995-ci il doğumlu, “Odlar Yurdu” Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd «Molotov kokteyli», 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı tapılıb. Həmçinin 1992-ci il doğumlu, BDU 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Binəqədi rayonu, Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram qurudulmuş marixuana, üzərində «təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan» sözləri yazılmış 28 ədəd vərəqin kserosurəti aşkar edilərək götürülüb.
Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində CM 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Bəxtiyar Quliyev və Şahin Novruzlu CM 234.1 və 228.1-ci maddələri, Məmməd Əzizov isə həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulublar.
İlkin istintaqla müəyyən edilib ki, hər üç şəxs 2012-ci ilin ortalarından etibarən internet vasitəsi ilə «Nida» Vətəndaş Hərəkatının üzvləri və narkotik aludəçisi olmaqla, təşkilatın bir sıra qanunsuz tədbirlərində fəal iştirak ediblər. Onların yaşadıqları mənzillərdən aşkarlanmış “Molotov kokteyli” adlanan tezalışan maye onlar tərəfindən hazırlanıb.
Bundan başqa, bu il yanvarın 26-da keçirilmiş qanunsuz aksiyanın iştirakçısı M.Əzizov sosial şəbəkələrdəki yazışmalarında dinc aksiyaların fayda vermədiyini, insanlar arasında vahimə yaratmaq effekti verən “Molotov kokteyli”ndən istifadənin lazım olduğunu bildirib, aksiyanın digər iştirakçısı B.Quliyev “Facebook” sosial şəbəkəsində Ş.Novruzlu ilə yazışmaları zamanı növbəti aksiyaların daha səmərəli keçməsi və əhalinin aqressiv addımlar atması üçün “Molotov kokteyli”, səs və tüstü şaşkalarından istifadənin zəruri olduğunu müzakirə edib və sonuncu artıq 10 ədəd “Molotov kokteyli” hazırladığını qeyd edib.
Ş.Novruzlu bu il fevralın 23-də “facebook”dakı profilində “Molotov kokteyli”, səs və tüstü şaşkalarının kustar üsulla hazırlanmasını öyrədən videomateriallar yerləşdirib.
Martın 10-da saat 16.00-da Fəvvarələr meydanında planlaşdırılan etiraz aksiyası zamanı Ş.Novruzlu “facebook”da martın 1-də yaratdığı səhifədə “Molotov kokteyli”ndən istifadənin lazım olduğunu bildirib, həmin gün çoxlu sayda “Ven Detta” maskası alaraq sonradan digər şəxslərlə paylaşıb. Bundan başqa, Ş.Novruzlu “facebook”da naməlum şəxslə yazışmalarında tüstü şaşkasının hazırlanmasında istifadə olunan kalium duzunun əldə edilməsi ilə bağlı müzakirələr də aparıb.
Hazırda aşkar edilmiş “Molotov kokteyl”lərinin harada və kimlər tərəfindən hazırlanması, narkotik vasitələrin hansı mənbədən əldə edilməsi və gənclər tərəfindən istifadə edilməsi, o cümlədən Ş.Novruzlunun mənzilində aşkar edilmiş 94.0 min manatın hansı mənbədən əldə edilməsi və gələcəkdə nə məqsədlə istifadə olunacağının araşdırıldığı, istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilir.