Muəllif:

Möhlət Müslümov: “Həm mənim, həm də tarımın hələ də borcu qalıb”

Dövlət Televiziyasının Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblınn bədii rəhbəri, xalq artisti Möhlət Müslümov ömrün 60-cı ilinə ayaq basdı. Peşəkar musiqiçinin bizimlə söhbətində söz onun yaradıcılq yolundad düşdü:

— Bu çətin yolu keçmək mənim üçün asan olmadı. Keçdiyim yolu düşünəndə şərəf duyuram ki, xalqımızın mədəniyyət dünyasının kimliyi olan tar alətinə mən də sahib olmuşam. Bu gün fərəh hissi ilə deyirik ki, “dünyanın şah aləti” adlandırılan tar bizim Azərbaycana məxsusdur.
Tar dünya alətləri səviyyəsinə çatdı və UNESCO tarı “Şah alət” elan etdi. Bu hadisə bir tarzən kimi məni çox sevindirdi.

Həyatımda tarın əvəzsiz rolu var. Tarı həmişə uca tutmağa çalışmışam. Əgər mən tarı uca tutmağı bacarmışamsa, deməli, mən öz şəcərəmi, öz xalqımı uca tutmağı bacarmışam. Tarımla 40-dan çox ölkəni gəzmişəm. Dünyanın bir çox radiolarında, televiziyalarında müxtəlif ifalarım səslənir. Tar mənə bu şöhrəti gətirdi, xalqıma sevdirdi, dövlətim isə mənə qiymət verdi.

— Bu gün sənətinizdə gördüyünüz işlər ürəyinizcədirmi?

— Ürəyimcədir. İndi mən əvvəlkindən çox işləyirəm. İnanmazdım ki, mənim bu yaşda bu qədər işim olar. Amma hələ də özümü borclu sayıram. Çünki, həm mənim, həm də tarımın hələ də borcu qalıb. Bunun üçün gecə-gündüz Allaha dua edirəm ki, işğal altında olan torpaqlarımız azad olsun, mən və tarım o torpaqlarda mənəvi borcumuzu bütövlükdə ödəyək.

Tar sirli bir aləmdir. Onun sehrinə hər kəs bələd ola bilməz. Qurban Pirimovun şəkillərinə diqqət yetirəndə görmək olur: tar ona ahıl yaşında da gözəl yaraşırdı. Tar 5-10 yaşında da insana yaraşır, gəncliyində də, ortayaşlı olanda da. Gərək tarı sevməyi bacarasan. Tar özü sənə doğmalığı hiss etdirəcək. Tarın ululuğu bundadır.

— Gənc tarzənlər ustad tarzənlərin yolu ilə gedirlər?

— Deyim ki, gənc tarzənlər tar sənətinə çox böyük qiymət verirlər. Onların fəaliyyətləri təqdirə layiqdir. Düşünürəm ki, bu günkü tarzənlər və gələcək tarzənlər milli sənətimizi dünyada layiqincə təmsil etməyə qadir sənətkar olacaqlar. Bu gün bizim xalq musiqisinə, muğama, milli musiqi alətlərinə verilən qiymət bu günkü nəslin gələcək həyatında mühim rol oynayır. Gənclərin milli dəyərlərə üstünlük vermələri həm kimliyimizi unutdurmayacaq, həm də gələcəkdə xalqımızın dünyada təbliğində müstəsna rol olacaq. Artıq tarı sevənlər daha da çoxalıb və gözəl tarzənlər dəstəsi yetişir. Mənim oğlum Rüstəm Müslümov da tarzəndir. Düşünürəm ki, bizə ərmağan olunan ulu tarı, biz də könül rahatlığı ilə gələcək nəsillərə ötürə biləcəyik. Tar ehtibarlı əllərdədir.

— Tarda klassik və dünya musiqisinin səslənməsinə necə qiymət verirsiniz?

— Mən də muğamdan əvvəl xarici əsərlər ifa edirdim. İlk əvvəllər Qərb bəstəkarlarını, Şərq bəstəkarlarını, klassik milli əsərlərimizi ifa edirdim. Daha sonra sırf muğam ifa etdim. Bir neçə dəfə də Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin iki il öncə yazdığı əsərləri Hyüstonda Amerikanın ən böyük səhnəsi olan Qrand-operada Amerika musiqiçilərilə bir yerdə ifa etmişəm. Bu, tarın qələbəsidir! Məsələn, Amerikada konsertlərin birində cürbəcür alətlər ilə birgə biz də tarda, kamançada ifa edirdik. Konsert proqramında həm əsərlər, həm də muğam ifa olunurdu. Burada çox gözəl orkestrovka yarandı. Yəni ki, yüksək professional şəkildə. Mən bu kimi işin tərəfdarıyam. Nə qədər çətin olsa da, bu işin öhdəsindən gələ bilirik.

— Tarı alanda könlünüzdən ilk hansı muğamı ifa etmək keçir?

— 7 əsas muğam var. Muğamlarımızın hamısı bizə əzizdir. Mən muğamları bir-birindən heç zaman ayırmıram. Təvazökarlıqdan uzaq olsa da, demək istərdim ki, mənim üçün qəliz, çətin ifa olunan muğam yoxdur. Professoram, neçə illərdir muğamı tədris edirəm. Mənə hər zaman deyirlər ki, sənin ürəyinə yaxın hansı muğamdır? Cavabımda “Segah” muğamıdır — deyirəm. Çünki, muğamlar Şərq dünyasında var. Amma ən güclü muğam Azərbaycana məxsusdur. “Segah”a olan sevgim isə, Şərq xalqlarının muğamında olmayan xüsusiyyətinin olmasıdır. “Segah” muğamı biz azərbaycanlıların ifasında gözəl alınır.

— Bu gününn “Muğam müsabiqəsi” festivalında iştirak edən gənclərin gələcəkdə ustad sənətkar olmaqlarına güman varmı?

— Bu müsabiqənin dünyanın heç bir yerində analoqu yoxdur. Çünki, bu səviyyədə belə müsabiqə görünməyib. İstedadlı və bacarıqlı gənclərimizi 3-4 ayın içində dünyaya tanıdırlar. I Muğam müsabiqəsində mən də münsiflər heyətində idim. O gündən bu günə qədər çox güclü ifaçılar yetişdi. Bugünkü müsabiqənin iştirakçılarına nəzər salsaq görərik ki, hələ çox gəncdirlər. Onlar da sənətdə öz sözlərini zamanla deyəcəklər. Əvvəllər Səmərqənd şəhərinə muğam simpozumları keçiriləndə, sözün yaxşı mənasında həsəd aparardıq ki, nəyə görə orada beynəlxalq müsabiqələr, simpoziumlar keçirilir, amma muğamın beşiyi Azərbaycanda yox. Bir sənətkar kimi, ifaçı kimi dövlət səviyyəli tədbirlər hər zaman ürəyimizdə idi. Şükürlər olsun Allaha, bu istəyimizə də çatdıq. Artıq hər iki ildən bir Muğam müsabiqəsi keçirilir. Bütün dünyanın diqqət mərkəzi bura yönəlib.

— Pedaqoq kimi bu gün gənclərin dərs prosesləri, musiqini qavramaqları haqqında nə deyə bilərsiniz? Məsələn, tələbələr muğama, milli musiqiyə qulaq asdığı zaman diqqətini mobil telefona yönəldir.

— Bəli, belə hallar olur. Bəzən musiqiyə qulaq asdığın zaman kənardan bir çox səslər gələ bilər. Amma muğam çox müqəddəsdir. Muğamı dinləyəndə gərək sənin ruhun, fikrin, düşüncən yalnız ona bağlansın. Bunun üçün muğama hörmət olunmalıdır. Muğama yüksək dəyər verən gənclərimiz də var.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 972