Muəllif:

Misirdə inqilab prezidenti «yedi»

Ankara

Yaxın Şərqin ən mühüm ölkələrindən birinə il yarım əvvəl gələn demokratiya ümidləri əsgər çəkmələrinin altında qaldı. Demokratiya, azad seçki məhfumları 30 illik diktatorluqdan sonra bir il əvvəl ilk prezidentini seçən Misir cəmiyyətinin boğazından keçmədi. Ordu xalqın seçdiyi hakimiyyəti devirdi, milyonlarla misirli Təhrir meydanında tankların qarşısında atılıb-düşərək Misirin kim bilir daha neçə illik müddətə dəfn edilməsini alqışladı. Misirdəki hərbi çevriliş yalnız bu böyük ərəb ölkəsi üçün deyil, beynəlxalq birlik üçün də biabırçı bir demokratiya imtahanı oldu. XXI əsrin əvvələrində Qərb bir regionun ən mühüm ölkəsində bir xalqın iradəsinin əsgər çəkməsinin altına alınmasına, demokratiya ümidlərinin qətl edilməsinə göz yumdu. Bəlkə də sanksiya verdi demək daha doğrudu. Eynilə Türkiyədə 1960-cı, 1980-ci, 1997-ci illərdəki çevrilişlərə sanksiya verdiyi kimi! Eynilə 1993-cü ildə Azərbaycanda xalqın seçdiyi iqtidarın hakimiyyətdən getməyinə sanksiya verdiyi, göz yumduğu kimi!
Amma mən bu yazıda nə Misirdə vəziyyətin niyə bu yerə gəldiyini, nə də gün kimi ortada olan riyakar dünya siyasətini analiz etmək niyyətindəyəm. Yaxın günlərdə və həftələrdə yəqin ki, bu hadisəni dərin-dayaz şərh edənlər çox olacaq. Mənim üzərində durmaq istədiyim Türkiyədə və xüsusilə də Azərbaycanda Misirdəki çevrilişə verilən «əcəb oldu» tonundakı reaksiyalar, «demokratiya üçün lazımdırsa, çevriliş də eləmək olar» şəklindəki cahil «analizlər» , «Mən çevrilişə qarşıyam, amma…» ilə başlayan üstüqapalı çevriliş dəstəkçiliyidir.
Türkiyədə bu mövqedən çıxış edənləri bir yerə qədər anlayıram. İllərlə militarist «demokratiya»nın mövcud olduğu və hələ də onun fəsadlarını yaşayan bir ölkədə seçki qutusundan çıxan nəticəyə deyil, generalların ağzından çıxan kəlməyə müntəzir dayanan siyasətçilər və onların dəstəkçilərinin, davamçılarının o günlərin xiffətini çəkməsi bir yerə qədər anlaşılandır. Bu qəbildən olan siyasətçilər, media təmsilçiləri, ictimai fiqurlar «darbeye karşıyım, ama…»lı cümlələrlə əslində Ərdoğanın 10 illik iqtidarı dövründə mümkünsüz hala gələn çevrilişlərin xiffətini çəkdiklərini ifadə edirlər. Bu xiffət Misirdəki çevrilişdən əvvəl Türkiyədəki Gəzi Parkı etirazlarında da bir çoxları tərəfindən «ordu əvvəlki ordu olsaydı» şəklindəki ah-uflarla ifadə edilmişdi. Misirdə ordu xalqın seçdiyi iqtidarı devirdikdən sonra parlamentdə, sosial mediada, mediada səslənən «Ərdoğan dərs alsın», «Bəlkə müdaxilə doğru deyil, amma Mursi də ölkəni bölürdü» kimi fikirlərin altında gizlənən də bu xiffətdi…
Bunu başa düşdük. Amma mən azərbaycanlıların, xüsusilə də 1993-cü ildəki hakimiyyət dəyişikliyinin qurbanı olan, bunu birbaşa dərisində hiss edən insanların, Azərbaycanda xalqın iradəsinin hakim olmadığından şikayət edən, azad seçki şüarıyla mübarizə aparan vətəndaşların reaksiyalarını anlamaqda çətinlik çəkirəm. Bu nə çevriliş sevgisidi, xunta azarkeşliyidi — izahını tapa bilmirəm. Bəziləri Mursinin seçildikdən sonra antidemokratik yollarla səlahiyyətlərini artırmağa, ölkəyə şəriət qaydalarını gətirməyə çalışdığını, cəmiyyəti parçaladığını, avtoritarlaşdığını əsas gətirərək «yaxşı oldu» mövqeyindən çıxış edirlər, Təhrirdə ordunu alqışlayanların da xalq olduğunu bildrirlər. Doğrudur. Mursi uzun illər diktatorluqla idarə olunan bir ölkənin yetişdirdiyi və üstəlik, bu illər boyu əzildiyi üçün içində bir qəzəb, intiqam hissi bəsləyən bir cinahı təmsil edən siyasətçiydi. Misir kimi, Mursi də demokratiyaya hazır deyildi və bir il ərzində atdığı bir çox addımlar səhv idi. Amma bu, hərbi çevrilişə haqq qazandırmaq üçün keçərli arqument deyil. Bu arqumentlər yalnız Mursini Təhrir meydanına toplanan milyonlar yola salsaydı, yəni Misirin xalq tərəfindən seçilmiş prezidenti çevrilişlə deyil, seçkiylə və ya ikinci bir inqilabla devrilsəydi, keçərli ola bilərdi. Bunun əksini iddia etmək demokratiyanın «d»-sindən belə xəbərsiz olmaq deməkdi.
Əslində bir çoxları üçün məsələ Mursinin antidemokratik addımları da deyil. «Dünyəvi» azərbaycanlıların eynilə Türkiyə nümunəsində olduğu kimi, Misirdə də hər hansı yolla olur-olsun (!) iqtidarın devrilməsini arzulamasının əsas səbəbi bu iqtidarların dindar olmasıdı. Azərbaycanda iqtidarın və bu iqtidarın dayağı olan polisin zorakılıqlarına səsini çıxara bilməyən, hətta bir çox hallarda bu zorakılıqları dəstəkləyən, iş Türkiyəyə, Misirə gəlincə «xalq tələbi»ni xatırlayan «səmimi», «dünyəvi» azərbaycanlıları bir kənara qoyuram. Mən Azərbaycanda seçkisizliyin, saxtakarlığın, səs oğurluğunun qurbanı olan «demokratların» xalqın seçdiyi iqtidarları dindar olduğu üçün aşağılamasını, təhqir etməsini, «devrilməyə layiq» görməsini başa düşməkdə çətinlik çəkirəm. Dindar olduğu üçün bir xalqın böyük hissəsinin səs verdiyi iqtidarı xor görməyin adı faşistlikdi, bolşeviklikdi. Hələ bu yanaşmanı bir ölkənin özünə demokrat deyən, xalqın iradəsinin hakim olmasını istədiyini, bunun üçün mübarizə apardığını iddia edən insanları nümayiş etdirirsə, o ölkənin də, demokratiyanın da başı sağ olsun…
Demokratiya bizim sevdiklərimizin, bizimlə eyni düşünənlərin iqtidar olması demək deyil. Demokratiya xalqın əksəriyyətinin iqtidarıdı və mövcud olan üsul-idarələrin içərisində ən yaxşısıdı. Demokratiya üçün mübarizə apardığımızı iddia ediriksə, «mənimki-başqası», «doğma-yad», «dünyəvi-dindar» ayrımı qoymadan «xalqın iradəsi hakim olsun» prinsipini içimizə, ruhumuza, vicdanımıza sindirməyə məcburuq. Əlbəttə, demokratiya sadəcə seçkidən ibarət deyil; əlbəttə, siyasətçilərin demokratik yolla iqtidara gəldikdən sonra avtoritarlaşmasına qarşı çıxmaq lazımdır; əlbəttə, iqtidarlara xalqın iradəsini yalnız seçki günü deyil, hər gün xatırlatmaq lazımdır, amma məhz XALQIN İRADƏSİni, ordunun, silahlı gücün, generalların deyil! Gücünüz varsa, xalqın dəstəyini alaraq antidemokratik saydığınız addımlara qarşı çıxarsınız, avtoritar, diktator saydığınız iqtidarı xalqla birlikdə dəyişərsiniz. Gücünüz yoxdursa, «niyə yoxdur, o biri niyə məndən güclüdür» sualı üzərində baş sındırıb güclənməyə çalışarsınız. Gerisi bəhanədir…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 207