Muəllif:

Mirzə Ələkbər Sabir sağ olsaydı…

Ankara
Bundan sonra 4 aprel Hüquq müdafiəçilərini beynəlxalq müdafiə günü kimi qeyd ediləcək. Bu qərar qaynar bölgələrdə işləyən 120 hüquq müdafiəçisinin Stokholmda keçirilən forumunda qəbul edilib. Forum məşhur «Civil rights defenders» təşkilatı tərəfindən təşkil edilib. Görüşdə Amnesty International, Human Rights Watc, Human Rights House Foundation, FIDE, Freedom House, Froneline Defenders nümayəndələri də iştirak edib.
4 aprel tarixinin seçilməsi məşhur Amerikalı ruhani və hüquq müdafiəçisi Martin Lüter Kinqin həmin gün öldürülməsi ilə əlaqədardır.
Hər il aprelin 4-də hüquq müdafiəçilərinə mükafatlar təqdim ediləcək. İlk laureat serbiyalı hüquq müdafiəçisi Nataşa Kandiç oldu. Forumun işində BMT-nin insan hüquqları üzrə xüsusi nümayəndəsi Marqaret Sekaqya da iştirak edib.
Mükafatı təqdimetmə mərasimində Eurovision-2012 qalibi Lorin və digər isveçli ifaçı Ane Brun da hüquq müdafiəçiləri ilə həmrəylik nümayiş etdirib.
Bir dünyanın işinə bax! Hüquq müdafiəçilərinin hüquqlarını müdafiə etmək zərurəti yaranıb. Yəqin ki, bir qədər keçəndən sonra hüquq müdafiəçilərinin hüquqlarını müdafiə edənlərin hüquqlarını müdafiə etmək zərurəti yaranacaq. Bu zənciri sonsuza qədər davam etdirmək olar. Bir də kimi kimdən qoruyacağıq?! Nəticə etibarı ilə özümüzü özümüz kimilərdən! Sözsüz ki, söhbət zahiri parametrlərdən gedir.
Düşünürəm! Düşünməkdən başqa nə əlacım qalıb ki?! Hələlik düşünmək olar. Düşünmək haqqımızı hələ ki məhdudlaşdırmayıblar. Düzdür, nə düşündüyünü dilinin ucuna gətirməsən, yaxşıdır, çünki bu halda məsələ ifadə və söz azadlığı müstəvisinə keçir və ciddi problemlər yaranır. Bir sözlə, işin çox fəna olur.
Amma düşünməyə başlayandan sonra danışmamaq da çox çətin məsələdir. Bu düşünmək bacarığı, necə deyərlər, çox köpəkoğlu şeydir. Səni rahat oturmağa qoymur. Bizləyir, bizləyir və axır ki, danışmağa və suallar verməyə məcbur edir. İnsanı düşünmək bacarığından məhrum etməyin yolunu tapsaydılar, həm özlərini, həm də bütün bəşəriyyəti rahatlamış olardılar. Problemsiz bir sivilizasiya yaradılardı. Bu, elmin ən böyük kəşfi olardı. Axı əslində bütün gerçək problemlər bizim düşünmək bacarığımızın məhsuludur. Düşünmürsənsə, sənin üçün heç bir problem mövcud deyil. Və deməli, «nədən», «nə üçün» suallarını verib özünü və başqalarını qıcıqlandırmaq, cəmiyyətdə etiraz və narazılıq ovqatı yaratmaq imkanı aradan qalxır. Düşünməyən insan narazı ola bilməz. O, özünü bütün hallarda tam xoşbəxt insan sayır. Onu çirkab dolu bir quyuda yaşamağa məcbur etsələr belə…
Nə edim ki, hələ tam xoşbəxt insan deyiləm. Bəzi çox bəsit gerçəkliklər haqda olsa da, düşünmək bacarığını tam itirməmişəm. Daha dəqiq desəm, bütün məsələlər haqda olmasa da, bəzi problemlər haqqında düşünməyə cəsarətim hələ ki var. Hər şey haqqında düşünməyi nə özümə, nə dostlarıma, nə də düşmənlərimə rəva görürəm. Heç kim qadağan etməyib. Özüm özümə qadağan etmişəm. Başqalarını bilmirəm, amma mən sərhəd-sınır bilmədən düşünməyə başlasam, dilim də dinc durmaz. Amma yenə də özümün özüm üçün sərhədlərini cizdiyim «düşüncə azadlığı» çərçivəsində belə başağrıdan qaçılmaz suallar meydana çıxır.
Bu hadisə 1993-1998-ci illər arasında baş verib. Siyasi senzuranın tətbiq olunduğu dövrlər idi. Heç yadımdan çıxmaz. Senzura «Azadlıq» qəzetinin birinci səhifəsindən Mirzə Ələkbər Sabirin, dəqiq yadımda deyil, hansısa bir şeirini çıxarmışdı. Yeri boş qalmışdı. İndi mənə bir sual rahatlıq vermir: Mirzə Ələkbər Sabir müasirimiz olsaydı, başına nələr gələrdi? Dahi şairin iki müxtəlif şeirindən misal gətirmək istəyirəm:
«Ax!.. necə kef çəkməli əyyam idi, Onda ki, övladi-vətən xam idi! Öz həqi-məşruni bilməzdi el, Çöhreyi-hürriyyətə gülməzdi el, Gözlərini bir kərə silməzdi el, Qəztəyə, jurnalə əyilməzdi el, Daim eşitdikləri övham idi, Ax!.. necə kef çəkməli əyyam idi!». «Fəhlə, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
İnsan olanın cahü-cəlalı gərək olsun,
İnsan olanın dövləti, mali gərək olsun,
Hümmət demirəm, evləri ali gərək olsun?!
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Hər məclisi-alidə soxulma tez arayə,
Sən dur ayaq üstə, demə bir söz ümarəyə,
Caiz deyil insanca danışmaq füqarəyə?!
Dövlətlilərə kəndini yeksanmı sanırsan?!».
Vallah, o kişi, nəcə deyərlər, lap qurd ürəyi yeyibmiş. Sərhəd-sınır bilmirdi. 100 il öncə hər şey haqda düşünüb-danışmaq cəsarətinə malik idi. Bu amansız satiranın dövrünün sınırlarını belə aşması, necə deyərlər, XXI əsrdə də aktual olması, Mirzə Ələkbər Sabirin böyüklüyünün, bizim isə cılızlığımızın göstəricisidir. Axı əgər 100 il sonra da o aktualdırsa, o qadağa altındadırsa, deməli, biz bir toplum kimi heç dəyişməmişik.
Amma sualım da cavabsız qalmamalıdır. Variantlar o qədər də çox deyil. Birincisi və ən dəhşətlisi, böyük Sabir bizlərdən birinə çevrilə bilərdi. Yəni ən yaxşı halda düşünüb-danışdıqlarının sərhədini-sınırını özü cizərdi. Bu, bizim bir toplum olaraq özünütəkmilləşdirmə, yəni təkamül prosesində düzgün istiqamətdə irəlilədiyimizin sübutu olardı. Yəni sübut etmiş olardıq ki, biz tam xoşbəxt olmağa 100 il əvvəlkindən daha yaxınıq. Düşünürəm ki, bu, kifayət qədər gerçək variantdır.
İkincisi, yenə də ən yaxşı halda, onun hüquqlarının müdafiəsi komitəsini yaratmaq məcburiyyətində qalardıq. Bu variantın daha faciəvi halı da var. Böyük Sabir Elmar Hüseynovun və Rafiq Tağının taleyini də yaşaya bilərdi.
Bütün bu dediklərimin elə bir tətbiqi əhəmiyyəti yoxdur. Şeirləri bu gün də aktual olsa da, böyük Sabir tarixdə qaldı. Amma düşünürəm ki, bu gün insan hüquqlarının müdafiəsi sahəsində daha bir, özü də beynəlxalq mükafat təsis etmək lazımdır. Söhbət ən bəsit insan haqlarını tapdalayanların hüquqlarını müdafiə edən hüquq müdafiəçilərindən gedir. Özü də əminəm ki, bu beynəlxalq mükafatın ilk sahibi Azərbaycan Respublikasının vətəndaşı olacaq.
Keçmiş «vicdan məhbusumuz», bu gün isə onu «vicdan məhbusu»na çevirənlərin Azərbaycan adlandırdığımız Vətəni sonsuza, amma bəlkə də enerji qaynaqlarımız tükənənə qədər soyub-talamaq imkanını qoruyub saxlamaq üçün ayrılıqda hər bir fərdin, bütövlükdə toplumun ən bəsit haqlarını tapdalayanların hüquqlarını müdafiə edən hüquq müdafiəçimiz bu mükafatı almağa hamıdan çox layiqdir. «Kamilliyin» bundan da yüksək mərtəbəsi ola bilməz. İnsan onu illərlə dəmir barmaqlıqlar arxasında saxlayanları əfv edir. Onların bundan sonra başqalarını, o cümlədən vaxtı ilə «vicdan məhbusu»nun azadlığa çıxması uğrunda mübarizə aparanları dəmir barmaqlıqlar arxasına göndərməsi hüququnun qorunub saxlanması uğrunda mübarizəyə qalxır. Əminəm ki, bu keyfiyyətlərinə görə bizim keçmiş «vicdan məhbusumuz»la heç kim rəqabət apara bilməz. Və biz doğrudan-doğruya, fırıldaqsız, «pripiskasız», «qara kürü diplomatiyasından» istifadə etmədən dünya birinciliyini qazanarıq…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 406