Minsk Qrupunun son təklifləri BMT-nin məlum qətnamələrinə uyğun gəlmir
Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflərə bir sıra təkliflər təqdim edib.Bu barədəATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse spikeri Bahar Muradova bildirmişdir. Vitse-spiker deyib: “Əgər Azərbaycanla Ermənistan münaqişəni özü həll edəcəkdisə, ATƏT-in Minsk Qrupuna nə ehtiyac vardı?” (APA)
Muradova qeyd edib ki, edilən təkliflər Ermənistanın işğal etdiyi torpaqları azad etməsi ilə bağlı BMT – nin 4 qətnaməsi ilə uyğun gəlmir:
“İrəli sürülən təkliflər iqtisadi əlaqələrin yaradılması, inam və etimad doğuran tədbirlərin həyata keçirilməsi, qoşunların təmas xəttindəki snayperlərin geri çəkilməsi, Azərbaycan və Ermənistan prezidentlərinin qarşılıqlı kompromisə gələrək münaqişənin birdəfəlik həlli ilə bağlı bir variant üzərində dayanmasıdır. Lakin BMT-nin 4 qətnaməsi və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, beynəlxalq hüquq normaları tələb edir ki, Ermənistan ilk əvvəl işğal etdiyi torpaqları azad etməli, qaçqın və köçkünlər öz yurdlarına qayıtmalıdır. Bundan sonra hansısa əlaqələrdən danışmaq olar. Amma indi onlar yuxarıda sadaladığım belə bir təkliflə çıxış edirlər. Əgər Azərbaycanla Ermənistan özləri münaqişəni belə həll edəcəkdisə, o zaman ATƏT-in Minsk Qrupuna nə ehtiyac vardı? Əgər Minsk Qrupu bu münaqişənin həllinə çalışırsa, ilk növbədə qəbul etdiyi sənədə və BMT-nin qətnamələrinə əsaslanmalıdır”.
Muradova deyib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT Minsk Qrupunun konfransının çağırılmasının əleyhinədir, halbuki ATƏT PA — nın son yay sessiyasında irəli sürülən bu təklif Minsk Qrupuna daxil olan bir çox ölkələr tərəfindən dəstəklənir: “Lakin ermənilər bunu nədənsə süngü ilə qarşıladılar, etiraz elədilər. Belə bir gülünc arqument də irə
li sürdülər ki, əgər Minsk Qrupunun konfransı çağırılsa, Cənubi Qafqazda vəziyyət yenidən 20 il əvvəlki müharibə vəziyyətinə qayıdacaq. Qarşılıqlı ziddiyyətlər, sonu görünməyən proseslər baş verəcək. Onlar dünya birliyini münaqişənin eskalasiyası ehtimalı ilə qorxutmaq istəyirlər. Amma Minsk Qrupuna üzv ölkələrin ixtiyarı var ki, konfransın keçirilməsini təmin etsinlər və münaqişənin həllinə töhfə verə biləcək yeni addımların müəyyənləşməsində iştirak etsinlər”.
B. Muradova bildirib ki, konfransda başlıca olaraq münaqişənin həlli ilə bağlı iştirakçı üç üzv dövlətdən hesabat tələb ediləcək.