Minlərlə «traktorçu» Təbriz küçələrində bayram edib
Təbrizin “Traktor” futbol komandasının Asiya Çempionlar Liqasında «Əl-Cəzirə» (BƏƏ) komandasını 3:1 hesabı ilə məğlub etməsi əhali tərəfindən böyük coşqu ilə qeyd edilib. Təbrizli soydaşlarmızdan APA-ya daxil olan məlumata görə, oyun yerli vaxtla saat 17:00-da Təbrizin “Səhənd” stadionunda keçirilib. 72 min nəfərlik stadionda 100 mindən çox fanatın yer aldığı bildirilir. “Traktor” tərəfdarları 90 dəqiqə boyunca “Yaşasın Azərbaycan!”, «Azərbaycan var olsun istəməyən kor olsun!”, “Türk dilində mədrəsə!” şüarları səsləndirib, ingilis dilində “South Azerbaijan is not Iran!” pankartı qaldırıblar. Stadiona gedə bilməyən insanlar bazarlarda, dükan və emalatxanalarda oyunu televiziyadan izləyiblər. “Traktor”un qələbəsi ilə sona çatan oyun bitən kimi 10 minlərlə tərəfdar küçələrə axışaraq, xalq mahnıları sədası altında rəqs ediblər. Hətta avtomobil yollarında nəqliyyat dayandırılıb, Təbriz küçələri “Traktor” bayraqları ilə bəzəbilib.